Ennio Morrikonenin vida məktubu

İtaliyanın “La Repubblica” qəzetinin məlumatına görə, Ennio Morrikone ölümündən öncə vida məktubu yazıb.

Məktubda təmtəraqdan uzaq,  sadə yas mərasimi keçirilməsini qeyd edən bəstəkar, eyni zamanda yaxın dostlarla, qohumlarla vidalaşaraq deyib:

“Mən, Ennio Morrikone öz ölümümü həmişə yanımda olmuş bütün dostlarıma və çoxdan görmədiyim dostlara elan edirəm. Mən onları böyük sevgi ilə salamlayıram. Həyatımın çox hissəsini mənimlə və ailəmlə bölüşən İnes, Laura, Sara, Enzo və Norbert ilə böyük məhəbbətlə vidalaşıram. Və bütün bu duyğularda yanımda olan, bizi bir araya gətirən, məhəbbətlə üz tutduğum Mariya….Onunla vidalaşmaq çox çətindir”.

Morrikone Maria Travia ilə 64 illik evlilik həyatı yaşayıb, dörd övladları olub. Həyat yoldaşı Maria Travia onun yaradıcı fəaliyyətinə böyük dəstək verib. Xoşbəxt cütlüyün sevgisi ailədə övladlara da sirayət edib.

Morrikone ailəsi haqqında daima qürur hissi ilə danışıb və bildirib ki, övladlarına yüksək təhsi almaq  üçün, arzularını reallaşdırmaq üçün bütün imkanları yaradıb.

Dahi kino bəstəkarının Serjio Leone, Pyer Paolo Pazolini, Bernardo Bertoluççi ilə əməkdaşlığı nəticəsində artıq klassikaya çevrilmiş neçə bəstə kino tarixinə qızıl hərflərlə yazılıb. Kventin Tarantino ilə əməkdaşlıq isə ona ikinci “Oskar”  mükafatını qazandırıb.

aki.az