Dekabrın 19-da Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallının 75 illik yubileyi qeyd olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbiri Nizami Kino Mərkəzində keçirildi.
Tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti Şəfiqə Məmmədova, ittifaqın katiblərindən – Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Prezidentin fərdi təqaüqdçüsü, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski, rejissor, prodüser Əli İsa Cabbarov, Xalq artisti Valeh Kərimov, və başqaları iştirak edib.
Tədbiri açıq elan edən Cəmil Quliyev, yubilyar haqqında qısa məlumat verdi və iştirakçıları Cahangir Zeynallının yaradıcılığından bəhs edən videoçarxa baxmağa dəvət etdi. Videoçarxda rejissorun müxtəlif illərdə çəkdiyi filmlərdən fraqmentlər nümayiş olundu. Qeyd edək ki, C.Zeynallı rejissorluq fəaliyyəti dövründə önəmli ssenarilər əsasında 40-a yaxın sənədli və bir bədii film çəkib.
Çəkdiyi filmlərdə hələ SSRi dövründə Qərbi Sibirdə çalışan Azərbaycan neftçilərinin fədakar əməyindən bəhs etmək və ya Sovet xalqının alman faşizmi üzərində qələbəsinin 40 illiyinə həsr edilən“Əbədi iz” sənədli filmində Vətən uğrunda düşmənlə ölüm-dirim mübarizəsinə qalxmış döyüşçülərimizin rəşadəti, onların müharibədən sonra əmək cəbhəsində göstərdikləri hünərdən bəhs etmək”, “Əlaqə” filmində “Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?, qəhrəmanlardan birinin verdiyi bu sualın düşündürməsi və “belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik” ismarışını tamaşaçılara çatdırmağa çalışması, amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığını göstərməsi, sonda müsəlman və xristian dini mahnıların oxunması və s. məqamlar rejissorun yaradıcılıq cəsarətini üzə çıxardığı kimi, onun uzaqgörənliyini diqqətə çatdırıb.
Videoçarxdan sonra söz, AKİ katibi Baba Vəziroğluna verildi. B.Vəziroğlu rejissor haqqında ürək sözlərini dedikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən hazırlanmış diplomu və hədiyyəni yubilyara təqdim etdi.
Daha sonra, Cahangir Zeynallı səhnəyə dəvət edildi və iştirakçıları maraqlandıran sualları cavablandırdı. Eyni vaxtda, səhnəyə Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə də çıxaraq öz xatirələrini yubilyarla bölüşdü və bir çox suallarını ona ünvanlayaraq geniş məlumatları tədbir iştirakçılarına çatdırdı.
Sonda Cahangir Zeynallı yubiley gecəsində iştirak edənlərə öz təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkildi.
Aki.az