Nəinki Qərbi Balkan regionunun, hətta Avropanın 1990-cı illərdə qaynar nöqtələrindən biri Bosniya və Hersoqovina idi. Lakin şəhərin başı nə qədər bəlalar çəksə də, onu “tarixin ürəyi” edən yeganə səbəb onun 1990-cı illər keçmişi deyil. Ümumiyyətlə, şəhər, tarixlə maraqlananlar üçün xəzinədir. Çünki Birinci Dünya müharibəsinin başlanmasına bəhanə-səbəb Qavrilo Prinsip tərəfindən 1914-cü ildə Frans Ferdinandın öldürülməsi də məhz bu şəhərdə – indi “Latın körpüsü” kimi tanınan körpünün üstündə baş vermişdir. Həm Srebrenitsa, həm də paytaxta BMT qüvvələrinin gəlməsi, Sarayevonun 1992-1996-cı illərdə mühasirədə qalması, şəhərə ərzaq, müharibə ləvazimatları və humanitar yardımların daxil olmasına və insanların çölə çıxmasına icazə verən və mühasirədən qurtulmasını təmin edən “Ümid tuneli”, “Müharibə tuneli”, “Qurtuluş tuneli” kimi yerlərə bu gün də ev sahibliyi etməsi Avropanın bu qonşu ölkəsini çox unikal edir. Sarayevo həm Avropadır, həm də Avropa deyil. Şəhərin mərkəzi 2 hissədən ibarətdir. Fərhadiyyə küçəsindən keçəndən sonra, Bosniyanın Avstriya-Macar memarlığı sizi qarşılayırsa, küçənin ortasında yazılan “Sarayevo mədəniyyətlərin kəsişməsi” lövhəsindən o tərəfə isə Osmanlı memarlıq irsi sizi gözləyir. Ölkə bu gün də özünün zəngin keçmişini özündə saxlayır. Osmanlı dönəminə aid tikililər “yararsız” adı altında sökülmür, Sovet tikililəri, üzərində güllə izləri bu gün də qalan yaşayış binaları hələ də “qonaq qəbul edir”. İnsanlar müasirlik adı altında öz keçmişlərini qurban vermirlər. Bura, ağrı-acıları özündə birləşdirən, yaxın keçmişin müharibə əzablarını özündə daşıyan “Snayper qülləsi”, deşilmiş divarlar, müharibədə öldürülən uşaqların memorialı da daxildir.
Yuxarıdakı təsviri ona görə yazıram ki, 1990-cı illərdə konfliktli keçmişi olan bir paytaxtı və ölkəni aşağıda yazacağım layihə və ona bənzər layihələrə niyə ev sahibliyi etdiyinin daha müfəssəl izahatını verə bilim.
“WARM” dünyanın müasir münaqişələri üzərində işləyən beynəlxalq fonddur və yeni istedadların təşviqinə və təhsilə həsr edilmişdir. “WARM”ın uzunmüddətli missiyası jurnalistlərin, tarixçilərin, tədqiqatçıların və sənətçilərin fikir mübadiləsi aparmaq üçün bir araya gələ biləcəyi beynəlxalq mərkəz kimi Sarayevo WARM Mərkəzini inkişaf etdirməkdir. Müasir münaqişələrə dair arxivlər və sənədlər hamı üçün əlçatan olacaq. “WARM” 6 aprel 2012-ci ildə, mühasirənin 20-ci anım günündə, “Sarayevo 2012” adlı toplantı zamanı yaradılıb.
I WARM Festivalı 28 iyun 2014-cü ildə, Birinci Dünya müharibəsinin 100-cü ildönümü günündə açıq elan edilib. WARM Üzvlər İcması jurnalistlər, rəssamlar, tarixçilər, tədqiqatçılar, rejissorlar, fəallardan ibarət beynəlxalq şəbəkədir. Fond WARM Festivalı və WARM Akademiyasını hər il iyulda Sarayevoda təşkil edir.
Artıq aydındır ki, festival, ölkəsinin müharibə keçmişinə əsaslanaraq belə bir təşəbbüs göstərib və bu sahədə artıq onu uğurlu və davamlı bir layihə adlandırmaq olar. Layihənin ilk günündən akademiyanın moderatoru iştirakçılara nahara qədər təlimçilər barədə hər dəfə ətraflı məlumat verirdi. Dəvət olunmuş hər bir spiker öz sahəsində kifayət qədər peşəkarlığı ilə diqqət çəkirdi. Müharibə və post-müharibə çox həssas mövzular olduğu üçün panel iştirakçıları çox diqqətlə seçilmişdi. Təsadüfi deyil ki, təlimçilər arasında dünyanın qaynar nöqtələri, məsələn, Əfqanıstan, İraq, Suriya və s. kimi yerlərdə onilliklərlə təcrübəsi olanlar, Emmi mükafatı laureatı Raul Qalleqo Abellan, 2011-ci il Pulitser mükafatı finalisti Paula Bronstayn, “Ömürboyu nailiyyət mükafatı” qalibi Amira Hass, “Le Monde” qəzetinin müharibə müxbiri və sənədli film rejissoru Remi Ordan, York Universiteti, Liberal İncəsənət və Peşəkar Tədqiqatlar Fakültəsininin araşdırmaçısı Amira Buturoviç var idi.
Lakin məsələ təkcə nəzəri təlimlərdə deyildi. Misal üçün, Remi Ourdan və Demir Saqolj ilə ustad dərsləri Avropanın ikinci ən böyük yəhudi qəbiristanlığında təşkil edilmişdi. 3850-dən çox məzar daşının olduğu bu tarixi yerdə müharibə, Sarayevonun keçmişinin münaqişələrlə bağlılığı və bu dönəmdə multikultural şəhərin göstərdiyi mübarizə məni çox duyğulandırdı. Semi Ourdan və Demir Saqoljun tarixi işıqlandırmaq, insanların bir-birinə dəstəyini üzə çıxarmaq üçün ərsəyə gətirdiyi kitabdakı hekayələrin hərəsi bir ssenari idi.
Məsələn, Birinci Dünya müharibəsində sarayevolular yəhudiləri necə xilas ediblər? 1990-cı illər müharibəsi zamanı yəhudilərin şəhərdən çıxmaq imkanları var imiş. Keçmişdəki yaxşılığı “qaytarmaq” üçün, bu dəfə yəhudilər öz müsəlman qonşularını yəhudi adı altında şəhərdən necə çıxarıblar bəs? Bütün bunlara canlı qulaq asmaq, məhz tarixi yəhudi qəbiristanlığında dinləmək isə, vacib bir an idi mənim üçün.
Maraqlıdır ki, haqqında danışılan qəbiristanlığı hazırda bir müsəlman can-başla qoruyur. Tək bu deyil, dövrün məşhur müfti alim də məhz orada basdırılıb. Digərlərindən fərqli olaraq, onun məzarının üstündə yəhudi, latın və dövrün Osmanlı hərfləri ilə yazılar var. Hərçənd hər nə qədər axtarsam da, o qəbiri tapa bilmədim.
Layihə ərzində təkcə təlimlər təşkil edilməmişdi, biz həm də festivalın bir parçası idik və gün ərzində fərqli yerlərdə baş tutan sərgilər, kino nümayişləri, kitab təqdimatlarında iştirak edirdik. “Qəzzanı susdurmaq” ( Unmute Gaza) adlanan fotosərgidən əvvəl, fotoların müəllifi Bilal Xalidlə iştirakçıların görüşü oldu. İlk günümüz olduğu üçün belə aydın oldu ki, sərgi iştirakçılar üçündür. Görüş bitəndə küçədə gözləyən insanlar, sərgini çəkməyə gələn müxbirləri görəndə anladım ki, xeyr, bu təkcə bizim üçün deyil. Əslində, şəhər əhalisinin özünün keçirilən festivala marağı böyükdür. Həqiqətən də festival çoxşaxəli olmasına baxmayaraq, bütün fərqli fəaliyyət növlərində şəhər əhalisinin, festivalın digər qonaqlarının can-başla iştirakını görmək mümkün idi. Hətta Nafise Motlaqın “İstanbul vaybı” filmi “Kemal Montena parkı”nda açıq havada təşkil edilmişdi. Tamaşaçılar sayı gözlənildiyindən çox olduğu üçün, otun üstündə əyləşib bu gözəl filmə baxdılar. Maraqlısı budur ki, nümayişdən əvvəl, filmin yaradıcı heyətinin üzvlərindən biri DJ olaraq müsiqili konsert verdiyindən, filmin nümayişi gec bitdi. Amma heç bir izləyicinin nümayişin ortasında getdiyini görmədim. Bu da onu göstərir ki, festival şəhər əhlinə xidmət etməyi, şəhər əhli də festivalı lazımi qədər dəstəkləməyi bacarır.
Biz adətən festival deyəndə film festivalını nəzərdə tuturuq. Lakin görünən odur ki, festival təkcə film üçün olmur. Müharibə kimi böyük bəlanı hərtərəfli danışıb, müzakirələri ictimaiyyət üçün əlçatan edən festivallar da varmış. Təbii ki, bu yerdə yenə bu sualı günlərdir özümə verirəm ki, “O əjdahadan bizdə niyə yoxdur?” Bizdə məgər müharibə olmayıb, müharibə keçmişimiz, travmalarımız, hekayələrimiz yoxdur? Yoxsa biz bunu beynəlxalq səviyyədə, peşəkar insanlarla qarşılıqlı müzakirə edə bilmirik? Axı bizdə bunların hamısı var.
Festivalın təşkilat komandasından, xanım Belma Kucukalicin təşəbbüsü ilə, bu il ilk dəfə olaraq “Açıq səhnə” yaradılmışdı. Könüllü əsaslarla təşkil edilən bu layihə təqdimatlarında iştirakçılar, hal-hazırda üzərində işlədiyi, mövzularla əlaqəsi olan layihələrini geniş ictimaiyyətə təqdim edirdilər. İlk olaraq bildirim ki, beynəlxalq arenada konflikt, post-müharibə, miqrasiya, məcburi köç və s. mövzulu maraqlı araşdırmalar edilir. Azərbaycandan seçilən 2 xanım rejissor – mən və Pərvanə Quliyevanın məcburi köçkün icmasına məxsusluğumuzu nəzərə alaraq, təbiidir ki, ən azı bir filmimiz bu mövzuda olsun. Pərvanə xanımın “Unudulmuş exolar” adlı film layihəsi, mənim isə “Əmanət” film layihəm və “Azərbaycan qadınının müharibə filmlərində və reallıqda siması” araşdırmam sırf Qarabağ müharibəsinə həsr olunmuşdu.
Maraqlıdır ki, adətən 20-25 nəfər iştirakçısı olan akademiyada rəhbər Kerim Somunun qərarına əsasən, bu il rekord sayda – 45 nəfər iştirakçı seçilmişdi. Tədbirdə bildirdilər ki, seçim komitəsinin rəyinə əsasən, maraqlı hekayələri olan, ictimai müzakirəyə çıxarılmağa layiq layihələrə sahib fərdlərin olduğunu nəzərə alaraq, fond bu il belə bir addım atıb. Təqdimatlar Cənubi Amerikanın meşələrinin qırılmasına qarşı mübarizə aparan insanlardan tutmuş, Fransa-İngiltərə sərhədində yaşanan miqrasiya məsələrinə qədər dünyanın böyük coğrafiyasını fərqli incəsənət növləri vasitəsilə işıqlandırırdı.
Festival komandası tərkibində öyrəşmədiyim bir yanaşma ilə rastlaşdım. Fondun direktoru Demir Saqolj da daxil olmaqla, bütün təşkilati heyət təkcə işi bacarmaq, təşkilati məsələləri həll etmək məsələsində peşəkar deyildilər. O fərdlər müharibə nədir, onun insan faktoru, post-konflikt məsələləri mövzusunda ya şəxsi, ya da təhsil təcrübələrinə sahib idilər. Məsələn, “Courtauld” London İncəsənət İnstitutunda “Bosniya və Hersoqovina: post-konflikt cəmiyyətində incəsənət” tezisi ilə doktorantura dərəcəsi almış Klaudia Zini və Bukinqem Universitetini beynəlxalq hüquq üzrə ikinci dərəcəli olmaqla Siyasi Elm və Beynəlxalq Münasibətlər məzunu Soraja Zagic kimi.
“Qadın, sülh və təhlükəsizlik: Azərbaycan” rəqəmsal platformasının instaqram səhifəsində paylaşdığı rəsmi məlumatlara əsasən, bütün dünyada məcburi köçkün həyatı yaşamış qadınların 25-65 faizi gender əsaslı zorakılığa məruz qalır. 614 milyon qadın və qız müharibə şəraitində yaşamağa məcburdur. Qaçqın və məcburi köçkünlərin 50 faizi qadın və qızlardır. Bu dəhşətli faktlar məni vadar etdi ki, Azərbaycanın müharibə mövzulu filmlərindəki qadınların simasını və reallığı araşdırmağa başlayım. British Council Araşdırmaçılar layihəsindən sonra Azərbaycan kinosu barədə daha geniş auditoriyaya məlumat vermək üçün bu “Açıq səhnə” bir şans idi. Keçən otuz il ərzində çəkilmiş filmlərdə qadın perspektivinə fokuslanarkən, üç ekran işinin adını qeyd etmək mütləqdir. Gülbəniz Əzimzadə “Ümid”, Elçin Musaoğlu “Nabat” və Səidə Haqverdiyeva “Köhnə çemodanlar”. Sonuncu filmin həm rejissorunun, həm də ssenaristinin (Sevda Sultanova) xanım olması, filmin real hadisələrə əsaslanması baxımından, zalda xüsusi maraq oyatdı.
Kinematoqrafiya elə bir sahədir ki, faktları, onu yaşayanların dilindən göstərdiyinə görə, daha böyük təsir gücünə malikdir. Yazıçının missiyası yazaraq, təsvir edib nəql etməkdirsə, vizual sənətçilərin işi göstərməkdir. Bu həm də tarixin arxivini vizual formada yığmağa bənzəyir. Təqdimatlar ərzində görürdüm ki, naməlum coğrafiyadan hansısa hekayəni dinləyəndə, fotolar və ya videolar görəndə, kontekst mənə daha aydın olur. Demək ki, bu, Qarabağ mövzusunu dinləmək istəyən bütün xaricilər üçün də belədir. Təəssüflə bildirməliyəm ki, internetdə “Çadır şəhərciyi”, “Vaqon qaçqın şəhərciyi” və ya “Zobucuq qəsəbələri” axtarış verəndə, foto, real faktlar tapmaq müşkül məsələdir. Təbii, biz bilirik ki, onlar yerli fotoqrafların arxivindədir. İnformasiyanın tez və əlçatan olmasını istəyiriksə, onlar arxivlərdə qalmamalıdır. Onlayn platformalarda, xüsusilə, ingilis dilində hamıya əlçatan olmalıdır.
Bu tədbirə seçilsəm də, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə iştirak edə bildim. Beynəlxalq layihələrdə aktivliyimiz, iştirakımız daha çox olmalıdır. Hadisələr həmişə bir tərəfdən danışılanda insanlar ona inanır. Çünki ancaq onu eşidir. Qarabağın otuz illik işğal hekayəsini düzgün, effektiv və ən əsası, vizual incəsənət vasitələri ilə danışa bilmədiyimiz aşkardır.
Bu baxımdan, növbəti illərdə, yuxarıda adını çəkdiyim mövzular üzrə layihələriniz, araşdırmanız, vizual işləriniz varsa, bu layihənin bir parçası olmaq üçün müraciət etməyinizi tövsiyə edirəm.
Haşiyə: Əslində, təəssüratlarımı təqribən bir ay bundan əvvəl bitirmişəm. Bilmirəm niyə elə hiss edirdim ki, nəyisə yazmamışam. Səmimi olaraq bildirim ki, festivalda izlədiyim başda “Tantura” sənədli filmi olmaqla eşitdiklərim, dinlədiyim layihələr, iştirakçısı olduğum təlimlərin təsiri hələ də məndədir. Bu baxımdan bir neçə xırda əlavələr edərək Bosniyadakı iştirakımdan yadda qalan detalları sizinlə bölüşdüm.
Afaq Yusifli