DokuBaku Festivalı 6-cı buraxılışın proqramını açıqlayıb

Xəbər verdiyimiz kimi, VI DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 21- 25 sentyabr 2022-ci il tarixlərində Bakıda keçiriləcək. Festivalın builki mövzusu “Təkamülə qarşı inqilab”dır(Re≈MC2VOLUTiON/OFF). Belə bir mövzunun seçimi bəşəriyyətin artıq təkamülə arxalanmaması ilə izah olunur.

Qeyd edək ki, DokuBaku BSFF festivalda nümayiş olunacaq filmlərin seçimini artıq yekunlaşdırmışdır. Belə ki, 32 müxtəlif ölkədən 68 sənədli film seçilmiş və bütün filmlər 7 kateqoriya üzrə nümayiş olunacaq.

Ən yaxşı sənədli film nominasiyasında 13, No-Main Müsabiqəsi nominasiyasında 18 və Ən yaxşı xarici və yerli qısa sənədli film nominasiyasında 19 film münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Qaliblər festivalın sonuncu günü, sentyabrın 25-də elan olunacaqlar. Müsabiqədən kənar 5 film, DokuKids 4 film, və DokuUA 5 film nümayiş ediləcək.

Yeri gəlmişkən, hər il festival öz işləri ilə film sənayesində yüksək standartlar qoymuş, dünyaca məşhur bir sənədli film ustasının filmlərindən ibarət silsilə nümayiş təşkil edir. Bu il öz “Tülpan” tammetrajlı filmi ilə 2009-cu il Oskar mükafatlarının Əcnəbi Film Kateqoriyasında Qazaxıstanı təmsil etmiş xüsusi qonaq olan  Sergey Dvortsevoyun dörd filmindən ibarət retrospektiv hazırlanıb.

Festivalın 6-cı buraxılışı iki yeni kateqoriya ilə gəlir. Festival tarixində ilk dəfə proqrama uşaqlar üçün sənədli filmlər daxil edilmişdir. Bundan başqa, festival Ukraynadan sənədli filmlər nümayiş etdirməklə, ukraynalı rejissorlara dəstək olacaq. Nümayişlərin məkanları, tarixləri, və vaxtlarından ibarət cədvəl yaxın bir zamanda açıqlanacaq.

aki.az