“DEBÜT” studiyası INTERACT kino layihəsinə start verir

16 İyun “Debüt” studiyası uzunmüddətli INTERACT layihəsi çərçivəsində online master-klasslara start verir.

Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın (İTV) informasiya dəstəyilə həyata keçiriləcək layihə həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək.

Mədəniyyət nazirliyinin məlumatına görə,  tədris laboratoriyası funksiyasını həyata keçirəcək INTERACT layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələri, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıların təlim, prodakşn və post-prodakşn, distribüsiya və maliyyələşdirmə imkanları haqda biligilər ilə təmin etməkdən ibarətdir.

Qeyd edək ki, INTERACT ONLINE adlı ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Bundan başqa, bütün ustad dərsləri orijinal dildə (müvafiq olaraq ingiliscə və ya rusca) və Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunacaq.

INTERACT ONLINE-nin ilkin mühazirəçiləri aşağıdakılardır:

– Anna Qudkova – TNT “Premier” striminq platformasının kreativ prodüseri, redaktor, festival proqramlarının kuratoru.

– Andrey Zvyagintsev – tanınmış rusiyalı ssenarist və rejissor, “Qayıdış”, “Yelena”, “Leviafan” və digər məşhur filmlərin müəllifi.

– Matyö Darras – 2017-ci ildə özünün təsis etdiyi “Pop Up Film Residency” kinorezidensiyasının rəhbəri.

Layihə iştirakçılarının sayı məhduddur. Buna görə də, proqrama qoşulmaq istəyənlərdən www.debutfilms.az/interact linkindən onlayn-qeydiyyatdan keçmələri xahiş olunur.

Aki.az