Dövlət Film Fondunda Emin Sabitoğluna həsr olunmuş sərgi
Azərbaycan musiqi dünyasında görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun özünəməxsus yeri var.
Bəstəkarın “Azərbaycanfilm” kinostudiyasında (1961) musiqi redaktoru vəzifəsində çalışdığı, sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) göstərdiyi pedaqoji fəaliyyət onun bir yaradıcı kimi formalaşmasında və yazdığı əsərlərdə sənətkarlıq nöqteyi-nəzərindən çıxış etməsində böyük rol oynayıb.
O, 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazmasına baxmayaraq, bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
Bu gün görkəmli bəstəkarın dünyaya göz açdığı gündür. Bu münasibətlə Azərbaycan Dövlət Film Fondunun ekspozisiyasında bəstəkarın fotosərgisi təşkil olunub.
Filmfond.az-ın məlumatına görə, sərgidə bəstəkarın şəxsi arxiv fonduna daxil edilmiş fotoşəkillər nümayiş olunur. Həmin fotoşəkillərdə bəstəkarın yaradıcı fəaliyyəti dövründə həmkarları ilə çəkdirdiyi şəkillər onun müxtəlif anlarını özündə əks etdirir.
“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Atları yəhərləyin”, “Bəyin oğurlanması”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” filmlərinə yazdığı musiqilərlə o, tamaşaçının filmlərdəki hadisələrə ürəkdən təmas etməsinə, daxilən obrazlarla ünsiyyət qurmasına şərait yaradıb. Lirik musiqiləri ilə milyonların rəğbətini qazanan bəstəkarın tanınmış kinorejissorlardan Həsən Seyidbəyli, Tofiq Tağızadə, Arif Babayev, Rasim Ocaqov, Fikrət Əliyev və başqalarının filmlərinə yazdığı musiqilər bir başqa duyğu üzərində köklənir, ekran əsərlərini baxımlı etməklə yanaşı, ömrünü də uzadır.
Xatırladaq ki, sərgi noyabrın 17-nə kimi davam edəcək.
aki.az