Üzeyir Hacıbəyli: “Arşın mal alan”, inqilabdan əvvəl yazdığım sonuncu əsərimdir. Əsəri yazdıqdan sonra çar senzurasından çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim. 1913-cü ildə ilk dəfə oynandığı zaman, “Kaspi” qəzeti tərəfindən son dərəcə hörmətsizlik və nifrətlə qarşılanmışdır. Bəziləri Əsgəri yenilik tərəfdarı kimi göstərirdilər. Halbuki Əsgər hər şeyə bir tacir kimi baxan adamdır. O, əgər qızı görüb almaq istəyirsə, bu onun yeni həyat tərəfdarı olduğu üçün yox, tacir olduğu üçün idi. O, alacağı qızla arşını 12 qəpiklik çiti eyni dərəcədə qiymətləndirir. Məhz bunun üçün də tacir “malı” görüb almaq istəyir. Həm də Soltan bəy kimilərinin qızını! Yoxsa Əsgərdən ideya gözləmək, onu açıq fikirli bir cəmiyyət nümayəndəsi kimi göstərmək, tamamilə yanlış fikirdir”.
XX əsrin xalqımıza bəxş etdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük simalardan biri, Azərbaycanın, eləcə də Şərq opera sənətinin banisi, ictimai və siyasi xadim, bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyidir.
Ü.Hacıbəylinin doğum günü şərəfinə 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Ömrünü Azərbaycan mədəniyyətinə, musiqisinə həsr edən, 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazan, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərini bəstələyən Üzeyir Hacıbəyli təkcə musiqi bəstələməyib, eyni zamanda xalq musiqisinin nəzəri əsaslarını da gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri onun musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Azərbaycan musiqisində köklü dönüş yaratmış, musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymuş bəstəkar, həm də Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı olub.
Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən öyrənən, xalqının mədəniyyətini bütün dünyada təbliğ etmək üçün ömrünün 45 ilini bu işə sərf edən dahi bəstəkarın müəllifi olduğu “Leyli və Məcnun”(1908-ci ilin yanvarında) tamaşaya qoyulduğu vaxtdan etibarən bir-birinin ardınca “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”operalarını yazıb. Onun “Koroğlu” operası isə Azərbaycan operasının şah əsəri hesab olunur.
Ü.Hacıbəyli eyni zamanda publisist kimi də geniş fəaliyyət göstərib. O, “İttihad”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin”jurnalında “, “O yan – bu yan” başlığı altında çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. Öz məqalə və felyetonlarında Ü.Hacıbəyli dövrünün mühüm ictimai-siyasi və maarifçilik məsələlərinə toxunur, xalqını maarifləndirmək uğrunda mübarizə aparırdı. O, mətbuatda “Filankəs”, “U”, “Üzeyir” və s. imzalarla çıxış edirdi.
Genişşaxəli fəaliyyət sistemi keçmiş, ömrünü yazıb-yaratmağa həsr etmiş Üzeyir bəyin Azərbaycan kinosunun inkişafındakı rolu tamam fərqli istiqamətdə cərəyan edib. Əlbəttə ki, bəstəkarın eyniadlı operettası əsasında ekranlaşdırılan “Arşın mal alan” filminin adını çəkmək kifayətdir.
Peterburqda Konservatoriyada təhsil aldığı illərdə(1913-cü il) yazdığı, yazıldığı tarixdə Bakıda səhnəyə qoyulan və ilk nümayişdən də tənqidə, mübahisələrə, kəskin fikirlərə məruz qalan “Arşın mal alan”ın tənqidə məruz qaldığını görən bəstəkar, hələ operettanı yazdığı vaxt Hüseynqulu Sarabskiyə yazdığı məktuba diqqət edək: ““Arşın mal alan” adlı çox qəribə bir operetta yazıram. Bakıda olarkən öz əsərlərimin qədrini bilməmişəm, ancaq burada bilirəm ki, əsərlərim gələcəkdə böyük bir iş görəcəkdir.
30 iyul 1913-cü il, Peterburq”.
“Arşın mal alan”ın səhnə variantının böyük şöhrət qazanması yeni yaranmaqda olan, kino sənəti ilə məşğul olan kinematoqrafçıların da diqqətini cəlb edir.
1916-cı ildə Bakıda “Film” aksioner cəmiyyətinin təşəbbüsü ilə rejissor Svetlov tərəfindən çəkilir. Əsas rollarda H.Sarabski ilə Ə.Ağdamskinin oynadığı film sönük və təhrif edilmiş şəkildə alınır. Bunun əsas səbəblərindən biri ekran işinin musiqisiz olması, digər səbəbi isə mövzunun təhrif edilməsi idi ki, bu da dövrün ziyalıları ilə yanaşı, Üzeyir Hacıbəylini narahat edib. Elə həmin ildə Belyakov familiyalı bir rejissor eyni mövzuya müraciət edib. Hətta Belyakov filmi Azərbaycan xalıları fonunda çəkməklə guya milli kolorit yaratmaq istəyib ki, bu da dəxli olmayan bir mövzunun ekran variantından başqa bir şey olmayıb. Bu klassik əsər sonralar Amerikanın “Hollivud” kino şirkətinin nəzərini də cəlb edib və Mamulyan familiyalı erməni rejissoru tərəfindən “Arşın mal alan” komediyası ekranlaşdırılıb. Bu film də uğursuz bir sonluqla nəticələnib.
1941-1945-ci illər Böyük Vətən müharibəsinin ən ağır illəri idi. Qələbəyə yaxın olan 1945-ci il isə, bəlkə də inamın bitdiyi, savaş həvəsinin qalmadığı və ya təslim olma kimi bir halın yarandığı son an kimi yadda qalır, ancaq qələbəyə az qalmışdı…
Məhz həmin çətin ildə, ümid işartılarının itdiyi anda xalqın yüksək əhvali-ruhiyyəyə ehtiyacı vardı ki, kinematoqrafçlarımız artıq dillər dastanına çevrilən “Arşın mal alan” əsərinin dolğun bir variantını yaratmaqla dünyanın fəth etmək fikrinə düşürlər.
Görkəmli kinorejissor, pedaqoq Rza Təhmasibin quruluşunda çəkilən, Üzeyir bəyin də şəxsən bütün çəkiliş məqamlarında iştirak etdiyi, hər epizodun, kadrın təbii alınması üçün çalışdığı yaradıcı heyətlə önəmli bir sənət nümunəsinin ərsəyə gəlməsində güc sərf etdiyi bir məqamdan söhbət gedir.
Rza Təhmasibin xatirələrindən: “Müharibənin ağır illərində biz filmi Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ də gediş-gəliş bərpa edilməmişdi. Filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladılar. Baxışdan sonra mübahisə qızışdı. Bizi hətta məzəmmət edənlər də oldu. Açıqca deyirdilər ki, bu vurha-vurda “Arşın mal alan” yeridir?”.
Təzyiq, tənqid, maneə nə qədər olsa belə, deməli həmin işin uğuru əvvəlcədən məlumdur. Filmə baxış keçirildikdən iki gün sonra Moskvanın iki kinoteatrında nümayiş olunub. Ondan üç gün sonra isə 18 kinoteatrdan “Arşın mal alan”ın sədası eşidilib.
1945-ci ildə ildə bu filmə 16,27 milyon tamaşaçı baxıb. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 Sevimli film” seçilib ki, həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılıb. 1945-ci ildə ildə istehsal olunmuş “Arşın Mal Alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl Siyahı” ya daxil edilib. Film Sovet dövründə 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir.
1965-ci ildə Mərkəzi Televiziyanın sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası yenidən “Arşın mal alan”a müraciət etdi.
Məhz rejissor Tofiq Tağızadə belə bir cəsarətli addımı atır.
T.Tağızadənin xatirələrindən: “Üzeyir Hacıbəyli öz məşhur operettasında yaratdığı qəhrəmanları keçmişin adət-ənənələrinə qarşı qoymaqla onları azad sevgi uğrunda mübarizəyə səsləyib və bu mübarizədə qəhrəmanlarını qalib edib. Kinonun dilindən və imkanlarından istifadə olunmaqla ssenariyə bir sıra əlavələr də etmişikşik. Belə ki, operettaya əsaslanaraq Gülçöhrəni görənə qədər Əsgəri bir çox çətinliklərlə üzləşdirmişik. Filmdəki hadisə və əhvalatların çoxunu otaqdan təbiətin qoynuna, mənzərəli yerlərə köçürülüb və bütün bunlar mexaniki surətdə deyil, ariya, duet və səhnələrlə əlaqədar olaraq, düşünülmüş halda etmişik”.
Ü.Hacıbəyli dramaturgiyasının ən parlaq nümunəsi hesab olunan “O olmasın, bu olsun”, bəstəkarın ikinci musiqili komediyasıdır.
XX əsrin əvvəllərində yaşadığı cəmiyyətdə kök salmış köhnə əqidə və baxışları, cəhaləti tənqid və ifşa etmək üçün satiradan istifadə edən bəstəkar öz dövrünün qabaqcıl ideyalarını təbliğ etmək üçün belə bir orijinal yol seçməyə üstünlük verib.
Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayının 25-də Bakıda olub. Baş rollarda Mirzağa Əliyev (Məşədi İbad), Hüseynqulu Sarabski (Sərvər) və Əhməd Ağdamski (Gülnaz) oynayıblar. Tamaşaya Üzeyir bəy şəxsən özü dirijorluq edib. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunub, hətta Zaqafqaziya şəhərlərində, Türkiyədə, Bolqarıstanda, Yəməndə və s. ölkələrdə tamaşaya qoyulub.
“O olmasın, bu olsun” komediyasını ilk dəfə ekrana gətirmək fikri 1918-ci ildə baş tutsa da, Yalta studiyasında çəkilən film uğur qazana bilməyib.
Ümumiyyətlə “O olmasın, bu olsun”, səhnə həllini tez tapsa da, ekran həllini heç də asanıqla qazana biməyib ki, o vaxta qədər ki, 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası komediyaya müraciət edib.
Rejissor Hüseyn Seyidzadə ekran işinin yaranmasında başlıca rol oynayıb. Sabit Rəhmanın ssenarisi əsasında çəkilmiş filmə rejissor maraqlı aktyor ansamblını bir araya toplayıb.
Yeri gəlmişkən, səhnədə Məşədi İbad rolunun Mirzəağa Əliyev tərəfindən maraqla qarşılanması ona gətirib çıxarır ki, Hüseyn Seyidzadə də filmdə aktyoru əsas rola çəkmək istəyir. Ancaq Mirzağa Əliyevin dünyasını dəyişməsi və Məşədi İbad obrazına Əliağa Ağayevin təsdiq olunması o qədər gözlənilməz olur ki, bundan sonra əsas qəhrəmanın ətrafında cəm olanların bir araya gəlməsi, bir sözlə, dövrün görkəmli aktyorlarının az qala əksəriyyətinin çəkildiyi bu fim artıq sadəcə film deyil, ustadların bir yerə toplandığı sənət nümunəsi idi.
Filmdə musiqi xadimlərinin çəkilməsi- Rüstəm bəyin evindəki qonaqlıq səhnəsində Xan Şuşinski (xanəndə), Tələt Bakıxanov (kamança) və Bəhram Mənsurovdan (tar) ibarət üçlük “Segah” muğamını ifa etməsi, toy səhnəsində Əminə Dilbazinin rəqsi və s. epizodlar hər biri komediyanın gücünü daha da artırıb. Film öz dövrünün mətbuatında tənqid atəşinə məruz qalsa da, reallıq başqa söz deyirdi. Premyerası 1958-ci il yanvarın 27-də Moskvada keçirilən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bundan başqa, film eyni ildə Daşkənddə Asiya və Afrika ölkələrinin beynəlxalq kinofestivalında yüksək qiymət alıb, SSRİ hüdudlarından kənarda böyük uğurlara imza atıb.
SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov filmin rejissoru Hüseyn Seyidzadəyə məktubunda yazırdı ki, “O olmasın, bu olsun” filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb. Sonralar film daha 10 ölkəyə satılıb.
İllər keçir bu ölməz komediyaya dəfələrlə müraciət olunur, uğurlar qazanılır və bu proses hələ davam edəcək, çünki Üzeyir Hacıbəyli xatirələrində dediyi kimi, hələ yazdığı vaxtlarda belə əsərlərinin illər sonra da uğur qazanacağının proqnozunu vermişdi.
Üzeyir Hacıbəylinin qələmə aldığı əsərlərin təhlili, yaradıclığını əks etdirən məqalələr, şəxsiyyətini göstərən sənədli filmlər çəkildi və sözün həqiqi mənasında, yazılan, lentə alınanlar sənət nümunəsi kimi yadda qaldı. Ancaq bəstəkara həsr edilən “Üzeyir ömrü” filmi bir başqa ruh üzərində kökləndi.
Filmin ssenari və rejissor işi Xalq yazıçısı Anara aiddir. Film bəstəkarın uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir.
Filmdə SSRİ Dövlət Film fondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunub. Bundan başqa, bəstəkarın əsərləri , Azərbaycan xalq musiqisi, eyni zamanda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. İki seriyalı filmdə “Küləklər şəhəri”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Doğma xalqıma”, “Bəstəkar Müslüm Maqomayev” filmlərindəki kadrlardan da istifadə olunub.
Rejissor yozumundan irəli gələrək filmdə tarixi prinsiplər qorunur, hətta istər natura, istərsə də dekorasiya çəkilişlərində dövrün, zamanın nəbzi açıq-aydın duyulur. Üzeyir bəy, Cabbar Qaryağdıoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi kimi tarixi şəxsiyyətin dolğun ekran təsviri filmin bədii məziyyətlərini daha da artırır. Ən önəmlisi isə Üzeyir Hacıbəyli rolunda, görkəmli rejissor Hüseynağa Atakişiyevin təkrarsız ifası, portret obrazda onun təbiiliyi əsas götürməsi və Üzeyir şəxsiyyətinə layiq bir şəkildə olan təqdimat, bütün bunlar hamısı filmin yaranmasına necə böyük məsuliyyət hissi ilə yanaşmasından xəbər verir.
“Üzeyir ömrü” filminin ilk premyerası 10 yanvar 1982-ci ildə baş tutdu və o gündən bu yana böyük maraqla qarşlanan film, böyük maraqla da baxılır və sənət nümunəsi kimi tamaşaçını öz sənət sehrində saxlayır.
Müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuş Üzeyir Hacıbəylinin
yaradıcılığının kiçik bir hissəsindən bəhs etdiyimiz bu məqalədə sadəcə dahi bəstəkara olan sevgimizi, hörmətimizi, ehtiramımızı ifadə etməyə çalışdıq.
Bu gün -18 sentybr Azərbaycanda Milli Musiqi Günüdür, Üzeyir Hacıbəylinin doğulduğu gündür, 140-cı yaşını tamam edir.
Doğum günün mübarək böyük insan!
aki.az

