Elmar İmanovun filmləri Kino Evində

Noyabrın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Elmar İmanovun “Ayrı-ayrı” və “Tabutçunun yelləncəyi” filmlərinin nümayişi baş tutub.

Moderatorluğunu kinoşünas Sevda Sultanovanın etdiyi tədbirdə rejissor Elmar İmanov,  “Tabutçunun yelləncəyi” filminin baş rol ifaçılarından Rasim Cəfər, Zülfiyyə Qurbanova  və “Ayrı ayrı”  filminin prodüseri Teymur Hacıyev iştirak edib.

Köln Beynəlxalq Kino Məktəbinin məzunu olan E.İmanovun sözügedən filmi Amerika Kino Akademiyasının “Tələbə Oskarı” mükafatının təqdimetmə mərasimində “Ən yaxşı əcnəbi film” nominasıyasında bürünc mükafata layiq görülüb. Baş rollarını xalq artisti Şamil Süleymanlı, Rasim Cəfərov, Qurban İsmayılov, Zülfiyyə Qurbanova və Emin Səmədzadənin oynadığı film tabut düzəldən ata (Yaqub) ilə əqli məhdudiyyəti olan yetkin oğul (Musa) arasında münasibətlərdən bəhs edir. Hər iki filmin nümayişdən sonra yaradıcı heyət tamaşaçıların və moderatorun suallarını cavablandırıb.

Kinoşünas Sevda Sultanova Elmar İmanovun filmlərini şərh edərkən bildirib ki, rejissor uzun illərdir Almaniyada yaşasa da, Azərbaycanla bağlı filmləri xüsusi təsirə malikdir: “Sizin filmlərinizin hekayələri universal olsa da, bütün hallarda, orada bizim milli xüsusiyyətlərimiz görünür. Filmlərinizə baxanda, mənə elə gəlir ki, siz Azərbaycanı burada işləyən bir qisim rejissorlardan daha yaxşı hiss edir, cəmiyyəti daha yaxşı tanıyırsınız. Çünki sizin hekayələriniz doğrudan da, təsirlidir”.

Moderatorun “Maraqlıdır, Azərbaycanla bağlı filmlər üçün ssenari yazanda, medianı izləyirsiniz? Azərbaycana gəldiyiniz zaman insanlarla görüşürləriniz ssenariləriniz üçün material ola bilirmi?” sualına cavabında rejissor “Tabutçunun yelləncəyi” filminin ssenarisini beş günə yazdığını da açıqlayıb: “Mən şadam ki, filmlərimdə Azərbaycanı hiss etməyin mümkün olduğu qənaətindəsiniz. “Tabutçunun yelləncəyi” filmindən danışsam, əslində, bu filmin hekayəsi Azərbaycanda başlamır. Bu hekayə harada isə bir yerdə başlayır və sonradan məlum olur ki, əslində, hadisə Azərbaycanda imiş. Bu filmin ideyasını Çexovun bir hekayəsini oxuduqdan sonra yazmışam. Daha doğrusu, heç yazmamışam, Kino Məktəbində oxuyanda, bu haqda xeyli düşünmüşəm, düşünmüşəm. Buradakı hadisələr 19-cu əsrin ortalarında Almaniyanın uzaq bir yerində baş verir. Əslində, mən birdən-birə fərqinə vardım ki, prinsipcə, bu hadisələr bugunkü Azərbaycanda yaşanır. Məsələn, burada da rüşvət var və ya həkimlər yanlış diaqnozlar qoyurlar. Doğrudur, bu hadisələr hər yerdə baş verə bilər, amma bura bu saydıqlarım üçün daha aydın yerdir. Sonradan düşündüm ki, nəyə görə mən bunları günümüzə köçürüb, çəkməyim? Düzdür, deyə bilərəm ki, müəyyən mənada, bu filmi çəkməyə məcbur olunmuşam. Çünki əslində, bu filmdən öncə mənim uzun illərdən sonra Almaniyadan Azərbaycana qayıdan miqrantla bağlı başqa bir böyük film ssenarim var idi. Amma oxuduğum Kino Məktəbində mənə dedilər ki, bizim bunu maliyyələşdirəcək resursumuz yoxdur. Şərt qoydular ki, başqa bir ssenari yazmaq üçün 5 gün vaxtın var. Beləcə “Tabutçunun yelləncəyi”nin ssenarisini yazdım”.

Filmlərinin ssenarisinin yazılma metodu ilə bağlı suala isə rejissor belə cavab verib: “Mən 4 dildə- Azərbaycan, rus, ingilis və alman dillərində- yetişə bildiyim qədər oxuyuram. Eyni zamanda, ildə iki dəfə Azərbaycana gəlirəm. Bütün bunlar ssenariləri yazmağıma kömək edir”.

Rejissor hər üç filmində eyni aktyorlarla işləməsinin xüsusi səbəbini belə açıqlayıb: “Birincisi, onlarla işləyirəm, çünki onlar həmişə mənimlə işləməyə razılaşır. İkincisi, onlarla pulsuz işləmək olur. Düzdür, ilk iki filmdə müəyyən ödəniş etmişdik, çünki orada büdcə var idi. Əlbəttə ki, eyni aktyorlarla həm də ona görə işləyirəm ki, onlar yaxşı aktyor və yaxşı insandırlar”.

Filmin prodüseri Teymur Hacıyev çıxışında deyib ki, “Ayrı-ayrı” filmində zəhməti keçən hər kəs həqiqi sinema üçün mübarizə aparıb: “Filmin çəkilişləri çox yaxşı yadımdadır. Məsələn, damda çəkilən bir səhnə vardı, yadımdadır, düşürdüm aşağı, dönər alıb, qalxırdım yuxarı. Çəkilişlər bitirdi, sonra camaatı maşınla evlərinə aparırdım. Biz bu film üçün məhdudiyyətlərlə, heç bir xüsusi imkan olmadan işləyirdik. Məncə, film  burada işləyən hər kəsin həqiqi sinema üçün mübarizə apardığına görə alındı. Uzun sözün qısası, filminiz üçün mübarizə aparın, onda hər şey alınacaq”.

Filmdə canlandırdığı Musa xarakteri ilə tamaşaçıların və mütəxəssislərin rəğbətini qazanan aktyor Rasim Cəfər bildirib ki, o, ilk dəfə ssenarini oxuyanda, filmdən imtina etmək istəyib: “Çünki qorxdum, “Görəsən, oynaya bilərəmmi?” deyə, tərəddüd etdim. Amma sonra razılaşdım. Razılaşmağımın səbəbi isə bir qohumumla bağlı idi. Bu personajın bütün fiziki görünüşü əslində, mənim qohumumun görünüşüdür. Mən uzun müddət bu rol haqda düşünürdüm. Sonra bir gün qohumumgilə gedəndə, o adamı gördüm, ona xeyli baxdım və düşündüm ki, bəli, bu adam mənim oynayacağım həmin personaja uyğun gələ bilər. Sonra başladım mütəmadi olaraq onlara getməyə”.

Aktyorun söylədiyinə görə, o, rolunu daha yaxşı anlaya bilmək üçün dövlətə məxsus psixi xəstəxanalardan birinə də müraciət edib: “Mən onlara aktyor olduğumu, rolum üçün xəstələri müşahidə etmək istədiyimi söylədim. Amma içəri girmək üçün icazə ala bilmədim. Ona görə də sadəcə öz qohumumu müşahidə etməklə kifayətləndim”.

Aktrisa Zülfiyyə Qurbanova  moderatorun “Siz Rasim Cəfərlə 5 filmdə birlikdə oynamısınız. Sizcə, davamlı olaraq eyni tərəf müqabili ilə işləməyin aktyor üçün qazancı və itkisi nədir?” sualına cavabında bildirib ki, o, həmkarı ilə tərəfmüqabili olmaqdan zövq alır: “Öz adıma deyə bilərəm ki, mən heç nə itirməmişəm. Əlbəttə ki, Rasimlə ilk dəfə birlikdə çəkilməklə sonrakı tərəf müqabilliyimiz arasında çox böyük fərq var. “Tabutçunun yelləncəyi” bizim birlikdə oynadığımız ilk film idi. Sonrakı rollarda enerjimiz daha çox uyğunlaşdı. Mənim üçün Rasimlə oynamaq yorucu deyil. O, çox istedadlı bir aktyordur və mən onunla işləməkdən çox şey alıram”.

Aktrisa deyib ki, o, hətta bundan sonrakı rollarını da Rasim Cəfərlə oynamaq istəyindədir: “Aktyor var ki, sən onun gözünə baxırsan və sadəcə baxırsan. Amma aktyor var ki, sən onun gözünün içinə baxanda, oradakı işıltını hiss edirsən. Bu, çox önəmlidir. Sən bilirsən ki, hansı improvizəni etsən, ona yad olmayacaq. Rasim nə edirsə, mən özümü ona tabe edirəm, eyni qaydada mən nə edirəmsə, o, özünü mənə tabe edir. Mən onunla 10 filmdə də olsa, işləyərəm. Hətta hansısa film təklifi gələndə, istəyirəm deyim ki, tərəfmüqabilim Rasim olsun”.

Həmkarı Rasim Cəfər də çıxışında Z.Qurbanova ilə oynamaqdan məmnun qaldığını dilə gətirib: “Zülfiyyənin sözündə həqiqət var. Mən onu tərifləmək istəmirəm, Zülfiyyə bütün xoş sözlərin artığına layiqdir. Ümumiyyətlə, məncə, tərəfmüqabili olmaq bir enerji mübadiləsi, belə deyim də, bir növ hanısa bir oyundur, məsələn, tennis deyək. Mən sənə ötürürəm, sən mənə ötürürsən. Əgər mən divarla oynasam, bu, alınmayacaq. Zülfiyyə ilə oynamaq isə belədir ki, sən nə verirsənsə, artığını alırsan”.

Tamaşaçılar arasında 4 -cü dəfə baxdığı halda, filmi eyni həyacan və maraqla izlədiyini dilə gətirənlər də olub. İzləyicilərdən bəziləri isə  xalq artisti Şamil Süleymanovun canlandırdığı Yaqub xarakteri haqda bunları deyib: “Mən Bakı kəndlərindən birində doğulmuşam. Şamil bəyin qəhrəmanı mənim üçün ətrafımda gördüyüm tipik ata obrazıdır. Bu obraz çox dəqiq verilib”.

Kino tənqidçisi Sədaqət Kamal filmi şərh edərkən, rejissora aktyorla iş metodu ilə bağlı sual verib: “Hər şeydən öncə kinoya təmənnasız xidmət etdiyiniz üçün sizə təşəkkür edirəm. Filmə gəlincə, ekranda Rasim bəylə Zülfiyyə xanımın oyununu izləyəndə, mənə elə gəlir ki, filmdə artıq əlavə heç nəyə ehtiyac yoxdur. Çünki hissləri o qədər zəngin ötürürlər ki… Sadəcə rejissordan soruşmaq istərdim ki, bu akyorların oyununu neçə dubla çəkib?”

Aktyordan istədiyini ala bilmək üçün ona ortalama 13 dublun yetərli  olduğunu deyən rejissor bunun  aktyora görə dəyişdiyini də vurğulayıb: “Məsələn, Rasim çox peşəkar aktyordur. Onu aparıb, dünyanın hər yerində filmə çəkmək olar. Bir hadisəni danışım. Biz “Mövsümün sonu”nunu çəkəndə, operatorumuzun bir problemi olmuşdu. O, kameranı yanlış fokuslamışdı. Həmin vaxt biz Rasimin bir səhnəsini 30 dubla çəkmişdik. Sonradan montajda baxanda, gördüm ki, operator həmin o 30 dubldan sadəcə birində foksu düz quraşdırıb. Təsəvvür edin ki, Rasim həmin o 30 səhnənin 30-da da eyni peşəkarlıqla oynamışdı. Qətiyyən heç bir fərq yox idi”.

Ayrı-ayrı 3 filmdə fahişə obrazı canlandıran aktrisa Zülfiyyə Qurbanova hər üç xarakteri bir-birindən fərqli oynamasının metodunu belə izah edib: “Mənim ətrafımda bu sahə ilə məşğul olan qadınlar yoxdur, amma bu rolları oynaya bilmək üçün müşahidə etdiyim xanımlar olub. Xüsusən də elə qadınları müşahidə etmişəm ki, onlar fahişəliklə məşğul olduqlarını gizlədiblər. Amma mən və ətrafımdakı insanlar bilmişik ki, o, bu peşəylə məşğul olur. Mənə ilk dəfə bu rolu Elmar təklif etmişdi. Etiraf edim ki, ö dövrdə çox utanırdım. 2011-ci il idi. Mən mənəvi olaraq o rolu oynamağa sıxılırdım. Həmin rolun bir səhnəsi vardı. Elmar mənə dedi ki, sən o səsi çıxarmalısan. Cavab verdim ki, yox, məni öldürsən də, o səsi çıxara bilmərəm. Sonra çox sağ olsun, otaqdan bütün heyəti çıxardı, sadəcə səs işçisi və operator qaldı. Yalnız bundan sonra mən o səsi çıxara bildim. Doğrudur, o biri otaqda hamı o səsi dinləyirdi, amma mənim üçün önəmli olan idi ki, mən onlarla göz təmasına gəlməyim. Beləcə, həmin səhnəni oynadım”.

Filmin müzakirəsindən sonra rejissor Elmar İmanov nümayiş  üçün Kino Evinə təşəkkür edib.

İzolda Ağayeva Lalə

 

aki.az