Cavanşir Quliyevdən “Müşfiq ağıları” oratoriyası

Azərbaycan Kinematoqrafçılar ittifaqının üzvü, Əməkdar İncəsənət Xadimi, bəstəkar Cavanşir Quliyev uzun müddətdir üzərində çalışdığı, özünün dediyi kimi, içində yetişdirdiyi, hər şeyə rağmən inadla yazmaq istədiyi “Müşfiq ağıları” oratoriyasını yekunlaşdırıb. Bu barədə bəstəkar facebook profilində məlumat yayıb. Libretto müəllifi Sabir Rüstəmxanlının olduğu əsər, Azərbaycan poeziyasının Mikayıl Müşfiqin acı taleyindən bəhs edir.

C.Quliyev deyir ki, Müşfiqin faciəsi cəmiyyətə dərs olmadı: “İndi də insanlar ədalətsizliyə, qanunsuzluğa susurlar, kənardan baxırlar. Əsər bütün haqları pozulanlara, o cümlədən özümə  həsr olunur”.

Bəstəkar onu da qeyd edir ki, bir saatdan ibarət olan əsər 13 hissədən(proloq, 6 ağı, 5 qaragüruh, epiloq) ibarətdir.

Xatırladaq ki, Cavanşir Quliyev bir çox kinofilmlərə, “Araqarışdıran”, “Fəryad”, “Qəm pəncərəsi”,”Cavid ömrü”, “Buta” kimi parlaq musiqi həlli ilə  seçilən filmlərin bəstəkarı, Azərbaycan Kinematoqrafçılar İttifaqı  və Peşəkar Kinorejisorlar Gildiyasının peşə mükafatlarının qalibidir.

Aki.az