Cavid İmamverdiyev-50

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru, rejissor, prodüser Cavid İmamverdiyevin yubileydir, 50 yaşı tamam olur.

Cavid İmamverdiyev 28 iyun 1972-ci ildə Bakıda dünyaya göz açıb. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1994-cü ildə Rusiyanın İctimai Televiziyasının nəzdində ali rejissor kurslarını bitirib. 1992-ci ildə “Bakılı oğlanlar” komandasının tərkibində ŞHK-nun çempionu, 1995-ci ildə Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu adına layiq görülüb. 1993-1995-ci illər ərzində “Kim? Nə? Harada?” («Что? Где? Когда?»), “Breyn-rinq” və “İlk baxışdan məhəbbət” («Любовь с первого взгляда») verilişlərinin istehsalçısı olan Rusiyanın “Oyun” Teleşirkətində icraçı prodüser vəzifəsində çalışıb. 1998-ci ildən indiyə qədər fəaliyyətdə olan “Ratio TV” Teleşirkətini yaratmış və bu şirkətdə rejissor, ssenari müəllifi və prodüser kimi bir sıra uğurlu televiziya və kino layihələri həyata keçirmişdir.

2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsinə təyin olunmuş, bir sıra sənədli filmlərin rejissoru, ssenari müəllifi və prodüseri olmuşdur.

O, ssenari müəllifi və rejissor kimi bir çox sayda yubiley, xatirə gecələri və konsert proqramlarına, ölkəmizdə keçirilən bir çox Beynəlxalq Kinofestivalların açılış mərasimlərinə, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Kinofestivalına, Azərbaycan incəsənət xadimlərinin müxtəlif ölkələrdə keçirilən konsert proqramlarına və başqa onlarla kütləvi tədbirlərə quruluş verib.

C.İmamverdiyev eyni zamanda Mədəniyyət Nazirliyinin Beynəlxalq Şöbəsinin tapşırığı ilə Azərbaycan tərəfindən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş filmlərin əksəriyyətinin çəkilişlərində rejissor və prodüser kimi iştirak etmişdir. Kuba, Meksika (2010-cu il) və ABŞ-da (2011-ci il) keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş tədbirlərin bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur.

“Bir dəfə Qafqazda” (2006), “Daşatan” bədii filmlərinin, eyni zamanda “Bakı qalasında gəzintilər” (2003) və “Ey həyat, sən nə qəribəsən” (2009) sənədli filmlərini rejissoru olan C.İmamverdiyevin ssenari müəllifi və rejissoru olduğu, Sovet İttifaqı Qəhrəmanı, polkovnik Həbibulla Hüseynova həsr olunmuş “Qürbətdə qalan məzar” sənədli filmi Belarusun paytaxtı Minskdə MDB ölkələrinin sənədli filmlər festivalında “İnsan taleyi” nominasiyasında mükafata layiq görülüb.

Müəllif mahnılarının istedadlı ifaçısı və Müəllif Mahnısı Klubunun prezidenti olaraq bu yaradıcı ənənənin yaşamasında xüsusi xidmətləri olan rejissor 2021-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru təyin olunub.

Azərbaycan kinematoqrafiyasında fəaliyyətinə görə, 2012-ci ildə “Humay” milli mükafatına layiq görülmüş, 2016-cı ildə isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Cavid İmamverdiyevi yubiley yaşı münasibətilə təbrik edir, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az