Çingiz Rəsulzadə…
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor Çingiz Rəsulzadənin vaxtsız ölümü onu sevənləri çox kədərləndirdi. Özünü kinoya həsr edən, yaradıcı duyğuları güclü olan, hər bir filmində vətənpərvər ruha arxalanaraq dünyaya mesaj göndərməyi bacaran rejissorun ömrünün 49-cu ilində sona çatması onun arzularının yarımçıq qalmasına səbəb oldu.
Mərhum rejissor 2010-cu ildə “Fokus” kino jurnalına verdiyi müsahibəsində, “Kuklalar” filmi üzərindəki iş prosesindən danışmış, indi də aktuallığını itirməyən kino problemlərimizə baxışlarını açıqlamışdı.
Sənətşünas Aliyə Dadaşovanın aldığı müsahibəni təqdim edirik.
– Azərbaycan kinosunda işləmək sizə nə öyrətdi?
– “Kuklalar” mənim debüt filmimdir. Həm də bu mənim ilk böyük, ilk bədii filmimdir. Belə olanda istənilən təcrübə – mənfi və ya müsbət fərq etməz – qiymətlidir. Bu filmdə ilk növbədə qazandığım təcrübə adamlarla ünsiyyət təcrübəsidir. Hamımız bilirik ki, kino kollektiv sənətdir. Adətən layihəni götürən rejissor öz komandasını – əvvəllər çəkdiklərini, onu yaxşı başa düşən həmfikirlərini gətirir. Mənim vəziyyətim isə tamam fərqli idi. Gələcək quruluşçu rejissor kimi ssenarimlə gələndə mənim öz aktyorlarımı və operatorumu gətirmək imkanım yox idi. Komandaya düşən hər kəs tamamilə tanımadığım adamlar idilər. Bu situasiya bütün müəllimləri və əlaqələri Moskvada olan, Azərbaycan kinoistehsalında heç bir təcrübəsi olmayan adam üçün çətin idi. Əlbəttə, prodüser mərkəzi mənə kimlərisə təqdim etdi. Operatorlardan başladıq – mən onların işlərinə baxdım və başa düşdüm ki, bu “sənətkarlar”la film çəkmək fəlakətdir. Operatorsa filmin ikinci rejissoru kimi gələcək komandanın sütunudur. Filmin digər həmmüəlliflərinin -rəssamların, bəstəkarların seçimi də bu cür ağır keçdi. Geriyə baxanda sevinirəm ki, filmimizə əsas personajların seçimində inadkarlıq etmişəm. Kimin ki, üzərində israrla durmuşam, məni peşman etmədilər. Bütün istedadını bu filmin təsvir həllinə qoymuş adamlara – artıq yaxın dostlarım Yuri Varnovskiyə, Rövşən Mehdiyevə, Şahin Həsənliyə, həmçinin filmə əla musiqi yazmış gənc və istedadlı bəstəkar İsa Məlikova minnətdaram. Əlbəttə, filmin direktor müavini, gənc və istedadlı təşkilatçı İlqar Musayevə, ikinci rejissoru Elman Şeydayevə, assistentlər Elbrus və Pərvizə də minnətdaram. Bizim komandanın sütununu təşkil edən adamların demək olar ki, hamısı mənim yaşıdlarım idilər. Təkcə Yuradan savayı, amma o da sanki bizimlə cavanlaşdı. Yeri gəlmişkən, Yuri Varnovskidən vaz keçməyi məndən daha çox təkid edirdilər. Bizdə yaxşı adamlara yarlıq yapışdırmağı necə də xoşlayırlar. Mənə nazirlikdən bu adam haqda nələr demədilər – “…xoşagəlməz adamdır, pisdir və s”. amma adam gəldi və gözəl kino çəkdi və mənim fikrimcə bu onun ən yaxşı filmidir. Ssenari həmmüəllifim Ramiz Fətəliyevə təşəkkür edirəm ki, o, Yuranı məsləhət gördü və onun filmə təsdiqlənməsində mənə kömək etdi. Sonra filmə yeni-yeni adamlar – aktyorlar, geyim üzrə rəssamlar, işıqçılar, fəhlələr, sürücülər gəldilər. Nə məni, nə də bir-birlərini tanımırdılar. Gəldilər və çəkiliş yolundakı hər cür nahamarlıqlarda nəinki həmfikir, hətta dosta çevrildilər. Biz çox əlləşdik, amma nəticə məni flmin özündən daha artıq xoşbəxt etdi, çünki mən həmkarlarıma demişdim ki, əsas o deyil ki, nəticədə necə film alınacaq, əsas odur ki, biz buradan dost kimi çıxaq. Bunu bacardıq. Ona görə də film belə səmimi, təsirli və isti alındı…Bizim filmimizin nümayişindən sonra hiss etdiyimiz hər şey, bütün istilik, enerji, öz əməyini bu filmə qoymuş adamların istisidir. Mən bütün bunlara görə onlara çox minnətdaram. Təkrar edirəm – bu filmdən aldığım ən qiymətli təcrübə ümumi iş gördüyün adamları sevmək və onlara etibar etmək oldu. Özüm seçdiyim hər kəsə ilk dəqiqədən etibar etdim. Kənardan gələn hər kəsi isə əvvəl yoxladım, daha sonra isə etibar etdim. Ümidvaram ki, heç kimin xətrinə dəymədim. Əminəm ki biz dost olduq.
– Azərbaycanda prodüser kinosu. Mənfilər və müsbətlər.
– Müsbətini hələ görməmişəm. Hamısı mənfidir. Çünki bizdə sadəcə olaraq prodüser yoxdur. Film direktorluğundan gələn prodüser prodüser deyil. O elə filmin istehsalından pul qazanan film direktorudur. Festivallardan, film-marketlərdən, filmi necə satmaqdan və satmaq üçün necə çəkməkdən başı çıxmayan direktor. Mənim prodüserim məndən A kateqoriyalı festivalları və onların harada keçirildiyini soruşursa bu artıq gülməli deyil. Filmin istehsalının üçüncü həftəsində o (nazirliyin təqdir etdiyi və hamıdan çox dövlət sifarişi alan prodüser) deyirsə ki, “necə kino alınacağı onun vecinə deyil, əsas nazirliyə rəqəm təqdim etməkdir” – bu artıq dəhşətdir. Kino tuman tikmək deyil. Bununla yaşamaq lazımdır. Ona pul qoymaq lazımdır. Və yalnız dövlət deyil. Məgər nazirliyin nəhəng dotasiyaları, geri qaytarılmayan pulları ilə qəribə bir şəkildə əzizlənən prodüserlər filmə özlərindən bir qəpik gətiriblər? Guya prokatdan əvvəllər nazirliyin tələb etdiyi kimi pullar qaytarılacaq? Əminəm ki, bu heç yada düşmür. Pullar xərclənib, silinib, lazımi rəqəmlər də verilib. Prosesin bütün iştirakçı zəncirləri razı qalıb. Yalnız qəpik-quruşa işləyən, bütün ruhunu və gücünü filmə qoyan müəlliflərdən, onlarla insandan başqa. Və bütün bunlara görə senzuradan keçmiş, kəsilib doğranmış film alanlardan başqa. Bu vəziyyətdə filmi satmaq da mümkün deyil.
– Sizin üçün Azərbaycan kinosu nədir və hansı filmlərdən ibarətdir? Sizcə, bizim kinomuzda davam etdirilməsi gərəkən tendensiya və ənənələr varmı? Yoxsa tamamən heç nə yoxdur və hər şeyi təzədən başlamaq lazımdır? Mən yalnız sistemi deyil, bütün yaradıcı prosesi, çəkilən filmləri nəzərdə tuturam.
– Qəribə də olsa mənim kimi neorealizmə yaxın olan rejissora Azərbaycan kinosu hər şeydən əvvəl musiqili filmlərdir. Özünüz xatırlayın, bizim ölkədən kənara çıxmış və məşhurlaşmış filmlərimiz məhz musiqili filmlərdir, məsələn, “Arşın mal alan” və ya “Qorxma mən səninləyəm”. Bizim kinoya yolumuz birmənalı şəkildə musiqili filmlərdir, müzikl elementləri olan, zəngin musiqi mədəniyyətimizlə sintez olunmuş filmlərdir. Əminəm ki, bizim yolumuz məhz budur. Bəli biz İran neorealizmini bəyənirik, amma biz heç vaxt amerkan kinosu kimi blokbasterlər və fantezilər çəkə bilməyəcəyik, indi tamaşaçıya lazım olan məişət dramalarından da uzaqlaşacağıq. Biz hər şeydən keçəcəyik və axırda musiqili kinodan yapışacağıq. Məhz belə olacaq. Mən özüm artıq musiqili film çəkməyi arzulayıram. Parlaq, şən, dramatik. Bəlkə alındı…Tendensiyaya gələndə isə… demək çətindir, onlar artıq formalaşmış olmalıdırlar. Hər şey məktəbdən başlayır. Sirr deyil ki, Milli kino məktəbi son yetmiş ildə VQİK və VKSR -də təhsil almış adamlarla formalaşıb. Azərbaycana qayıtmaqla onlar Rusiyada qazandıqları bilik və bacarıqlarını milli mövcudluğa köçürdülər, milli kinonun yeni estetikasını və sintetik üsullarını formalaşdırmağa çalışdılar. Milli kinonun ölçüləri sayılan bu adamlar indi də öz filmləri ilə milli kinematoqrafın xarici əlamətlərini formalaşdırırlar. Milli kinonun nə vaxtsa belə bir tendensiyasını yaratmışıq və indi bizə bundan uzaqlaşmaq çətindir. Bunu edə bilsək belə, biz ya İran ya da köhnə Avropa kinosunun təsirinə düşəcəyik. Amma bu qapalı dairə deyil. Milli kino məktəbini ölkəmizdə yaratmaq lazımdır. Öz ölkəndə təhsil səviyyəsini qaldırmaqla. Milli kinonun gələcək apoloqetlərini özümüz formalaşdırmaqla. Onları öz mədəniyyətinə, ənənələrinə, ritminə, musiqi duyumuna, həssaslığına söykənməklə. Yeni gənclik yetişdirməklə. Onlara təslim olmaqla və rəqabətdən qorxmamaqla. Bu məsələ studiya və kinoya büdcə yaratmaqdan daha vacibdir.
aki.az