Düşünən və düşündürməyi bacaran Tahir Tahiroviçin yubiley yaşı tamam olur
28 aprel Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviçin doğulduğu gündür, 45 yaşı tamam olur. Sözdə az görünən 45 yaşa neçə ömür sığdırmaq olar və ya Tahir müəllim gərgin keçən fəaliyyəti dövründə haqqında filmlər çəkdiyi, ssenarilər yazdığı qəhrəmanları bu ömrə necə sığdırdı və s. suallar çoxdur, cavabları səbəbkar şəxsən özü verəcək: “Geriyə boylananda təəssüflənmirəm. Sənət adamı dünyanın ən xoşbəxt ölkəsində belə özünü bədbəxt saymaq üçün istənilən qədər bəhanə tapa bilir. Şikayətlənməyə lüzum yoxdur. Bu illər ərzində çox şey əldə etmişəm. Sənətimə minnətdaram. Ona görə ki, kino qarşıma yaxşı insanlar və maraqlı həyat çıxarıb. Tam səmimi deyim ki, 45 ildə qazandığım ən böyük mükafat Ramiz Abutalıbovla dostluğumdur. Bu mənə yetər”…
TANITIM: Tahir Tahiroviç Bakıda anadan olub. 1993-1998-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində, 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində Sinema üzrə magistr təhsili alıb.Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun “Teatr, kino və televiziya” şöbəsinin aspirantıdır. 1995-2000-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, 2003-2007-ci illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində kinorejissor, 2007-2008-ci illərdə AzTV-nin “Xüsusi layihələr” departamentində rejissor, 2008-2016 -cı illərdə “Salnamə” kinostudiyasında quruluşçu rejissorkimi çalışıb. Hazırda “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəridir.”Nova Gorica” kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaradıcılarındandır. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı olub.
Quruluş verdiyi filmlər: “Yaz havası” (1998-bədii film), “Özgələr arasında doğma” (2004-sənədli film), “Akademik Yusif Məmmədəliyev” (2005-sənədli film), “Sərhədsiz ürək” (2006-sənədli film), “Səhra gülü” (2007-sənədli film), “Sofya” (2008-sənədli film), “Təxəllüsü “Mixaylo” (2008-sənədli film), “Xəzərdən Dunyaya” (2010-sənədli film), “Qafqaz qartalının uçuşu” (2010-sənədli film), “Parisdən məktublar” (2013-sənədli film), “Cümhuriyyət tələbələri” (2018-sənədli film), “Mirzə Cəlilin Azərbaycanı” (2019-sənədli film) və s.
Sənədli filmlər rejissoru kimi
Sənədli filmlər rejissoru kimi tanıdığımız, “sənədli film kinonun janrlarından biridir, ancaq demək olmaz ki, o biri janrlar kino deyil” deyən Tahir Tahiroviç, onu da qeyd edir ki, “Telefilm” və “Salnamə” kinostudiyalarında çalışdığı vaxtlar sənədli film üzrə ixtisaslaşıb: “Bu baxımdan, sənədli filmlər çəkmək bir növ vəzifə borcum idi. Bir məsələni də vurğulamaq istəyirəm ki, sənədli film çəkmək bədii film çəkməkdən heç də asan deyil, əksinə, sənədli film daha çətindir. Bədii film tamamilə təxəyyül məhsuludur. Amma sənədli filmdə araşdırma aparmaq və vacib sənədləri tədqiq edib tapmaq, üzə çıxarmaq lazımdır. Bir çox sənədli filmlərimiz müəllifin düşüncə və xəyallarının məhsuludur. Bu yanaşma ilə sənədli film çəkmək doğru deyil. Digər tərəfdən, sırf sənədlər əsasında film çəkmək həddən ziyadə çətindir. Bəzən müraciət olunmuş qəhrəmanların həyatı sənədli filmlərdə şişirdilir və mif yaradılır”. Məhz bu səbəbdən “gördüyünü söyləməklə, oxuduğunu danışmaq tam fərqli şeylərdir” deyilir. Çünki eşitdiyini və ya oxuduğunu danışan adamlar bəzən faktları, müəyyən məqamları böyüdürlər ki, bu da sənədli kinoya yapışmır.Hər sahənin öz adamı deyirlər, ancaq elə olur ki, bir sahə üzrə ixtisalaşan insanlar müxtəlif dünyagörüşünə sahib olduqları üçün hadisələrə baxışları da fərqli ola bilir. Bu baxımdan rejissorlar da fərqli düşüncəyə sahib olurlar:
-Ssenari üzərində hadisələri quranlar
-Ssenaridəki hadisələri araşdıraraq, onlara geniş düşüncə tərzi ilə yanaşanlar.
Kim nə deyir desin, canlı hadisələr üzərində film çəkmək özü rejissor düşüncəsindən qat-qat yüksəkliklərə meyl edir. Yubilyarımız məhz o rejissorlardandır ki, eyni zamanda araşdırmaçıdır, eyni zamanda gördüklərini bir yazıçı düşüncəsi ilə qələmə almağa meyllidir, hətta səyahət edərək yazılanları canlı görməyi tərcih edənlərdəndir və qəhrəmanlarının həyatını canlandıraraq hadisələrə obyektiv yanaşması üçün geniş tamaşaçı auditoriyasına şərait yaradır.
Tahir Tahiroviç rejissor kimi düşünməyi də, düşündürməyi də yaxşı bacarır və deyir: “Tarix yaşananlar deyil, yazılanlardır. Bu məsələlərdə bir az ciddi olmaq lazımdır. Mən tarixçi deyiləm, bu işlərə həvəskar yanaşıram. Mən kinorejissoram və sadəcə filmlərim barədə danışaram”.
Cümhuriyyət tarixi ilə bağlı sənədli filmlərin müəllifi kimi
Qeyd etdiyimiz kimi, Tahir müəllim eyni zamanda araşdırmayla məşğul olur. Cümhuriyyət tarixini araşdıraraq ekranlaşdırdığı sənədli filmlərin müəllifi kimi də tanınır. Əsasən Cümhuriyyət tarixindən və İkinci dünya müharibəsindən bəhs edən 15-ə yaxın film çəkib.
Rejissor deyir ki, bu filmlərin yaranmasının əsas səbəbi 1–ci dərəcəli müşavir-diplomat, ictimai xadim Ramiz Abutalıbov olub: “Əbdürrəhman bəy Düdənginski haqda “Düdəngidən Münxenə” adlı sənədli film çəkirdik. Həmin ərəfədə Ramiz müəllimin “Özgələr arasında doğma” adlı kitabı işıq üzü gördü. Kitabı mənə hədiyyə etdi və bununla da mənəvi işbirliyimiz başladı. 6 film üzərində bərabər çalışdıq. Xatırladım ki, Ramiz məllim Fransada azərbaycanlıların mühacir həyatını tədqiq edən, qəhrəmanlarına yeni nəfəs verib yaşadan və araşdırmalarını qələmə alan nadir şəxsiyyətlərdəndir. Sevinirəm ki, bu şərəfli işi davam ettdirmək üçün məni özünün mənəvi davamçısı seçdi. Bəzi mühacirlərimizin izlərini, onların məzarlarını axtarmaq üçün Ramiz müəllimlə dəfələrlə Fransada ezamiyyətdə olmuşam”. Və onu da qeyd edir ki. məzarları yeni kəşf etməyiblər, hamısı yerindədir, sadəcə ziyarət edirlər: “Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qurbanəli Şərifzadənin Feriköydəki (İstanbul) məzarını 5 il öncə ziyarət etdim və tamaşaçılara, oxuculara təqdim etdim. Bu o demək deyil ki, həmin məzar heç kimə bəlli deyildidi. Yaddaşlardan itdiyi üçün axtarıb ziyarət etdim, yəni yenidən yada saldım. Ramiz müəllim həmişə deyir ki, qərib məzarlar bizim mədəni irsimizdir”. Mədəni irsimiz olan qərib məzarları qorumaq, yada salmaq və ən önəmlisi lentə köçürmək, bu da rejissorların üzərinə düşür, təbii ki, bu işlərə həvəs göstərən rejissorların.
Tahir müəllim nə qədər çox təvazökarlıq etsə də, əslində qərib məzarları ziyarət etməkdən heç vaz keçməyib.
Maraqlı bir faktı diqqətinizə çatdırmaq istərdik: Hüseyn xan Naçıvanskinin qızı, Tatyana xanımın Nitsa şəhərində itib-batmış məzarını üzə çıxmasında rol oynayıb. O, deyir, qəbrin nömrəsi haqda məlumatlı şəxs Ramiz müəllim idi və saatlarla apardığımız axtarışlar heç bir nəticə vermirdi: “Ancaq sənədsiz və sübutsuz, əlimizdə əsas olmadan heç nə iddia edə bilməzdik. Ancaq uzun axtarışdan sonra qəbri tapdıq. Baxınca hiss olunurdu ki, bu məzarı illərdir heç kim ziyarət etməyib”.Və illər sonra ziyarət edən şəxs də görüntüyə biganə qala bilməzdi, qalmayıb da. Bundan başqa, Feriköy məzarlığındakı Miryaqub Mehdiyevin qırılmış qəbir daşını dostalrının yardımı ilə bərpa edən rejissor onu da qeyd edir ki, Münhendə Dündənginski haqda film çəkəndəfilmin qəhrəmanlarından biri olan Bəşir Əlizadə ilə məzarlığa gəlmiş və onun baş daşının götürüldüyünü görüb. Səbəbini soruşanda ödəmə vaxtının bitdiyini deyiblər. Tahir Tahiroviç bunu eşidincə Almaniya və Azərbaycandakı dostlarına car çəkib və maliyyə toplayaraq qəbri bərpa etdirib.
Kinomuzun keçmişi, bu günü və gələcəyi
Kinodan söhbət düşəndə, az qala bütün tamaşaçılar SSRi dövründə çəkilən filmlərdən danışır, sanki belə filmlərin davamını gözləyirlər.
Tahir müəllim də o fikirdədir ki, bəhs etdiyimiz dövr ayrı bir dövr idi, ən əsası, kinoya onu anlayanlar və sevənlər rəhbərlik edirdilər, yetərincə yaxşı filmlər çəkilirdi: “Ona görə də, biz hələ də Azərbaycan xalqını kinomuzun o dönəmindən yaxşı mənada ayıra bilmirik. Kimi dindirirsən, o dönəmin filmlərindən danışır. Amma Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələr öz kinolarının yeni dönəmini yaratdlıar. Dünənlə ilə fəxr etmək yaxşıdır, amma bu günü bada vermək olmaz”. Bəlkə də kinematoqrafçıların hər biri o fikirdədir ki, kinoda vəziyyət o qədər də ürəkaçan deyil. Arxada itirilən illər var, ciddi islahatlar aparılmalıdır.
Rejissor bildirir ki, biz ölkələri tapdayıb birbaşa Avropa, Amerika təcrübəsindən yararlana bilmərik, İran, Rusiya, Türkiyə kinematoqrafçıları ilə əməkdaşlıq etməliyik. Çünki istənilən filmin ərsəyə gəlməsində regional mentalitet böyük rol oynayır. Bütün bunlara baxmayaraq işıqlı sabahlara hər zaman ümid var. Eyni zamanda qeyd edir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti, son bir ildə gördüyü işlər, Kino Evində keçirilən tədbirlər, Kino Məktəbinin bərpası və s. kinomuza bir işıq salıb: “Düzdür, bu işığa daş atanlar var. Amma onlar kiçilib, İttifaqın işığı isə çox böyüyüb”.
SON SÖZ ƏVƏZİ: Bir çox festivalların müxtəlif priz və diplomlarına layiq görülən, Böyük Vətən Müharibəsinə həsr olunmuş sənədli filmlərinə görə, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə V.Putinin imzasıyla mükafat alan, daima gərgin iş sistemində kinomuz üçün işlər görən, Azərbaycan kinosunun sabahına inanan Tahir müəllimin fəaliyyəti dövründə gördüyü işlərin sadəcə bir qismini bu məqalədə anlatmağa çalışdıq.
Hörmətli Tahir Tahiroviç!
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti adından sizi yubiley yaşınız münasibətilə səmimi qəlbdən təbrik edir, yeni araşdırmalar əsasında yeni filmlər çəkməyi arzulayırıq.
Xədicə QİYAS