Eurimage Fondunun qrantlarından bu dəfə də kənarda qaldıq
Avropa Birliyinin kino fondu olan Eurimage Fondunun İdarə Heyəti özünün online keçirilən 160-cı iclasında 18 bədii və 11 sənədli layihə olmaqla ümumi dəyəri 5.692.700 avro miqdarında dəstək verməyə qərar verdi. Son dövrlərin gender həssaslığını də nəzərə alan Fond xanım kinematoqrafçıların layihələrini də dəstəkləyib. Qadın kinematoqrafçıların layihələri ümumi layihələrin təqribən üçdə biri qədərdir.
Tanınmış türkiyəli rejissor Nuri Bilgə Ceylanın da layihəsi qalib layihələr arasındadır. Türkiyə, İsveç və Fransanın birgə istehsalı olan filmə 470000 avro maliyyə dəstəyi ayrılıb.
Rusiyanın tanınmış, yeni nəsil kinematoqrafçılarından olan, Natalya Merkulova və Aleksey Çupovun layihəsi də qalib seçilib. Post-sovet ölkələrindən Oleq Sentsov, Viktor Kosakovskinin layihələri də Fondun yardımını qazanıb, ancaq onlar öz ölkələrinin təmsilçiləri olaraq yox, Avropa prodüserləri ilə əməkdaşlığının nəticəsi olaraq qaliblər sırasına daxil edilib. Bununla yanaşı, keçmiş sovet respublikalarından olan Baltikyanı respublikalar da iki layihə ilə qaliblər sırasındadır.
Azərbaycan kinosu təbii ki, qaliblər sırasında yoxdur. Səbəb sadədir, respublikamız hələ də Fondun üzvü deyil.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirir ki, Ermənistanın bu Fondun üzvü olduğu halda bizim üzv olmamağımız Avropa kino bazarında mövqelərimizi zəiflədir: “Bu baxımdan Mədəniyyət Nazirliyində aparılan kadr dəyişikliklərini İttifaqımız ümidlə qarşılıyır və tezliklə Eurimage Fonduna üzvlüklə bağlı qəti addımlar atılacağını gözləyirik”.
Fondun qaliblərinin tam siyahısı ilə burdan tanış ola bilərsiniz: https://cineuropa.org/en/newsdetail/393797/?fbclid=IwAR3bPAb1yNFdZcOfB_UP0V5OZwVbi7ZpqywEX01JSDd-Wdefp0dXZHeJNig
aki.az