Elvin Adıgözəl: Dünən 32 yaşım oldu və bu yaşımda bir daha anladım ki, məni satın almaq mümkün deyil

Noyabrın 19-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Elvin Adıgözəlin “Qaranlıqdan reportaj” filminin nümayişi baş tutub.

2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalın əsas yarışma bölməsində iştirak edən filmin Kino Evindəki təqdimatında ssenarist və rejissor Elvin Adıgözəl, prodüser İntiqam Hacılı, aktyorlar və digər yaradıcı heyət iştirak edib. Anşlaqla keçən təqdimetmənin moderatorluğunu kinoşünas Sevda Sultanova edib.

“Qaranlıqdan reportaj” əyalətdə yaşayan jurnalist Kərimin keçdiyi həyat yolundan bəhs edir. Azərbaycan və Fransanın (Memuar Films, Caracteres Productions) birgə istehsalı olan tammetrajlı bədii filmin çəkilişləri Biləsuvar və Bakıda keçib. Elvin Adıgözəlin həm də prodüserliyini etdiyi filmin ko-prodürseri Etienne de Ricaud (Fransa), operatoru Vasif Vəlizadə, icraçı prodüseri Əfsanə Əliyeva, art-direktoru Nilufər Hacılıdır.

Filmin nümayişindən sonra çıxış edən Sevda Sultanova  ilk olaraq rejissoru doğum günü münasibəti ilə təbrik edib: “Dünən Elvinin doğum günü idi. Elvin, mən sənə şəffaf kino sistemində işləməyi, uğurlu, həm də kassa gətirən filmlər çəkməyi arzu edirəm”.

Daha sonra tədbir Elvin Adıgözəlin moderatorun və tamaşaçıların suallarını cavablandırması ilə davam edib.

Azərbaycanın ictimai-siyasi həyatına, bölgə müxbirlərinin iş mexanizminə müəyyən mənada işıq salmağa çalışan ekran əsərinin musiqisini mərhum fransalı bəstəkar Alain Kremski yazıb. Rejissor filmlərində musiqini necə seçməsi ilə bağlı suala cavab verərkən bəstəkar haqda bunları deyib: “Məncə, musiqi sinemanın ən önəmli elementlərindən biridir. Sadəcə olaraq, musiqini istifadə etməyin müəyyən formaları var. Bir çox kino adamları, sənət adamları musiqi istifadə edəndə, əsasən, bəstələri yazdırır. Mən musiqi yazdırmağın tərafdarıyam, amma eyni zamanda olan musiqilərdən istifadə etməyin də tərafdarıyam. Məsələn, bu filmdə sonda səslənən musiqi fransız bəstəkarının filmimizə hədiyyəsidir. O, Fransada yaşayan bəstəkar idi. Mən sadəcə ona məktub yazdım ki, mən rejissoram, Azərbaycanda yaşayıram. O isə bildirdi ki, filmə baxım, əgər bəyənsəm, sizə pulsuz musiqi yazacam. Sağ olsun, baxdı, filmi bəyəndi və musiqini də pulsuz yazdı”.

“Qaranlıqdan reportaj”ın yaranma prosesindən danışan Elvin Adıgözəl deyib ki, filmin ssenarisini yazmazdan öncə o, kifayət qədər material toplayıb: “Əlbəttə ki, bir sinema filmi ortaya çıxanda, onun ssenarisi yazılanda və  yaxud da hekayəsi qurulanda  rejissor ilk növbədə araşdırmalar etməlidir, insanlarla söhbətlər etməlidir. Qurduğu mövzunun dərinliklərinə enməyi bacarmalıdır. Bu filmin çəkilişləri və hekayəsinin qurulma prosesi təbii ki, asan olmayıb. Bu filmdə Azərbaycandakı bölgə müxbiri, onun üzərindən jurnalistka, onun üzərindən ölkədəki ictimai-siyasi reallıqlar, siyasi mühitin adamları -filmədəki bəzi məsələlər- bunların hamısı ilə bağlı ayrı-ayrılıqda 3-4 nəfərlə söhbətlər olub. Ad çəkməkdən xoşum gəlmir, amma burada elə bir gizli  məsələ yoxdur. Məsələn, “525-ci qəzet”in bir müxbiri ilə söhbətimiz oldu, halbuki, o adam, ümumiyyətlə, həmin qəzetdə işləməli deyildi. Bizim o müxbirlə yollarımız təsadüfən rastlaşdı. Onunla söhbət edəndə, həmin şəxs o qədər qəribə söhbətlər etdi ki… Doğrudur, onsuz da mən bu prosesləri kənardan izləyirəm, amma onun söhbətlərindən sonra vəziyyət mənim üçün daha da aydın olmağa başladı. Ondan sonra mən bölgə müxbirləri ilə söhbət etməyə başladım. Əsasən, Ucar və Göyçayda bizim dostlarımız var, onlarla danışdım. Eyni zamanda onlardan eşitdiklərim də mənə təsir etdi və onların da danışdıqları əsasında, filmin hekayəsi formalaşdı”.

Maraqlıdır, bəs “Qaranlıqdan reportaj”ın sinematoqrafik  yanaşmasını işləyərkən rejissor nələrə diqqət edib?

“Sinema jurnalistika deyil, burada sinematoqrafik yanaşmadan söhbət gedir. Mən də növbəti mərhələdə hekayəyə sinematoqrafik baxmağa başladım. 4-cü mərhələ isə artıq daxili-siyasi söhbətlər, təşkilatlar, aktivistlər – bu, artıq ayrı bir paralel araşdırma idi. Burada da prosesi qavramaq üçün sektordakı adamlarla müəyyən  söhbətlərim oldu. Daha sonra isə sinematik anlamda dünya kinosuna da nəzər yetirdim. Doğrudur, təəssüf ki, Azərbaycanda dünya sineması çox da göstərilmir.  Amma 2013-cü ildə çəkilən “Zanj Revolution” (rejissor Tariq Tequia) adlı bir film var. “Qaranlıqdan reportaj”da bu filmdən də müəyyən təsirlənmə var. Həmin filmdə də onların öz ölkəsindəki ayrı-ayrı qruplardan, onların daxili dünyasından, bir-biriləri ilə ailə, dostluq, sevgi və.s. münasibətlərindən bəhs olunur”.

Sevda Sultanova filmlə bağlı sualında,  bir qayda olaraq Elvin Adıgözəlin filmlərində məzmunun daha çox öndə, formanın isə arxa planda olduğunu vurğulayıb: “Elvin, doğrudanmı, bir rejissor kimi forma sənin üçün əhəmiyyət kəsb etmir? Yəni, məzmun, ideya, problematika daha çox əhəmiyyət kəsb edir?”

Kinoşünasın sualına cavabında rejissor müstəqil kinoda formalaşan anlayışlara da toxunub:  “Əgər siz dünya sinemasına, Latın Amerikasının 2005-ci ildən başlayan müstəqil sinemasına nəzər salsanız, Latın Amerikası sinemasından çıxan, belə deyək, görüntünün ataları, dədələri hesab edilən adamların, hətta Tarkovski kimi gözəl fotoqrafik görüntülər quran adamların birdən-birə necə fotoqrafik görüntüləri unudub, məzmuna keçdiklərini görə bilərsiniz. Bəs bu, necə baş verdi? Çünki müstəqil kinoda belə bir anlayış formalaşdı, ya sən ənənəvi forma üslubunda sinema çəkirsən, ya da sən məzmun və aktyorluğa önəm verirsən. Bu gün təkcə Azərbaycanda yox, bir çox ölkələrdə forma önə çıxır. Amma eyni zamanda, formanı bir qədər kənara qoyub, məzmuna, aktyorluğa və yaxud da ki, rejissorun ötürmək istədiyi mesaja fikir verən sinemalar da var”.

Rejissor daha sonra bildirib ki, bütün hallarda o, heç bir filmində özünü təkrarlamır: “Məsələn, Kosta Qavras politik sinemanın atası sayılır və yaxud da çox uzağa getmək istəmirəm, 2015-ci ildə çəkilən “İnsanın dəyəri” filminə nəzər salsaq, bu film yetərincə, dialoq üzərində qurulmuş filmdir. Belə baxsaq, onda bu film dialoq üzərində qurulmuş publisistik ötürmədir. Çünki orada Fransada məhz işsiz qalmaqdan danışılır. Yəni, dialoq sinemasıdır. Kosta Qavrasda da eyni şeydir. Amma bir nüans var ki, mən eyni şeylərdə ilişib, qalmıram. Yəni, bu filmi çəkdim, bitdi, bu, artıq öz dövrünü yaşadı. O vaxt filmi bu düşüncədə çəkmişəm, bəlkə də indi bu düşüncədə çəkməzdim. Bundan sonra məsələn, “Biləsuvar”ı başqa düşüncədə çəkmişəm. İndi çəksəydim, bəlkə onu da başqa cür çəkərdim. Təbii ki, mən də inkişaf edirəm”.

Nümayişdən sonra çıxış edən tamaşaçılar arasında filmi bəyənsə də,  bəzi məqamlarla razılaşmayanlar da olub: “Filmdə profesionallar da, qeyri-profesionallar da həqiqətən ürəklə işləyiblər. Yəni, ürəyiniz də, başınız da, əlləriniz də işləyib. Filmdə bir çox epizodalara – siyasi məsələlərə, müxbirlərin regionlarda necə çəkilişlər aparmasına, onların necə məvacib almasına işarə edilir. Amma mən bir şeylə razılaşmıram-razılaşmıram deyəndə, bəlkə də elə filmin ən güclü epizodları həmin kadrlardır- sadəcə bir müəllim olaraq mən o hissələri qəbul edə bilmirəm. Orada söyüşlər səsləndi – söyüşlər deyəndə, ictimayyətə layiq olmayan fikirlər səsləndi- maraqlıdır, o sözləri hansısa bir sinonimlərlə əvəz edib, daha mədəni şəkildə ifadə edə bilməzdinizmi?”

Sözügedən irada münasibət bildirən Elvin Adıgözəl söyləyib ki, Azərbaycanda tamaşaçının bu kimi hallara hazır olmamasının səbəbi ölkədə normal film göstərilməməsidir: “Təəssüf ki, buna görə də sizin bölgədə fəaliyyət göstərən bir müəllim kimi, eyni zamanda, incəsənət sahəsindəki bir adam kimi fərqli kinolara baxmaq imkanınız olmur. Bu gün dünya kinosunda, fərqli ölkələrdə, istər Rusiyada, istər Türkiyədə, hətta ən geridə qalmış ölkələrdə, Banqladeşdə belə, kinoteatrda tamaşaçıya kinoda söyüş göstərilir. Sadəcə olaraq, girişdə “16+” və ya “18+” xəbərdarlığı edilir. Düşünürəm ki, buradakı hər kəs “16+”dir və bu baxımdan, söyüşün olmasını  normal saymaq olar. Amma bəli, dünyada belə bir təcrübə var. Əgər filmdə söyüş və ya açıq səhnələr varsa, 16 yaşdan aşağı olanlar o filmə girmir”.

İzləyicilərin “Sənət adamı kimi şəhər həyatını çəkmək, insanlarını göstərmək sizə çətindirmi? ” sualına cavabında rejissor hazırda əyalət insanının probleminin ona daha yaxın olduğunu dilə gətirib: “Sənət adamı olaraq, şəhər və ya kənd məsələsi üzərində uzun müddət düşünməmişəm. Amma təbii ki, bir filmi çəkməkdən ötrü məni nə isə narahat etməlidir və nə isə mənim maraq daiərəmə girməlidir. Təbii ki, şəhərdə də yaşanan reallıqlar var, amma onun mənə təsir gücü istədiyim səviyyədə olmadığı üçün şəhərdə çəkə bilmirəm. Amma nə zaman isə bu təsir qabiliyyəti yüksək olarsa, o zaman şəhərdə də çəkəcəm”.

Tamaşaçılar arasından rejissora Biləsuvarın icra başçısı haqda sual verənlər də olub: “Məni filmə biləsuvarlı həmkarım dəvət edib. Mən Biləsuvarda olmamışam. Film Biləsuvarda və Bakıda çəkilib və sonda həm Biləsuvar, həm də Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkür edilir. Orada belə bir epizod var ki, icra başçısının oğlu qeyri-qanuni bir əməl törədir. Sizcə, bu filmə baxdıqda, həmin şəxslər nə düşünəcəklər? Və yaxud da bu filmin həmin insanlarda hansı təsiri olacaq?”

Sözügedən sualı filmin  prodüserlərindən İntiqam Hacılı cavablandırıb: “Filmdə söhbət yalnız Biləsuvarın icra başçısından getmir. Əgər siz söhbətin məhz ondan getdiyini düşünürsünüzsə, onda sizə deyim ki, həmin icra başçısı hazırda həbsxanadadır. Yəni, demək istəyirəm ki, film Biləsuvarda çəkilibsə, bu, hadisənin orada baş verməsi demək deyil. Biləsuvar məkan olaraq şərtidir”.

Yazıçı, jurnalist Samirə Əşrəf filmlə bağlı çıxışında “Qaranlıqdan reportaj”ın onda dərin bir ümidsizlik yaratdığını dilə gətirib: “Və məncə, bu, təbiidir. Ola bilər mənim verəcəyim sualım bir az poetik səslənsin, amma maraqlıdır, baş verən bu sosial ədalətsizliklərə, bu gün baş verən qanunsuzluqlara filmin, sənətin, ədəbiyyatın nə dərəcədə qalib gələcəyini düşünürsən? Ümumiyyətlə, buna ümidin varmı?”

“Dünyanın bir çox yerində kino adamları, həmçinin, ədəbiyyat adamları müəyyən məsələlərə toxunur, öz yozumlarını edirlər. Elə bir reallıq, elə bir ölkə  yoxdur ki, orada sənət və ədəbiyyat  hansısa bir formada ədalətsizliyə qalib gəlsin. Belə bir yaşam yoxdur. Amma sənət və ədəbiyyat bir tarixdir. İllər sonra, yüz il sonra həmin dövrdə nələr yaşandığını, kimin kim olduğunu sırf kino və ədəbiyyat vasitəsi ilə öyrənmək olur. Bu baxımdan sənət adamları, ədəbiyyat adamları heç vaxt ümidsizliyə qapıla bilməz! Çünki onların yazdıqları tarixdə qalır. Çünki pul xərclənib, tükənə bilir, həyat isə bitir, amma yazılan, çəkilən hər şey tarixdə qalır və illər sonra yenidən istifadə olunur. Bu gün bərpa edilən, lentdən dijitala köçürülən və yenidən təqdim olunan saysız filmlər var. Onları yenidən nümayiş etdirib, insanlara məsələn, “Baxın, 50-ci ildə belə bir film çəkilib” deyirlər. Mən bu yaxınlarda Lukino Viskontinin “Hisslər” filminə baxıb, “Vauu” dedim. Ona görə yox ki, film sinematik olaraq yaxşıdır və yaxud da aktyorluq mükəmməldir. Yox, sadəcə olaraq, 1954-cü ildə elə bir film çəkmək üçün böyük düşüncə ilə cəsarət lazım idi və adam bunu edib. Bu gün Lukino Viskonti yoxdur, amma onun sineması yaşayır. Həmçinin, ədəbiyyat da eynidir. Bu gün bir çox yazıçılar həyatda yoxdur, amma onların əsərləri mövcuddur. Bu mənada, reallıq olaraq baxsaq, yox, amma fəlsəfi olaraq yanaşsaq, sənət hər zaman qalib gəlir”.

Sual-cavab hissəsi yekunlaşdıqdan sonra  32 yaşını qeyd edən rejissor Elvin Adıgözəl tədbiri xüsusi bir çıxışla bitirib: “Bu deyəcəklərim mənim üçün çox vacibdir. Ötən gün mənim 32 yaşım oldu. Mən bu gün sinemanın, müstəqil kinonun hara gəldiyini və özümün harada olduğumu görürəm. 10-12 il əvvəl biz – mən və bu gün burada olmayan bir çox adamlar – müstəqil kino çəkməyə başlayanda, bu ölkədə heç kim bizə inanmırdı. Çünki ortada Mədəniyyət Nazirliyi vardı və biz o dövrdə,  pulsuzluq şəraitində, öz kameramızla, öz texnikamızla müstəqil kino üçün mübarizə aparırdıq. Biz heç nə gözləmədən, ümidlərlə müstəqil kino yaradırdıq və bu gün gənclər, öz kamerası ilə nələr isə edənlər müstəqil kinoya inanıb, gəldikləri üçün ümid verirlər. Bu gün Kinematoqrafçılar İttifaqı ümumilikdə, Mədəniyyət Nazirliyindən daha çox iş görür. Çünki heç olmasa, insanlara pulsuz kino göstəririk. “Nizami” Kino Mərkəzi – dövlətin kinoteatrı, dövlətdən pul alan kinoteatr bu gün kino adamlarından digər kinoteatrların işlədiyi 50:50-yə, 60:40-a  pul bölüşmə mexanizmi ilə işləyib, öz maraqlarını güdür. Çox təəssüflər olsun ki, bu gün ölkədə eyni zamanda, öz gücünə film çəkən adamlar belə, onların sisteminə satılıb, gedib, onların pul bölüşmə şousunda iştirak edir. Halbuki, kino sənayesi olmayan ölkədə “Nizami” Kino Mərkəzi hər kəsə qapılarını açmalıdır və bütün kino adamları orada filmini göstərərək, 50:50-yə yox, 90:10-na gəlir əldə etməlidir”.

Rejissor qeyd edib ki, bundan öncəki mədəniyyət nazirinin zamanında o, sənət adamları ilə birlikdə  mövcud sistemə etiraz kampaniyasına da qoşulub: “Doğrusu, mən o zaman bu kampaniyaya elə də çox qatılmaq istəmirdim, amma biz hörmətli İntiqam Hacılı, Aygün Aslanlı və bir çox sənət adamları “Nizami” Kino Mərkəzi kino adamlarına verilsin!” başlıqlı kampaniya başlatmışdıq. Aydın məsələdir ki, ölkədə fondlar yoxdur, pul bölüşmə mexanizmi yoxdur. Bizim istəyimiz isə o idi ki, heç olmasa, Azərbaycanda öz hesabına kino çəkən adamlar kinoteatrlardan pul qazana bilsin. Biz bu kampaniyanı aparırdıq, sonradan necə isə oldu, mədəniyyət naziri dəyişdi və yeni bir sistem gəldi. Bu yeni sistem isə “Nizami” Kino Mərkəzi ilə danışıqlar aparıb, kino adamları üçün qeyd etdiyim şəraiti yaratmaq əvəzinə, 50:50 və yaxud da, 60 faiz onlarda, 40 faiz kino adamında qalması qaydasını davam etdirməyə başladı. Bu formada belə, bu gün kino adamları qaça-qaça “Nizami” Kino Mərkəzinə və ya Park Sinemalara film göstərməyə gedirlər. Təsəvvür edin, kino adamı kino sənayesi olmayan, fondlar olmayan bir ölkədə, pulsuzluq şəraitində, əziyyətlə, öz gücünə, film çəkir, sonra isə gedib, “Nizami” Kino Mərkəzinin və ya digər salonların şərtləri ilə kino göstərir. Nəticədə isə Mədəniyyət Nazirliyi “Görürsünüz də, kino adamları işləyirlər, pul qazanırlar” açıqlamasını verir”.

Elvin Adıgözəl onu da vurğulayıb ki, o, mövcud olan bu sistemə heç vaxt təslim olmayıb: “Dünən mənim 32 yaşım oldu və mən bu yaşımda bir daha anladım ki, məni satın almaq mümkün deyil. Bu illər ərzində mənə kifayət qədər təkliflər olub, amma mən heç vaxt yolumdan dönməmişəm. Mən bu sistemə təslim olmamışam. Olsaydım, “Biləsuvar”ı , “Qaranlıqdan reportaj”ı “Nizami” Kino Mərkəzində göstərərdik. Biz bir daha göstəririk ki, biz bu ölkədə müstəqil kinonun mübarizəsini aparan adamlarıq. Biz hansısa şirnikləndirməyə getməyən adamlarıq və bundan sonra da getməyəcəyik. Hər halda, biz prosesi yaxşı bilirik. Bizimlə oyun oynamaq olmaz”.

İzolda Ağayeva Lalə