Elmar İmanovdan kino-şeirlər

Martın 7-də “Azərbaycan” Cinema-da rejissor Elmar İmanovun “Tabutçunun yelləncəyi” və “Torn” (“Ayrı-ayrı”) qısametrajlı bədii filmlərinin nümayişi baş tutub.

Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Sevda Sultanova bildirdi ki, hər iki film AKİ-nin təşəbbüsü ilə bir neçə dəfə nümayiş olunsa da, anşlaqla keçir: “Bu da filmin keyfiyyətindən, tamaşaçının qəlbinə toxunmasından xəbər verir. Elmar İmanov maraqlı rejissordur, xaricdə yaşasa da Azərbaycan filmləri çəkir. Onun filmlərinin əsas motivlərindən biri doğmalar arasında itmiş kommunikasiya, münasibətlərində ünsiyyət prooblemi yaşayan insanların problemləridir”.

Sonra səhnəyə hər iki filmdə əsas rolları ifa edən  aktyorlar-Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Qurbanova dəvət olundular və filmlərin çəkilişi haqqıda qısa məlumat verdilər.

“Tabutçunun yelləncəyi” və “Torn” filmlərinin nümayişindən sonra müzakirələr başladı, aktyorlar tamaşaçıları maraqlandıran suallara cavab verdilər.

Bir sıra filmlərin redaktoru, ssenarist, dokumentalist Toğru Cuvarlı bu filmlərin çoxdan çəkildiyinə baxmayaraq, onları ilk dəfə gördüyünü dedi: “Təəssüflənirəm ki, bu cür maraqlı, təsirli filmlər az nümayiş olunur. İki istedadlı gənc aktyoru da indi bu filmlərdən tanıdım. “Tabutçunun yelləncəyi” daha çox poetik kino istiqamətinə aiddir. Finalda ata oğlunun sağalmaz xəstəliyi olmadığını öyrənəndən sonra onun üzündəki ifadələr düşünüdürür, suallar qoyur”.

Filosof Rəhman Bədəlov hər iki filmin uğurlu alındığını bildirdi: “Lakin çox təəssüf ki, indi göstərilən filmlər, ümumilikdə kinomuzun uğuruna çevrilə bilmir. Yəni kinomuzda ayrı-ayırılıqda epizodik uğurlar var. Niyə belədir? Mən düşünürəm ki, Elmar İmanovun iştirakılə bu mövzuda bir müzakirə keçirmək olar”.

AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov bildirdi ki, “Tabutçunun yelləncəyi” şairanədir və əhvalatı şeirlə danışa bilir. Aktyor Şamil Süleymanlının mahir ifasını qeyd edən rejissor bildirib ki, “belə təəssürat yaranır ki, Şamil müəllimə kadrda məkan verməsən belə o ancaq gözləri ilə oynaya bilər”.

Tamaşaçıların suallarına cavab verən aktyorlar maraqlı məqamlara toxundular. Rasim Cəfər qeyd elədi ki, “Tabutçunun yelləncəyi” filmindəki rol mürəkkəb idi və o, bu rolu ifa etmək üçün Ruhi Əsəb Xəstəlikləri dispanserinə müşahidə aparmaq məqsədilə müraciət eləsə də, ona izin verməyiblər: “Təsadüfən uzaq qohumlarımdan birinin evində əlilliyi olan gənci gördüm, onu uzun müddət müşahidə etdim və “Tabutçunun yelləncəyi”ndəki obrazın plastikası ona aiddir”.

Elmar İmanovla  əməkdaşlıqdan danışan Zülfiyyə Qurbanova çətin səhnələrdən söz açdı: “Elmar İmanov rejissor kimi inandırmağı bacarır, aktyora sərbəstlik və imkanlar verir. Hətta “Mövsümün sonu” filmində çimərlik geyimində çəkilmək istəmirdim. Aktyor kimi qırmızı sərhədlərim var. Amma Elmar elə inandırdı, bir də onda ayıldım ki, şəhər dükanlarında çimərlik geyimi axtarıram”.

Hər iki aktyor  Azərbaycan Kinematoqrafçılar İttifaqına müəllif  kinosunu diqqətdə saxladığı üçün təşəkkürlərini bildirdi.

Qeyd edək ki, “Tabutçunun yelləncəyi” tabut düzəldən ata ilə məhdudiyyəti olan oğulun münasibətlərindən bəhs edir. Film 2012-ci ildə Amerika Kino Akademiyasının tələbə filmləri bölməsində   “Xarici film” nominasiyası üzrə bürünc medala (“Tələbə Oskarı”) layiq görülüb. Ata və oğulun münasibətini, gənc kişiylə qadının dünyalarını ekrana gətirən “Torn” isə 2014-cü ildə Kann festivalının “Rejissor həftəliyi” proqramına salınıb.

aki.az