Emil Quliyevin “günahı”...

Oktyabrın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Emil Quliyevin “Sonuncu pərdə” filminin nümayişi baş tutub.

Rejissorun “Pərdə” trilogiyasının sonuncusu olan sosial dram heç vaxt haram pul yeməməsi ilə qürrələnən idealist bir ata ilə attığı hər addımı pul ilə ölçən biznesmen qonşusu arasında yaşanan konfliktdən bəhs edir.

Real hadisələr əsasında çəkilən filmin nümayişinin moderatorluğunu  kinoşünas Sevda Sultanova edib. Nümayişdən sonra izləyicilər və kinoşünas S.Sultanova filmin baş rol ifaçılarından olan xalq artisti Vidadi Həsənova suallar ünvanlayıb.

V.Həsənov moderatorun “Peşəkar bir aktyor kimi gənc rejissor Emil Quliyevlə işləmək necə idi?” sualına cavab verərkən deyib ki, o, rejissorla əvvəlcədən şərt kəsib: “Mənim Emillə tanışlığım “İkinci pərdə” filminə təsadüf edir. Məni o filmə baxmağa dəvət etmişdilər, filmə cəmi 15 dəqiqə baxıb, zalı tərk etdim. Mən həyatımda o qədər söyüş eşitməmişdim. Filmi yarıda qoyub, çıxmağımın səbəbi də bu idi. Eşitdiyimə görə, Emil məni “Sonuncu pərdə”də oynamağa dəvət etməmişdən, tərəddüd edib. Çünki adını çəkdiyim filmi yarıda tərk etməyimdən xəbərdar olub. Sonra biz danışdıq, mən onunla şərt kəsdim. Dedim ki, bəli, mən söyüş söyəcəm, amma sizin kimi yox. Əlbəttə ki, bəzi icazəli, artıq ədəbi dilə çevrilmiş söyüşləri mən də söydüm. Çünki onlar artıq söyüş deyil, personajın xarakterini açmaq üçün, təsvir olunan ortamı daha da qabarıq təqdim etmək üçün vacib olan şərtlərdəndir”.

Xalq artisti onu da deyib ki, filmə çəkilməzdən əvvəl müəyyən tərəddüdləri olub: “Açığı, “İkinci pərdə”dən sonra mənim fikirlərim bir az başqa idi. Çünki 15 dəqiqəsinə baxmışdım. Sonra isə uzun müddətli bir proses başladı. Yavaş-yavaş bir-birimizə öyrəşməyə başladıq. Son 5 ildə mən 3-4 filmə çəkilmişəm, hamısı da gənc rejissorlarla. Heç nəyi qabartmadan səmimi deyim ki, onlarla işləməyin faydalı olduğunu görmüşəm. Çünki onların sənə nə isə öyrətmək kimi, xüsusi bir basqı ilə  “mütləq belə olmalıdır!” kimi  anlayışları yoxdur. Gənc rejissorlarla çox yaxşı polemika aparmaq, fikir bölüşmək və ortaq məxrəcə gəlmək olur. Bu filmin müəyyən hissəsindən sonra biz demək olar ki, Emillə eyni dildə danışırdıq. Amma söyüşsüz (gülür-İ.L.A)”.

Kino tənqidçisi Sədaqət Kamalın söylədiyinə görə, Emil Quliyev Azərbaycan kinosunda yeni üsluba imza atmış rejissordur:  “Onun  kinomuza yeni üslub gətirdiyini desəm, yanılmaram məncə. Emil Quliyevin bu filmində kameranın göstərdikləri ilə, dialoqlardakı söyüşlər bir-birini tamamlayırdı. Belə ki, həyatın dibini canlandırmaq üçün kamerayla çəkilişlərin qadağan edildiyi halları Emil Quliyev obrazların diliylə canlandıra bildiyindən, mən onun rejissor fəndini alqışlayıram. Xeyr, mən söyüş söyməyin tərəfdarı deyiləm və özüm də söyüş söymürəm. Ancaq Emilin filminə baxandan sonra reallığımızın onun kamerasıyla gördüyüm tərəflərini, zaldan qalxıb beşmərtəbəli söyüşlə söymək istəyi yarandı məndə. Əslində ağlamalıydım, ancaq məhz söyməklə ürəyimi soyuda bilərdim. Məncə, kino çəkən üçün işıq, səs, musiqi nə rol oynayırsa, Emil Quliyevin filmində də söyüş o rolu oynayır”.

Kinoşünas Aygün Aslanlının fikrincə, filmdə aktyor Vidadi Həsənovun  səsləndirdiyi, hətta icazəli söyüşlər də onun ağzında yad görünüb: “Sanki siz onları belə deməyə çətinlik çəkirdiniz”.

Vidadi Həsənov suala cavabında söyüş söyməyin onun üçün həssas məsələ olduğunu dilə gətirib:  “Mən 27 yaşıma qədər çox pis söyüş söyən olmuşam. Folklor söyüşlər söymüşəm. Amma 27 yaşdan sonra özümə söz verdim ki, daha söyüş söyməyəcəm. Çünki gördüm ki, sən  söyüşlə yox, əksinə, söyüşsüz bir çox məsələləri həll edə bilirsən. Bəli, siz haqlısız, o söyüşləri söymək mənə çətin idi. Amma bilirəm ki, mən aktyoram və mənim peşəm ilk növbədə rejissorun dediklərini bacarmaqdır. Əgər sən bir şeyə razılaşmısansa və sənə “bunu mütləq deməlisən!” deyirlərsə, hətta gücündən kənar olsa belə, bunu etməlisən”.

Tamaşaçılardan rejissorun öz qəhrəmanlarının daxili dünyasına enməməsindən şikayətlənənlər də olub: “Doğrudur, filmdə sevindirici məqamlar da var. Məsələn, mən bir daha əmin oldum ki, əslində, bizdə çox yaxşı aktyorlar var. Həm gənc aktyorlar arasında, həm də Vidadi bəyin (Baş rol ifaçısı Vidadi Həsənov nəzərdə tutulur İ.L.A.) timsalında yaşlı nəsildə də yaxşı aktyorlarımız var. Sadəcə məni narahat edən odur ki, Emil bəyin tərzində qəhrəmanların daxili duyğularına enmək yoxdur. Filmdə sadəcə yüzlərlə hadisə baş verir. 2 saatlıq filmdə bu qədər hadisə olar mı?”

Tamaşaçının iradı ilə razılaşan kinoşünas Sevda Sultanova deyib ki, məlum qeydi o da, həmkarı Aygün Aslanlı da öz yazılarında vurğulayıb: “Bundan başqa, Emil bəyin filmlərində həmçinin, qəhrəmanın yenilənməsi də yoxdur. Məsələn, bu, “Pərdə” 1-də də var. Qəhrəman əvvəldən necə gəlmişdisə, sonda da elə qalır. Amma o, nə dərk etdi? Onda nələr dəyişdi? Bu, yoxdur. Eyni məsələni bu filmə də aid etmək olar. Amma bütün bu suallar əlbəttə ki, Emilə ünvanlanmalıdır. O isə bir qayda olaraq, bu fikirlərə “Bu, mənim üslubumdur. Mən belə danışıram” cavabını verir ”.

Filmlə bağlı səslənən fikirlərə cavab verərkən Vidadi Həsənov bildirib ki, “Sonuncu pərdə” Emil Quliyevin şəxsən rastlaşdığı hadisələr əsasında çəkilib: “Bu film Emilin özünün həyatda qarşılaşdığı hadisədir. Film həmin məkanda çəkilib, o məkanda yaşayan insanların əksəriyyəti sağdır. Həmin o ölən iki kişinin ailəsi var. Mən həmin qəhrəmanlardan birinin -ölən mağaza sahibinin evində çay içmişəm. Təbii ki, filmdə bütün kino və ədəbiyyat adamlarına xas olan uydurmalar da edilib. Bunsuz məncə, bu, kino olmazdı. Ümumiyyətlə isə, düşünürəm ki, biz filmi ya bəyənə bilərik, ya da bəyənməyə bilərik. İndi bizim “Nəyə görə filmdə bu mövzu yoxdur, o mövzu yoxdur?” suallarını verməyimiz, məncə, başqa bir məsələdir. Çünki bu, Emil bəyin filmidir. O, bu filmi belə görür”.

“Sizcə, filmdə hadisələrin məlum nöqtəyə gəlməsi qəhrəmanlardan hansının günahıdır?” sualını aktyor belə cavablandırıb: “Birincisi, Emil Quliyevin günahıdır.O, bizə belə deyib, biz də oynamışıq (gülür -İ.L.A).Amma əslində, ordakı personajların heç biri günahkar deyil. Oradakı o məkan var ha, o sosial mühit, bax, günahkar odur. Bilirsiniz, yaxşı filmlər hamını narahat edən məsələləri qabardan filmlərdir.  Bu filmdə hamı günahkardır və həm də heç kim günahkar deyil. Çünki dövr, zaman,oradakı həyat və mühit şərtləri o insanları bu  günə salıb. Orada başqa cür ola da  bilməzdi”.

“Filmə baxan hər kəs orada mütləq öz həyatındakı kimisə tanıyacaq” deyən tamaşaçılardan biri onu  Azərbaycan reallığı adlandırıb: “Bayaq burda bir fikir səsləndi ki, Emil Quliyevin filmlərinə kişilər öz nişanlısı ilə gedə bilməz. Məncə, bunun səbəbi odur ki, bu, film deyil, filmdən artıq bir şeydir. Elə bilin ki, biz hamımız bu filmdəydik. Orada hamı kimi isə gördü. Mən burda öz tanışlarımı, qohumlarımı, məhəllədə bizə sataşan oğlanları gördüm. Məncə, insan bu filmə tək baxmalıdır”.

Hazırda gənc rejissorların çəkdiyi filmləri hiperrealizm dalğası adlandıran Vidadi Həsənovbu janrdan məmnun olduğunu dilə gətirib: “Bilirsiniz, biz öyrəşmişik bədii filmə baxmağa. İndi bədii film çəkən yoxdur.  Gənc nəsil artıq neo yox, hiperrealizm filmləri çəkir. Mən çox sevinirəm ki, bizim gənclər böyüklərin dediyi ilə oturub-durmur, belə filmlər çəkirlər. Gənclərimiz bu cür filmlərdən keçməlidirlər. Onlar bu filmləri çəkdikcə, sonda bədii film çəkəcəklər(gülür İ.L A.)”.

Film haqda fikirlərini bölüşən teatr rejissoru Emil Bakuvi “Sonuncu pərdə”nin mübət və mənfi yönlərini belə xarakterizə edib: “Film maraqlıdır və səbəbi odur ki, 21-ci əsr incəsənətinin əsas fikir qaynağı məncə, sənətçilərin cavablar yox, suallar verməsi ideyasıdır. Emil Quliyevin filmi də bu nüanslarla doludur. Bilirsiniz, filmdə söyüş də ola bilər, seksin ən şiddətli dərəcələri də göstərilə bilər. Amma biz bunu estetik ölçüdə verməliyik. Mən filmdə bunu görmədim düzü. Yəni, söyüşü də gözəl söyməyi bacarmaq lazımdır. Bir şeyi də bildirim ki, aktyor oyununu, xüsusi ilə gənclərin oyununu bəyənmədim. Amma məncə, rejissoun ən böyük uğuru odur ki, o, burada böyük suallar verir və bizim bu gün burada oturub, düşünüb, müzakirələr etməyimizin səbəbi də bu böyük suallardır. Məncə, 21 -ci əsr incəsənətinin dediyi də budur ki, rejissor kimlərinsə yerinə cavablar verməyib, ortaya suallar qoymalıdır. Fikrimcə, tamaşaçı da o suallar üzərində düşünməyə məcburdur”.

Yaratdığı filmlərlə Azərbaycan tamaşaçısının adətkar olduğu bütün qəlibləri qırmağı bacaran Emil Quliyev “Sonuncu pərdə” də bu ənənəsinə sadiq qalıb. Rejissorun filmlərinə dəfələrlə getdiyini deyən tamaşaçı müəllifə olan rəğbətini belə ifadə edir: “Çox qəribədir ki, biz küçədə hansısa ərin öz arvadını döydüyünü görsək, “Əşi, mənim nəyimə lazımdır? Özləri bilər” deyib, yolumuza davam edə bilirik. Amma filmdə söyüş eşidəndə, bizim qeyrət damarımız tutur. Mən Emil Quliyevin filmlərini çox bəyənirəm. “İkinci pərdə”yə bəlkə beş dəfə baxmışam. O filmə 68 yaşlı nənəmlə də getmişəm, anamla da getmişəm, qardaşımla da getmişəm. Baxmayaraq ki, bugunkü filmdə də söyüşlər var, bura da nişanlımla gəlmişəm”.

Gənc kinematoqrafçı İlqar Quliyev çıxışında trilogiyanın birinci filmində  “bakirəlik pərdəsi”nin, ikinci filmdə dostlar arasında olan pərdənin, “Sonuncu pərdə”də isə nəsillər arasında olan pərdənin nəzərdə tutulduğunu bildirib.

Vidadi Həsənov tamaşaçının bu fikrinə münasibət bildirərkən  “bir qayda olaraq tamaşaçılar filmə baxarkən öz filmlərini çəkirlər, siz isə məhz filmə baxmısız və düz şərh etdiniz” cavabını verib.

Tədbir filmin müzakirəsi ilə davam edib.

İzolda Lalə Ağayeva

 

.