“Dublyajda səs çələngi” adlı bədii gecə keçiriləcək
Noyabrın 15-də “Dublyajda səs çələngi” adlı tədbir keçiriləcək. Nizami Kino Mərkəzində təşkil olunan bədii gecə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Yeri gəlmişkən, bir vaxtlar “Nizami” kinoteatrında əcnəbi filmlər tam dublyaj olmasa da, Azərbaycan dilində subtitrlə (altyazı) təqdim olunurdu. Sonralar isə artıq xarici filmlərin 80 faizi altyazılarla nümayiş olunmağa başladı. Bir sözlə, zaman keçdikcə, müasir texnologiyanın imkanlarından daha geniş istifadə olunmağa başladı ki, bu da dublyaj sahəsinə də öz müsbət təsirini göstərdi.
Azərbaycanda dublyajın tarixi 1966-cı ilə təsadüf edir. 1990-cı ilə qədər “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyət göstərən dublyaj redaksiyası il ərzində 60 film dublyaj edərək tamaşaçıya təqdim edib.
Həsənağa Salayev, Yusif Vəliyev, Müxlis Cənizadə və b. sonralar Şahmar Ələkbərov, Həsən Əbluc, Əminə Yusifqızı, Həsən Turabov, Səməndər Rzayev və daha sonralar günümüzdə, Səiqə Quliyeva, Həmidə Ömərova, Azad Şükürov və b. aktyorlar dublyaj sənətində peşəkar fəaliyyət göstəriblər.
Azərbaycan teatr və kinosunda böyük təcrübə keçən bu aktyorlar dublyaj etdikləri personajların daxili dünyasını açmaqda böyük məharət nümayiş etdiriblər.
“Nizami” kinoteatrında təşkil olunan bədii gecədə Azərbaycan dublyaj sənətinin tarixinə səyahət ediləcək və dublyaj sənətinin incəliklərindən bəhs olunacaq. Bədii gecə saat 19.00-da başlayacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı