Azərbaycan televiziyalarında, kinoteatrlarında dünyanın çox ölkəsinin bədii filmləri, serialları nümayiş olunur. Bəs əcnəbilər də Azərbaycan filmlərinə baxırlarmı? Xarici ölkələrin TV-lərində, kinoteatrlarında Azərbaycanın bədii filmləri nümayiş edilirmi? Azərbaycan kinosu dünya kinosuna inteqrasiya olunubmu? Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, kinorejissor Əli İsa Cabbarov Medianews.az saytına müsahibə verib.
“İnteqrasiya dedikdə, söhbət ilk növbədə beynəlxalq film festivallarında iştirakdan, xarici ölkələrin kinoteatrlarında Azərbaycan filmlərinin nümayiş olunmasından gedir. Festivallarda iştirak çox vacibdir. Azərbaycan Kinematoqrafçılar İttifaqı “Kinosəyyah” proqramını həyata keçirir. Bu proqram çərçivəsində biz kinematoqrafçılarımızın xaricə səfərlərini dəstəkləyirik. Eyni işi Azərbaycan Respublikasının Kino Agentliyi də görür. Amma təəssüf ki, aidiyyəti strukturların bu sahədə konseptual fəaliyyəti yoxdur.
Xaricdə Azərbaycan kinosu günləri keçirilməlidir. Ölkəmizdə yeni filmlər çəkildikcə xaricdəki tamaşaçıları da həmin filmlərlə tanış etmək gərəkdir. Kinoteatrlarda nümayiş üçün isə dünyadakı prokat şirkətlərinin kommersiya marağı olmalıdır. Onları bizim filmləri nümayiş etdirməyə məcbur edə bilmərik. Amma Azərbaycan kinosu günləri çərçivəsində biz qeyri-kommersiya xarakterli təqdimatlar reallaşdıra, film mərasimləri keçirə bilərik. Bu işə də vəsait ayrılmalıdır. AKİ də belə işlərdə iştirak etmək istəyər, öz dəstəyini göstərər”.
Əli İsa Cabbarovun sözlərinə görə, sonuncu dəfə 2022-ci ilin fevralında Moskvadakı “İllüzion” kinoteatrında Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə layihə əsasında Azərbaycan kinosu günləri keçirilib: “O zaman bir neçə gün ərzində müxtəlif dövrlərdə Azərbaycanda çəkilmiş 19 ekran əsəri “İllüzion”da göstərildi. Çox maraqlı, əks-sədalı bir tədbir oldu. Mətbuatda geniş işıqlandırıldı. Eyni addımı, tutalım, Fransada, İtaliyada, Almaniyada, başqa ölkələrdə də atmaq lazımdır. Azərbaycan kinematoqrafçıları ayrı-ayrılıqda, fərdi qaydada kinomuzu dünyada təmsil edirlər. Amma fundamental təbliğat üçün məxsusi kino günləri keçirilməlidir. Bunun çox xərc aparan variantı olduğu kimi, az büdcə tələb edən variantları da var”.
Əli İsa Cabbarovun fikrincə, kino günlərində mövzu rəngarəngliyi olmalı, fərqli mövzularda ekran əsərləri təqdim edilməlidir: “Dünyanın kino ekspertlərinin diqqətini cəlb etmək vacibdir. Məsələn, biz Kinoyazar.az saytı yaratmışıq, ingilis dilində versiyası da var. Dünyanın hər hansı nöqtəsində Azərbaycan kinosu haqqında məlumat almaq istəyən şəxs ingilis dilində buradan əldə edə bilər. Mövzu maraqlı olduğu halda filmin özünə də baxa bilərlər. Ona görə də bu sahədə konseptual iş aparmaq lazımdır. Filmlərin keyfiyyəti olmasa, dünya kinosu bizimlə maraqlanmayacaq. Filmlərin keyfiyyətini, mövzuların rəngarəngliyini, rejissor dəst-xətini ustalıqla qurmaq gərəkdir ki, dünya bizə maraq göstərsin”.
Hər işin təbliğata ehtiyacı olduğunu söyləyən Əli İsa Cabbarov bir daha vurğulayıb ki, kinomuzun təbliğatı işinə konseptual yanaşma yoxdur: “Xaricdə həyata keçirilən mədəniyyət tədbirləri siyahısına Azərbaycan kinosu günləri də salınmalı, filmlərimiz dünya paytaxtlarında göstərilməlidir. Musiqimiz bu sahədə daha şanslıdır. Ona daha çox vəsait ayrılır. Vaxtaşırı Avropanın konsert zallarında, telekanallarında Azərbaycan musiqisi eşidilir. Həqiqətən də musiqimiz dünya səviyyəsindədir. Amma kinomuza da daha artıq diqqət, təbliğat, dəstək ayrılsa, müəyyən qədər Avropa kinosu ailəsində özünə yer tuta bilər. Bizim bu cəhətdən təqdimat xarakterli tədbirlərə ehtiyac var.
Deyim ki, özəl prodüserlərimiz kino bazarında ilk addımları atmaqdadır. Məsələn, hazırda Ramil Ələkbərovun rəhbərliyi ilə “Kinobiz” şirkəti Birləşmiş Ərəb Əmirliklərində kino bazarında iştirak edir. Orada bir neçə Azərbaycan filmi satışa çıxarılıb. Aidiyyəti qurumlar belə təşəbbüsləri dəstəkləməlidirlər. Məsələn, onların səfərlərinə dəstək verilməlidir. Kino bazarında aktiv iştirak Azərbaycan filmlərinin dünyaya çıxışına kömək edir”.
Orijinal məqaləni bu linkə keçid edərək oxuya bilərsiniz: https://medianews.az/xaricde-azerbaycan-kinosuna-baxirlarmi

