DokuBaku münsiflər heyətinin üzvlərini elan edir

21-25 sentyabrda keçiriləcək DokuBaku Beynəlxalq Sənədli Film Festivalı  VI buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət  beynəlxalq münsiflər heyətini elan edib.

Münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: “Ən Yaxşı Tammetrajlı Sənədli Film”, “Ən Yaxşı Qısametrajlı Sənədli Film” və “Əsas Müsabiqədən Kənar”. Hər kateqoriya üzrə filmlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, bu il münsiflər heyətinə tanınmış sənədli kinorejissorlar, kino və foto dünyasının  nümayəndələri daxildir. Onların arasında Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və EMMY mükafatı laureatı, Oskar mükafatına namizəd olan prodüser Kirstin Barfod var.

Bu il keçirilən festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox festival kino mükafatlarının laureatı Pavel Lozinskidir. O, özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək. Səsvermə proseduru onlayn formada baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.

Xatırladaq ki, DokuBaku 2017-ci ildə təsis edilib. Festivalın məqsədi beynəlxalq proqramda dünyanın hər yerindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.

aki.az