“Dağlarda döyüş” - 55

1967-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Dağlarda döyüş” filmini istehsalata buraxır.

Yazıçı Əhmədağa Qurbanovun “Tikanlı məftillər” povesti əsasında rejissor Kamil Rüstəmbəyovun ekranlaşdırdığı filmdəki hadisələr İkinci Dünya müharibəsində əsir həyatı yaşamış insanların vətənə qayıtdıqdan sonra qarşılaşdıqları faciəli aqibətdən bəhs olunur.

Qeyd edək ki, Kamil Rüstəmbəyov 1960-cı ildə görkəmli şair Səməd Vurğunun “Aygün” poeması əsasında eyni adlı tammetrajlı bədii filmə quruluş verib. 1964-cü ildə “Zəncirlənmiş adam” bədii televiziya filmini, daha sonra isə  bir sıra sənədli televiziya filmlərini, film-konsertləri çəkir. 1966-cı ildə “Azərbaycanfilm” kinostudiyasına işə dəvət olunan rejissor həmin illərdə bir-birinin ardınca “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (Şamil Mahmudbəyovla birgə), “Gözlə məni” bədii filmlərini çəkir.

K.Rüstəmbəyovun 1967-ci ildə çəkdiyi “Dağlarda döyüş filmi”nin bu il 55 yaşı tamam olur. 55 il öncə çəkilən filmin sınaq çəkilişlərinə səyahət etsək, o zaman görərik ki, rejissor sınaq çəkilişləri zamanı filmin əsas qəhrəmanlarından biri – Hicran obrazına onlarla aktrisa dəvət edib. Ancaq aktrisaların heç biri rejissorun Hicran obrazı ilə bağlı olan görüntülərinə cavab verə bilmir. Və təsadüf nəticəsində dövrün gənc diktoru Ofelya Sənanini görür  və onu Hicran obrazının sınağına dəvət edir.

 

OFELİYA SƏNANİ: HİCRAN OBRAZININ SINAQ ÇƏKİLİŞLƏRİNDƏ ÇOX SAYDA AKTRİSALAR İŞTİRAK EDİB

 

O.Sənani 1959-1975 illərdə radioda çalışıb, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Eyni zamanda filmlərə də çəkilib.

Ofelya xanım deyir ki, Hicran obrazının sınaq çəkilişlərində çox sayda aktrisalar qatılmışdı, ancaq eşitdiyimə görə, həmin aktrisalar Hicran obrazına uyğun gəlmədiklərinə görə, sınaqlardan uğursuz çıxıblar: “O illərdə mən həm radioda, həm də dublyaj redaksiyasında çalışırdım. Bir gün kinostudiyanın dəhlizi ilə sürətlə addımlayaraq dublyaj redaksiyasında başlayacaq iş növbəmə tələsirdim. Bu zaman gördüm ki, Kamil Rüstəmbəyov dəhlizlə gəlir və məni görən kimi “tapdım” deyə ucadan səsləndi”.

Rejissor niyyətini O.Sənaniyə bildirdikdən sonra obrazla bağlı öz fikrini də bildirir:”Hicran sadə bir kənd qızıdır. Lazımdır ki, bu obrazı yaradan qızın üzündə mülayimlik, sadəlik əks olunsun”.

Yeri gəlmişkən, həmin illərdə O.Sənani yenicə ailə qurmuşdu, görkəmli aktyor Möhsün Sənaninin gəlini idi və onunla birgə filmin sınaq çəkilişlərinə dəvət olunmuşdu. Rejissor ona filmin ssenarisini təqdim edir və oxumasını tapşırır. Ssenarini bəyənən diktor Hicran obrazından xüsusilə xoşlanır: “Ssenaridə daha çox xoşuma gələn Hicranın sakit təbiətli bir qız olması idi. Buna görə də hələ çəkiliş başlamamışdan hiss etdim ki, Hicran obrazının öhdəsindən gələcəyəm”.

O, ssenarini oxuduğu zaman başa düşür ki, onun qəhrəmanı sadə bir kənd qızı olmasına baxmayaraq, eyni zamanda da mahir at sürəndir. Bu hal çəkiliş prosesini mürəkkəbləşdirə bilərdi, əgər Ofelya xanım at sürmə məşqlərinə bir ay vaxt sərf etməsəydi. At sürmə səhnələrini öz boynuna çəkən O.Sənani buna görə Cıdır meydanında at sürmə məşqi keçməli olur. Hətta bu işi o dərəcədə mükəmməl öyrənir ki, son məqamda müəllimi ona Moskvada keçirilən at sürmə yarışlarına qatılmağı da təklif edir: “Çəkiliş vaxtı atın üzərində km-lərlə yol qət etdim. Lap dəqiq desəm, Qobustanda 2 km-ə yaxın, Prişibdə 1 km, Şamaxıda da elə 1 km yol qət etdim. Bu, dağlar üzərindən keçən dolanbac yollar idi. Buna görə də hər an, hər hadisə baş verə bilərdi. Ancaq mən heç bir qorxu-filanın fərqində deyildim.

 

ŞAHMAR ƏLƏKBƏROV HƏRTƏRƏFLİ AKTYOR İDİ

 

Filmin çəkilişləri bir çox yerlərdə – Qobustanda, Şamaxıda və Nalçikdə lentə alınıb. O.Sənaninin at sürdüyü səhnələr əsasən Qobustanda lentə alınıb: “İlk çəkilişlərimiz Qobustanın dağlarında başlandı, sonra Şamaxıda davam etdi və nəhayət ki, Nalçikdə çəkilişləri yekunlaşdırdıq. Hiss edirdim ki, Hicran bir obraz olaraq mənim ifamda yaradıcı heyət tərəfindən bəyənilib. Filmin yaradıcı heyətində çox maraqlı sənətkarlar çalışıb. Atamı Möhsün Sənani, anamı Ətayə Əliyeva, nişanlımı Şahmar Ələkbərov kimi aktyorlar yaradırdı. Rza Əfqanlının, Kamal Xudaverdiyin ifası yaradıcı heyətin ümumi işini daha da tamamlayırdı. Filmə dəvət olunan hər bir aktyor öz rolunun öhdəsindən gəlməklə yanaşı, eyni zamanda da çəkiliş prosesinin uğurlu alınması üçün bacardıqlarını əsirgəmirdilər. Bu baxımdan Kamil Rüstəmbəyovun rejissor işinə, onun aktyor üçün yaratdığı sərbəst şəraitə söz ola bilməzdi”.

Xatırladaq ki, Şahmar Ələkbərovla Ofeliya Sənaninin birgə əməkdaşlığı  Dublyaj şöbəsində çalışdıqları vaxta təsadüf edib: “”Avropalı gəlin” filminin dublyajında hər ikimiz iştirak edirdik. “Avropalı gəlin” filminin dublyajını Əlisəttar Atakişiyev yazmışdı. Şahmar Ələkbərovla mən bu filmi o dərəcədə yüksək səviyyədə səsləndirmişdik ki, hətta “Araz” kinoteatrında bizim tamaşaçılarla görüşümüzü də təşkil etmişdilər. Şahmar, sözün həqiqi mənasında da böyük aktyor idi. “Dağlarda döyüş” Şahmarın da çəkildiyi ilk film idi. Sonradan o, ardıcıl olaraq ən gözəl filmlərimizdə, yaddaqalan, maraqlı obrazlar yaratmışdır”.

Filmin ən maraqlı epizodlarından biri Fərruxun dövlət sərhədini pozmuş atası Sərxanla qarşılaşması və onu həbs edərək hərbi məntəqəyə təhvil verməsidir. lk baxışda oğulun öz atasını həbs etməsi, onun xahiş və yalvarışlarına məhəl qoymaması bəlkə də qeyri-təbii görünər. Lakin filmdə bu hadisə psixoloji cəhətdən lazımınca əsaslandırılmış və Vətən məhəbbətinin müqəddəsliyi fikri də müvəffəqiyyətlə ifadə olunmuşdur. Əslində ictimai ideal, məslək və etiqadla valideynlik və qohumluq hisslərinin qarşılaşdırılması ədəbiyyatımızda yeni deyildir. Hələ 20-ci illərdən başlayaraq bu mövzu müxtəlif formalarda işlənmiş və həmişə də, demək olar ki, eyni ideyanın ifadəsinə xidmət etmişdir. Ancaq “Dağlarda döyüş” filminin ssenari müəllifi Əhmədağa Qurbanov bu məsələni yeni və müasir planda, original süjet daxilində həll etmiş və maraqlı bir əsər yarada bilmişdir.

Filmdə Fərruxla(Şahmar Ələkbərov) atasının(Rza Əfqanlı) münaqişəli səhnəsi Nalçik dağlarında, meşəliklərində lentə alınıb. Həmin səhnədə guya Fərruxun atası İrandan gələrək sovet sərhədini keçmək istəyir. Və Fərrux da sərhədçi olduğuna görə atası ilə vuruşmaq məcburiyyətində qalır. Təbii ki, öncə Fərrux sərhədi pozanın atası olduğunu heç bilmir. Ancaq biləndən sonra da atası ilə vuruşur. Çünki Fərrux sovet əsgəri idi və başqa cür də hərəkət edə bilməzdi. Bundan başqa Hicranın(Ofeliya Sənani) atası(Möhsün Sənani) və anası(Ətayə Əliyeva) ilə evdə çəkilən səhnələri “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda lentə alınıb. Hicran eşidəndə ki, nişanlısı yaralanıb, o zaman ata minib Fərruxun qulluq etdiyi hərbi hissəyə gedir. Bu epizod isə Qobustanda lentə alınıb. Ancaq filmdə gördüyümüz hərbi hissə isə İranın sərhədində olan Prişib qəsəbəsində(indiki Göytəpə) yerləşir.

Film bütün hazırlıqları bitdikdən sonra Moskva Kino İdarəsinin baxışına təqdim edilir. Moskva filmin ideyasını, çəkiliş prosesinin getdiyi məkanların canlı alınmasını bəyənir və filmi təsdiq edir. Təsdiqetmə mərasimindən sonra film 1-ci kateqoriyaya layiq görülür.

Filmin yaradıcı heyəti:

Ssenari müəllifi-Əhmədağa Qurbanov, rejissor-Kamil Rüstəmbəyov, operator-Teyyub Axundov, rəssam-Məmməd Hüseynov, bəstəkar-Cahangir Cahangirov.

Rollarda çəkiliblər: Şahmar Ələkbərov (Fərrux), Rza Əfqanlı(Sərxan), Möhsün Sənani(Qəmbər), Ofeliya Sənani(Hicran), Stanislav Kovtun(Nəzərov), Kamal Xudaverdiyev(Rəhimov), İvan Pereverzev(polkovnik), Vladimir Kolokoltsev(Oleq), Süleyman Ələsgərov(mayor Poladov), Abbas Rzayev(Feyzi), Məlik Dadaşov(sərhədi pozan).

Aki.az