Cahangir Zeynallı -70

Kino dünyasının möcüzəsinə qapılanlar, ömrünü bu sirli aləmə həsr edənlər necə bir fərqliliyin içində olduğunu yaxşı bilirlər və digər sahənin adamlarından dünyagörüşləri ilə seçilirlər. Çünki Kino, cansız hekayələrin görüntüsünü yaradaraq, ona həyat verib tamaşaçı auditoriyasına göstərən, reallığa yaxın olduğu qədər də, reallıqdan uzaq bir dünyanın təqdimatçısıdır. Bu təqdimatda rejissorların üzərinə böyük məsuliyyət düşür. Və hər bir rejissor bu məsuliyyət hissini qorumaq məcburiyyətindədir, məhz ona görə ki, onun ardınca apardığı tamaşaçı ordusu var.

Tamaşaçı ordusunun fikrini, düşüncəsini daima nəzərə alan, tamaşaçı zövqünün formalaşamasında rol oynayan Cahangir Zeynallı o rejissorlardandır ki, bəhs etdiyimiz məsuliyyətin məcburiyyətdən başqa bir arzu, istək, bəlkə daha vacib olduğunu yaxşı dərk edib və bu onun filmlərinə də sirayət edib.

70 yaşın zirvəsinə yüksələn, kinorejissor Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə doğulub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb(1970-1975). Təhsilini başa vurduqdan sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Onlarla sənədli filmə – “Sirk mənim həyatımdır” (1978), “Dostlar görüşəndə” (1980),  “Neft çağırır”(1980), “Son söz” (1981), “Şeir mənim üçün bir kainatdır”91984), “Əbədi iz” (1985), “Sumqayıt yenidənqurma yolu ilə” (1987), “20 yanvar” (1990), “Azəreloktramas”(1992), “Əsrin kontaktı”(1996) və s. quruluş verib.

Yeri gəlmişkən, Sovetlər Dönəmində, hər sahədə Azərbaycanın adı bir ölkə olaraq sadəcə birliyin tərkibində hallandrlıa bilirdi. Belə bir vaxtda Cahangir Zeynallı, kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Neft çağırır” sənədli filmində Qərbi Sibirdə çalışan Azərbaycan neftçilərinin fədakar əməyindən bəhs edərək cəsarət nümayiş etdirmişdi.

Yazıçı Anarın “Əlaqə” povesti əsasında ekranlaşdırdığı eyniadlı filmdə isə “Yer kürəsinin adamları arasında əlaqə varmı?..” düşündürücü aktual olan mövzu ətrafında, müsəlman və xristian dini mahnıların sədaları altında yeni həyat başlanmasını tamaşaçılara mesaj kimi çatdırıb.

C.Zeynallı uzun illər Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində dərs deyib, Azərbaycan incəsənətinin təbliği ilə məşğul olub.

Rejissor kino sənətinin inkişafındakı xidmətlərinə görə, Azərbaycanın əməkdar incəsənət xadimi(2000) fəxri adına layiq görülüb. Bundan başqa, 2019-cu ilin Kino günündə, milli kinematoqrafiya qarşısındakı xidmətlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən fəaliyyəti yüksək qiymətləndirilərək ittifaqın illik mükafatı ilə təltif edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, görkəmli kinorejissorumuz Cahangir Zeynallını 70 illik yubiley yaşı münasibətilə təbrik edir, yeni-yeni  yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı