– Həyat çox gözəldir, Rasim müəllim…
– Nəyi gözəldir, hara baxırsan müharibələr, haqsız axıdılan qanlar, tökülən göz yaşları, təbiət belə, insanla artıq oyun oynayır… hanı tanıdığım, bərabər çalışdığım insanlar, hanı o Azərbaycan kinosunun qaynar iş sistemi, bir-birinin ardınca çəkilən filmlər, rəqabət hanı?!
Demək istərdim ki, bütün bunlara baxmayaraq, həyat yenə də gözəldir, ancaq o Rasim Balayev idi – dediyin sözün kəsəri var idi, ağıllla düşünən, məntiqli cavablar verməyi bacaran, daim hazırcavablığı və uzaqgörənliyi ilə seçilən qəhrəmanımız idi…
Bu dünyadan bir Rasim Balayev keçdi…
Ölkəmiz müstəqillik əldə etdiyi üçün, ağır bir sistemdən çıxaraq azadlığa qovuşduğumuz üçün çox xoşbəxt idi, ancaq yenə də nə isə çatmırdı, hər zaman nigaran idi… Uşaq səmimiyyətilə olan gülüşünün arxasında sanki narahat duyğular özünə yer eləmişdi…
Bütün şöhrətə qovuşmuş, “Azərbaycanfilm”lə yanaşı, eyni zamanda dünyanın bir çox kinostudiyalarının istehsal etdiyi önəmli sənət nümunələrində yer almış, yüksək əxlaqi keyfiyyətləri ilə ətrafında üstünlük nümayiş etdirməyi, Allahın bəxş etdiyi gözəl siması ilə yaratdığı portret obrazları özününküləşdirməyi bacarmış və ən önəmlisi isə xoşbəxt ailə səadəti yaşayan bir insanın nigaranlığı nə ola bilərdi?!
Əlbəttə ki, kinomuzun yaşadığı böhran, çəkiliş meydançalarının boş qalması, filmə çəkilməyi gözləyə-gözləyə qocalan aktyorların, film çəkmək üçün sıra gözləyən və gözləmə zamanı artıq sağlam rəqabətdən betər eybəcərliklərin ağuşunda qalan rejissorların taleyi, kinoda olan operator, səsləndirmə, musiqi işlərinin hamısının sıradan çıxması və daha nələr… Bütün bunları sadəcə aktyor kimi deyil, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri kimi çalışdığı dövrdən düşünürdü, çıxış yolları axtarırdı…
Kütləvi informasiyalar vasitəsilə verdiyi müsahibələrin hər birində kinonun yaşadığı böhranla bağlı həyəcan təbili çalırdı… Axı bünövrə var, əgər bu bünövrənin üzərində dayanmasaq, o zaman hər şey məhv olacaq…
Azərbaycan kinosunda yaratdığı qəhrəman obrazlar silsiləsi ilə, vətən, torpaq, millət sevgisini təbliğ etməklə gənc nəsilə vətənpərvərlik ruhu aşılayan Rasim Balayev üçün kino sənəti daim zirvə hesab olunub. Eləcə də, sənət və sənətkarlıqda bir çox keyfiyyətlərin – təcrübənin, düşüncənin müdrikliyin, təqlid etmədən öz yolunu tapmağın, ən önəmlisi isə yüksək əxlaqi keyfiyyətlərin birləşməsini vacib amillərdən biri hesab edib. Türkiyə, Almaniya, Cənubi Azərbaycan, Tacikistan, Özbəkistan, Moskva, Gürcüstan və başqa kinostudiyaların istehsal etdiyi bir çox filmlərdə maraqlı rollar yaradan Rasim Balayev, yalnız müsbət qəhrəmanları deyil, həm də cəmiyyətdəki mənfi tipləri yaratmaqla tamaşaçı auditoriyasını düşündürməyi bacarıb.
O sadəcə sənət haqqında düşünmür, dünyada baş verən hadisələri izləyir, haqsızlıqlara qarşı münasibət bildirərək deyirdi ki: “Planetimizin bəlalardan uzaq olmasını, insanların bir-birinə hörmətlə yanaşmasını istəyirəm. Bu dünyada əbədi heç nə yoxdur. Heç birimiz əbədi yaşamayacağıq. Düşünürəm ki, dünyada haqsızlıq olmasa dünyamız çiçəklənər, həyatımız gözəlləşər”.
Kinematoqrafiya və digər sənət növləri insanları xoşbəxt etməyə borcludurlar… Kino üçün nə bacarırdı etdi, hətta bacarmadıqlarını da etdi, yəqin ki, özü ilə bərabər nigaranlığını, çarəsizliyini də apardı…
O, özünü qəhrəman hesab etmirdi, deyirdi ki, mən Babək, Nəsimi, Beyrək, Cavid deyiləm. Bunların hər biri obrazdır və mən bacardığım qədər bu obrazları dolğun yaratmağa çalışmışam. Xalq isə sevimli aktyorunu artıq çoxdan qəhrəman elan etmişdi.
O, Nəsimi kimi poeziyanın vurğunu idi, Babək kimi qəhrəmanlıq ruhunda idi, Beyrək kimi döyüşmək gücündə idi, Cavid kimi sözü birbaşa deməyi bacarırdı. Qəhrəmanlarından onda, ondan da qəhrəmanlarında nəsə var idi, sanki bir-birinə bağlayan bir bağ kimi…
Rasim Balayev elə sənətkarlardan idi ki, uşaqdan-böyüyə hamının sevgisini qazanmışdı. Orta məktəblərdə, ali təhsil ocaqlarından onunla keçirilən görüşlərdən bu sevgini hiss etməmək mümkün deyildi. Uşaqla uşaq, böyüklə böyük dilində danışmağı yaxşı bacarırdı. Hələ xanımlara olan münasibətində necə ata, qardaş nəvazişi göstərirdi, bunu sözlə ifadə etmək çox çətindir… Belə yüksək keyfiyyətləri hər adam daşıya bilməzdi…Deməli Uca tanrı tərəfindən seçilmişdiniz… Siz Allahı da sevirdiniz, dini də sevirdiniz, milləti, ölkəni də sevirdiniz, ürəyiniz sevgi dolu idi Rasim müəllim. Məhz bu səbəbdən dünyanın belə böhran vəziyyətə düşməsini, bütün sahələrdə olan mövcud durumu, ən böyük təbliğat vasitəsi olan kinomuza laqeyd münasibəti qəbul etmək istəmirdi… Getmək üçün çox tələsdiniz, bəlkə də çıxış yolunu getməkdə gördünüz…Ölümü sizə heç yaraşdırmadıq, Rasim müəllim…
Azərbaycan Kinematoqrafçılar İttifaqı var olduqca, Siz də bizimlə bərabər addımlayacaqsınız, Sizi unutmaq nə demək?! Əksinə, yarımçıq qoyub getdiyiniz bütün işləri bərabər sona çatdıracağımıza söz veririk…
Həmişə bizimlə olacaqsınız Rasim müəllim, ruhunuz şad olsun!

