Elnur Əliyev: İnsan kapitalının inkişaf etdirilməsinin ən yaxşı nümunəsi Azərbaycan Kino Agentliyidir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində islahatlar aparılacaq.

Report.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, islahatlar 3 əsas istiqamət üzrə aparılacaq: “Birinci hüquqi islahatlardır. İkinci istiqamət kimi infrastruktur və struktur dəyişiklikləri nəzərdə tutulur. Üçüncü istiqamət isə insan kapitalının inkişaf etdirilməsidir. Bunun ən yaxşı nümunəsi Azərbaycan Kino Agentliyidir. İslahatlarla bağlı məsələnin razılaşdırılması prosesi bu yaxınlarda yekunlaşdırılacaq. Bunun məqsədi kino kimi çox əhəmiyyətli sahənin tənzimlənməsi, sərmayələrin cəlb edilməsini təmin etmək və kadrların yetişdirilməsinin təməlini qoymaqdır”.

Nazir müavini onu da qeyd edib ki, Azərbaycanın kino sahəsini dünyada olduğu kimi inkişaf etdirməli, kino çəkilişi baxımından çox maraqlı səhnə olmasını sübut etməliyik: “Bu mövcud infrastrukturun aktivlərinin düzgün formatda çəkilib təqdim edilməsidir. Digər istiqamət isə Azərbaycanın kino sahəsini kommersiya baxımından inkişaf etdirməkdir”.

aki.az