DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə həyata keçirilən “Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” layihəsi çərçivəsində DokuToor 002 sənədli film nümayişləri proqramı təqdim olunur.
DokuToor proqramı sənədli kino vasitəsilə regionlarda və eləcə də Bakıda, (Nizami Kino Mərkəzi, Sumqayıt Gənclər Evi, Dünya Məktəbi, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqınn Kino Zalı və s yerlərdə keçirilməyi nəzərdə tutulub) mədəni dialoqu gücləndirməyi, gənclərin və geniş auditoriyanın dünyagörüşünü zənginləşdirməyi, eyni zamanda düşüncə sərhədlərini genişləndirməyi hədəfləyir. Proqram çərçivəsində təqdim olunan seçilmiş filmlər yerli və beynəlxalq kino mühitinin aktual və təsirli nümunələrini bir araya gətirərək tamaşaçılara müxtəlif və dərin baxış bucaqları təqdim edir.
Proqramın məzmun xətti xüsusilə aktual mövzulara fokuslanır: uşaq dünyasının formalaşması və inkişafı, insanın daxili aləminin araşdırılması, eləcə də ekoloji və tənqidi şüurun oyanışı. Bu yanaşma tamaşaçını yalnız müşahidəçi deyil, eyni zamanda düşünən, hiss edən və mövqeyini formalaşdıran aktiv iştirakçıya çevirir.
Eyni zamanda, proqram çərçivəsində DokuBaku-nun son buraxılışında mükafat qazanmış qısa və tammetrajlı filmlər də nümayiş olunur. Bu seçim tamaşaçılara artıq yerli və beynəlxalq səviyyədə yüksək qiymətləndirilmiş, bədii və məzmun baxımından dəyərli ekran əsərləri ilə tanış olmaq imkanı yaradır. Filmlər müxtəlif yaş kateqoriyalarına uyğun şəkildə seçilərək, fərqli auditoriyaların dünyanı anlama, qavrama və yenidən dərk etmə prosesinə müsbət təsir göstərir.
Qeyd: Proqram çərçivəsində nümayiş olunan bütün filmlər Azərbaycan və ingilis dillərində subtitrlərlə təqdim olunur ki, bu da layihənin inklüzivliyini artıraraq müxtəlif dil və mədəniyyətlərdən olan tamaşaçılar üçün əlçatanlıq yaradır.
İlk nümayişin ünvanı Sumqayıt
DokuToor proqramının ilk nümayişi Sumqayıt Gənclər Evində baş tutacaq və uşaq və gənclərin dünyasına işıq tutan filmlərlə start götürəcək.
Nümayiş olunacaq filmlər:
“Rəqs edən qız”
Rejissor: Pərvanə Quliyeva
Ölkə: Azərbaycan
Müddət: 16 dəqiqə 32 saniyə

Sinopsis:
Ümumi yataqxanada yaşayan 10 yaşlı Məlahət rəqqasə olmağı xəyal edir. Atası ailəni tərk etdikdən sonra, məcburi köçkünlərin sığınacağına çevrilmiş bir binada böyüyən Məlahət, rəqs videoları vasitəsilə həm özünü ifadə edir, həm də uzaq bölgələrdə yaşayan qızlara ilham verməyə çalışır. Kiçik bacısı və pişiyi ilə birlikdə o, stereotiplərə qarşı çıxaraq öz ehtirası ilə güclənir.
“Ada”
Rejissor: Mahmut Taş
Ölkə: Türkiyə
Müddət: 5 dəqiqə

Sinopsis:
Uzun müddətdir yağış yağmayan quraq bir kənddə yaşayan Ada adlı balaca qız, susuzluq səbəbilə ailəsinin kəndi tərk etmə ehtimalı ilə üz-üzədir. O, kamerası ilə kəndinin hekayəsini danışır və bir zamanlar su ilə dolu olan gölün indi qurumuş mənzərəsi ilə üzləşir.
Tarix: 14 aprel 2026
Saat: 15:00
Məkan: Sumqayıt Gənclər Evi
Dəyərli Sumqayıt sakinləri və filmsevərlər, bu təşəbbüsü qaçırmayın. Gəlin birlikdə sənədli kinonun ecazkar gücünü, sehrini və onun dərin qatlarını kəşf edək.
DokuToor layihəsinin həyata keçirilməsində göstərilən dəyərli dəstəyə görə tərəfdaşlarımıza və əməkdaş qurumlara dərin minnətdarlığımızı bildiririk. Xüsusi təşəkkürlərimizi Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyası təşkilatlarına çatdırırıq. Eyni zamanda, layihənin reallaşmasında göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və eləcə də Sumqayıt Gənclər Evi-nə səmimi təşəkkürümüzü bildiririk.
DokuToor yalnız film nümayişləri ilə məhdudlaşmayan, eyni zamanda dialoq, düşüncə və yaradıcılıq platformasıdır. Layihə çərçivəsində yerli və beynəlxalq qısa sənədli filmlər Azərbaycan və ingilis dillərində altyazılarla təqdim olunaraq, tamaşaçıların müxtəlif mədəni baxış bucaqları ilə tanış olmasına imkan yaradır. Nümayişlərdən sonra keçirilən müzakirələr və sual-cavab sessiyaları isə rejissorlar və izləyicilər arasında canlı və səmimi ünsiyyət mühiti formalaşdırır.
Bu təşəbbüsün əsas məqsədi sənədli kinonun gücünü daha geniş auditoriyaya çatdırmaq, yeni baxış bucaqları yaratmaq və cəmiyyət daxilində açıq dialoqu təşviq etməkdir. DokuToor, kinonu yalnız izlənilən deyil, eyni zamanda hiss edilən və müzakirə olunan bir təcrübəyə çevirir.
DokuToor proqramı çərçivəsində keçirilən bütün film nümayişlərinə giriş tamamilə sərbəstdir.

