“Daxildəki ada” filmi “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilib
Avropanın ən önəmli festivallarından biri sayılan, 100 mindən çox auditoriyaya malik “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilən filmlər sırasında Azərbaycan istehsalı olan “Daxildəki ada” tammetrajlı bədii filmi də var. Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmin müəllifi və rejissoru Rüfət Həsənovdur.
Azərtac-ın məlumatına görə, “Azərbaycanfilm”, “Debüt” film studiyası, “Arizona Productions”, “Coyote Cinema” və “Mandarin Agency”-nin birgə istehsalı olan “Daxildəki ada” tammetrajlı bədii filmin post-prodakşn dəstəyi CNC – Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.
Filmin baş qəhrəmanı Seymur Tahirbəyov dünyanın qabaqcıl şahmat qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya gizlincə yola düşür.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir. Baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.
Xatırladaq ki, avqust ayının 14-21-də keçiriləcək 26-cı “Sarajevo Film Festival”ının jüri prezidenti “Oskar” mükafatlı Mişel Hazanaviçiusdur.
Festivalın əsas proqramının jüri heyətinə, Berlin Film Festivalının bədii rəhbəri Karlo Şatrian, aktrisa Yadranka Dokiç, rejissor Srdan Qoluboviç və Morelia Film Festivalının layihə rəhbəri Andrea Stavenhagen daxildirlər.
Filmin treyleri ilə aşağıdakı linkdən tanış ol bilərsiniz:
aki.az