İyulun 9-da “Azərbaycan” CinemaPlus-da rejissor Oleq Səfərəliyevin “Əlvida, Cənub şəhəri” bədii filmi nümayiş olundu. Film haqqında məlumat verən moderator Sevda Sultanova bildirdi ki, “Əlvida, Cənub şəhəri” 2006-cı ildə çəkilib, müxtəlf festivallarda nümayiş olunub və mükafatlara layiq görülüb:
“Çox təəssüf ki, filmin yaradıcı heyətinin bir qismi artıq aramızda yoxdur. Ssenari müəllifi Rüstəm İbrahimbəyovu, rəssam Mayis Ağabəyovu, qırğız operatoru Murat Əliyevi, aktyorlar Fuad Poladovu, Rafiq Əliyevi, Kamal Xudaverdiyevi sevgiylə anırıq”. Daha sonra, tamaşaçıları salamlayan Oleq Səfərliyev dedi: “Bu gün gözləməzdim ki, futbol üzrə Avropa çempionatı keçirilməsinə baxmayaraq, zal doludur. Mənim üçün gözlənilməz oldu. Yaxşı ki, bu şəhərdə nəinki futbola baxanlar, kinoya baxanlar da qalıb”.
Filmin nümayişindən sonra müzakirə keçirildi.
Moderator rejissora “Film bizim reallığımızın bir parçasını əks etdirir. Əsas konflikt, iki müxtəlif mədəniyyətin arasında baş verir. Qarabağ müharibəsi səbəbindən Bakıya gələn qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri, bunun Bakıya təsiri və s. Çox həssas mövzudur. Filmi çəkəndə ssenaridə ehtiyat etidyiniz hansısa situasiyalar, məqamlar oldumu? Rejissor ssenarisində dəyişikliklər etdinizmi?” suallarını ünvanladı.
Rejissor, ssenarinin Rüstəm İbrahimbəyovun povesti əsasında hazırlandığını dedi: “Orada hadisələr 1953- cü ildə müharibədən sonra baş verir. Orada əlbəttə nə caz vardı, nə müğənnilər. Orada dram dərnəyi vardı. Əsas dəyişiklik budur. Mən Rüstəm müəllimə dedim ki, 1952-1953 illərdən heç nə bilmirəm. Ona görə təklif etdim ki, hadisələri yaxın keçmişə keçirək. Həm də 1980-ci illərin axırında elə ağır və tarixi hadisələr baş verdi ki, mənə bu dövr daha maraqlı idi. Rejissor kimi öz işimi görürdüm. Bu film bir dəfə Bakıda göstərildi. Premyerası 2006-cı ildə “Şərq-Qərb” kinofestivalının açılışında oldu. Hələ 18 il ərzində yerli televiziya kanalları bu filmi nümayiş etdiməyib. Kinoteatrda prokatda da olmayıb. Amma Rusiyanın “Mədəniyyət” kanalında göstərilib. Festival taleyi isə uğurlu olub. 30-a yaxın festivalda iştirak edib. Yeganə Azərbaycan filmidir ki, Berlin Festivalının Panorama müsabiqəsində nümayiş etdirilib”.
Filmdə rol alan Xalq artisti Hacı İsmayılov, Oleq Səfərəliyevlə işləməyi bir şans hesab etdiyini bildirdi: “Onunla işlədiyim filmlər mənim üçün çox qiymətlidir. Çox rəvan, sakit, rahat iş prosesi gedib. Onu çəkiliş meydanında nə qışqıran, nə əsəbiləşən gördüm. Öz istədiyini izah edirdi və biz də işləyirdik. Məni qane etməyən tək şey, mənim üçün materialın az olması idi. Amma əsas odur ki, filmə çəkilmişəm”.
Tamaşaçılardan biri rejissora belə bir sual verdi: “Bir səhnədə anladıq ki, kənd mədəniyyəti ilə şəhər mədəniyyəti qarşı-qarşıya gəlir qonşular arasında. Hamı köhnədən yaşayandır, yalnız biri yeni gəlib. Orada uşağın milis maşınının üstünə təbii tələbatını ödəməsi bir sistemin çöküşünü göstərir? O səhnədə başqa bi məna yükü varmı? Çünki, təkrar göstərilirdi. Sonda bəzi səhnələr olmalıydı, amma olmadı və sözlə ifadə edildi. Amma, kino dili vasitəsilə qızın Moskvaya getməyini göstərmək olardımı”.
Rejissor cavab olaraq dedi ki, o, bu filmdə istədiyini çəkib: “Həm də unutmaq olmaz ki, ilk əsər – ssenaridir və biz filmi ssenari üzərində işləməliydik. Həm də Rüstəm İbrahimbəyov elə bir dramaturqdur ki, o, kifayət qədər hekayəni qurur və istədiyi epizodları göstərir. Mənə elə gəlir ki, bu mənada əlavə nəyəsə ehtiyac yox idi. Amma hər tamaşaçının öz filmi var. Baxa-baxa siz də, mən də, əlavə nəsə göstərmək istəyirik, hətta olmayan şeyləri görürsünüz”.
Digər tamaşaçı bu filmin onun üçün vacib olduğunu dedi: “Mən bu filmə ildə, heç olmasa, bir dəfə baxıram. Çətin günlərimdə baxıram, xoş günlərimdə baxıram. Və burada Azərbaycanın çətin günlərini xatırlayram. Burada oturan orta nəslin 1980-ci illərin axırı 1990-cı illərin sonu yaxşı yadlarına düşür. Oleqin filmində o gərginlik yavaş-yavaş göstərilir. Filmdə 1988-ci illər göstərilir, həmin dövrdə televizorda göstərilən debatlar, ekranarxası şərhlər, komendant saatının elan olunması və s. bizim tariximizdir. Burada oturan gənclər yaxşı ki, o günləri görməyiblər. Ancaq mən hər dəfə bu filmə baxanda o günləri yada salıram və Oleqin təkcə rejissor yox, tarxiçi olmasına əmin oluram. Biz Oleqlə 50 ildən çoxdur ki dostuq və tarix fakültəsində bir qrupda oxumuşuq. Bu filmdə azərbaycançılıq və Azərbaycan mədəniyyətinə sevgi var. Orada Şövkət Ələkbərovanın, Xan Şuşinskinin, Eyyub Yaqubovun mahnıları səslənir və onlar bu filmin fonunu yaradırlar. Yalnız öz xalqını dərindən sevən bir insan belə bir film çəkə bilər”.
Filmin icraçı prodüseri Adil Qulamov bildirdi ki, çəkilişdən 18 il vaxt keçib: “On səkkiz il – insanın yetkin yaşıdır, insan əsgərliyə gedir bu yaşda. Bu filmin də yetkin yaşıdır. Orada göstərilən məkanların bu gün çoxu yoxdur, dəyişilib. 18 il az vaxt deyil. Amma indi bu filmə tamaşaçı kimi baxdım. İstəyirəm, inşallah, 3-cü film olsun, bir trilogiya kimi. Minnətdaram, gözəl gün idi. Biz də keçmişə qayıtdıq”.
Filmin ikinci rejissoru Çingiz Həsənov tamaşaçılara təşəkkür elədi: “Mən minnətdaram ki, tamaşaçılar bu gün filmi seyr etdilər. Düşünürəm ki, yaxşı filmdir və bir film kimi özünü doğruldub”.
“Bu film “Bir Cənub Şəhərində” filminin məntiqi davamı kimi düşünülüb. Amma ilk adı “Ümid sahili” olub. Niyə dəyişdiniz adı?” sualına cavab olaraq, rejissor dedi ki, film çəkilə-çəkilə müəyyən mövzular ön plana çıxdı: “Bəzi şeylər çəkildi, amma filmə daxil olmadı. Belə bir söz var ki, film üç dəfə anadan olur. Bir dəfə kağızda, bir dəfə çəkilişdə, üçüncü dəfə montajda. Bəzi şeylər çıxarıldı və əsas mövzu bu oldu. Filmdə həm də öz gördüyüm, şahid olduğum epizodları da çalışmışam ki, əks etdirim”.
Kinoşünas Sədaqət Kamal da filmlə bağlı fikirlərini bölüşdü: “İlk növbədə demək istəyirəm ki, buna həm sənət, həm də “sənəd əsəri” demək olar. Amma ən doğru “sənəd əsəri” adlandırmaqdır. Bu filmə baxanda həmin illərdə yaşadığım dəhşətli anları, günləri xatırladım”.
Daha sonra Rüstəm İbrahimbəyovla işbirliyindən danışan Oleq Səfərəliyev onunla əməkdaşlığın xüsusiyyətlərini vurğuladı:
“Nəinki işləmişəm, hətta 41 il Bakıda, Moskvada onunla müxtəlif layihələrdə, vəzifələrdə çalışımışam. Rüstəm müəllimin əsas xüsusiyyəti bu idi: o, deyirdi ki, mənim yazdığım ssenari tramplindir. Bu, artıq rejissorun işidir ki, o nə qədər hündürlüyə tullana bilir. Yazdığımı dəqiq çəkmək də olar, ondan ilham alıb təxəyyülə əsaslanan başqa bir şey də çəkmək olar. Mən istəmədiyim nəyisə çəkmədim. İstədiyim hər şeyi çəkdim. Amma bu, başqa məsələdir ki, hamısı filmdə qalmadı”.
Rejissor Vaqif Azəryar da müəllifi təbrik etdi: “Filmin bəzi epizodlarına baxmışdım. Bu gün isə tam izlədim. Həqiqətən də film mənə simvollar toplusunu xatırlatdı. Çox şeydə simvol gördüm. Bəziləri dərhal aydın olurdu, bəziləri isə düşündürdü ki, bu, nəyin simvoludur. Bu filmlə biz Rüstəm müəllimi də yad etdik. Bizim mentalitet üçün çox kəskin mövzudur. “Əlvida, Cənub şəhər”i “Əlvida, o mədəniyyət” deməkdir. Mənə maraqlıdır ki, o dövrlə əlaqəsi olmayan yeni nəsil bu filmə baxıb nələri oxuyacaq. Nələr onlar üçün maraqlı olacaq. Çox energetik filmdir. Emosional nöqtələr çoxdur”.
Tamaşaçının “Filmin sonluğu sizin fikrinizdir, yoxsa Rüstəm İbrahimbəyovun ssenarisinə əsaslanırdı?” sualına rejissor belə cavab verdi:
“Final mənim fikrimdir. Teymur Bədəlbəylinin qəhrəmanının ölməsi, köhnə mədəniyyətin, bizim keçmişimizin ölməsidir. Fəxrəddin Manafovun qəhrəmanı isə yeni münasibətdir və o, yeni əsrin qəhrəmanıdır. Ona görə, köhnə olan şeylər ölməlidir”.
Qeyd edək ki, filmin bəstəkarı Səyavuş Kərimidir. Digər rolları Mehriban Zəki, Sənubər İsgəndərli, Şamil Süleymanov, Sadıq Əhmədov, Elmira Şabanova və digərləri ifa edib.
aki.az