Çingiz Rəsulzadə...Daima birlikdə

Kinorejissor Çingiz Rəsulzadənin Meyxoş Abdullahın hekayəsi əsasında yazdığı “Daima birlikdə” ( “Alagöz”, Cinex kino şirkəti, prodüser Mariya İbrahimova) ssenarisi “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsinin qalibidir.

Müharibə mövzusu Rəsulzadənin fimlərində birbaşa və ya dolayı yolla həmişə iştirak edib. “Jestər… Barışıq” sənədlli filmi müharibənin faciəvi, amma qələbə  iə bitmiş sonluğu idisə, “Kuklalar” tammetrajlı bədii filmində  müharibə ancaq filmin son 7 dəqiqəsində olsa da filmin ilk dəqiqələrindən müharibənin nəfəsi duyulur. Gənc qəhrəmanları  müharibə öz dəhşətli burulğanına çəkir, gəncliklərini məhv edir.

“Qarabağ. İnsan. Qələbə” müsabiqəsinin qalibi olmuş “Daima birlikdə” ssenarisində isə müharibə daha yaxından və daha dərindən təhqiq olunur. Kəlbəcər qaçqını Qarabağ cinsindən olan atını “girovluqdan” qurtarmaq üçün qaçqınlıq, əsirlik, qəriblikdə həbsdən keçməli olur. Müəllif atı Qarabağın, bu torpağın çəkdiyi zülümlərin simvoluna çevirməyi bacarıb. “Kuklalar” filmində olduğu kimi burda da müəllif müharibəni ilk olaraq insan taleyi prizmasından verir, müəllif  intonasiyasının səmimilik və orqanikliyinə xəyanət eləmir.

Çingiz Rəsulzadə 20 fevral 1972-ci ildə anadan olub. 1992-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) davam etdirib.

Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “Yuva” (2012)  qısametrajlı bədii filminin quruluşçu rəssamıdır.

2009-cu ildə quruluş verdiyi “Kuklalar” filmi bir neçə Beynəlxalq Film Festivallarının iştirakçısıdır.

aki.az