Fariz Əhmədov: 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi, artıq kinostudiyanın texniki bazası yenidən qurulub

“Sərt karantin rejimindən sonra kinostudiyada işlər tədricən normal vəziyyətə qayıdır. Digər sahələrdə olduğu kimi, bizdə də iş müəyyən qaydalara əməl olunmaqla davam edir. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq”.

“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov medeniyyet.az-az müsahibəsində bu barədə danışıb.

“Azərbaycanfilm”in ölkənin ən böyük kino istehsalçısı olduğunu və yüzlərlə insanın öz yaradıcılığı ilə məşğul olduğunu xatırladan F.Əhmədov, 30  ildən artıqdır ki, kinostudiyanın texniki bazasının yenilənmədiyini, artıq kinostudiyanın texniki bazasının yenidən qurulduğunu, eyni vaxtda iki bədii, iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqların olduğunu qeyd edib.

Müsahibədə Vətən müharibəsinə həsr olunmuş layihələrdən, yeni fim çəkilişlərindən də bəhs olunub.

F.Əhmədov bildirib ki, daha bir layihəmiz Bakı Media Mərkəzi ilə birgə hazırladığımız “Biz” adlı sənədli filmdir: “Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dönəmində öz telefonlarında videoçəkilişləri ilə trendə düşmüş insanlardır. Rejissoru Orman Əliyev olan sənədli film montaj prosesindədir və noyabr ayınadək təhvil verməyi düşünürük. Elçin Musaoğlunun “Məryəm” filmi də istehsaldadır. İlin sonuna qədər bu film də təhvil veriləcək. Bundan əlavə, rejissor Vaqif Mustafayevə “Fəryad – 2” filminin ssenarisini sifariş etmişik və həmin filmin də istehsalı ilə bağlı Mədəniyyət Nazirliyi ilə danışıqlar gedir”.

Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə vermək üçün “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsindən bəhs edən Fariz Əhmədov deyib ki, məqsəd bu sahədə çalışan insanların milli vətənpərvərlik ruhunda olan filmlər ərsəyə gətirməsi və cəmiyyətə təbliğ edilməsidir.

“Azərbaycanfilm”in direktoru müsahibədə Mədəniyyət nazirliyinin nümayəndə heyətinin türkiyə səfərində kino sahəsində əməkdaşlıqla bağlı görüşlər keçirməsinə də toxunub: Türkiyə kinematoqrafiyası hazırda dünyada ön sıralardadır. İstər serial, istər film sahəsini götürsək, dünyanın A kateqoriyalı festivallarında hər il türk filmlərinə rast gəlirik. Yaxın gələcəkdə Türkiyəylə əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”.

Vətənpərvərlik mövzusunda bədii filmlərin çəkilişi ilə bağlı hər hansı xüsusi layihəyə gəlincə, F.Əhmədov, həm qocaman, həm də gənc rejissorlarla  mütəmadi olaraq bu mövzuda söhbət apardıqlarını qeyd edib və yaxın gələcəkdə bununla bağlı bir müsabiqə gözlənildiyini bildirib.

Fariz Əhmədov onu da qeyd edib ki, yaxın bir neçə il ərzində yəqin ki, Vətən müharibəsi ilə bağlı mövzulara müraciət olunacaq: “Artıq mövzunun seçimi və filmlərin çəkilməsi ilə bağlı ssenaristlərə lazım olan informasiyanın yığılması ilə məşğuluq. Müdafiə Nazirliyi bizə şərait yaratdı və biz bu döyüşlərdə iştirak edən insanlarla ünsiyyətdə oluruq, onları lentə alırıq və Vətən müharibəsi ilə bağlı gələn il üçün nəzərdə tutulan möhtəşəm bir filmdə bunlar öz əksini tapacaq. Artilleriya heyəti ilə 100-dən artıq görüş keçirib çəkilişlər etmişik. Həmçinin Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları ilə də görüşlərimiz olub və digər qoşun növləri ilə yaxın 3-4 ayda çəkilişlər davam edəcək. Bu ilin sonuna qədər maraqlı 3-4 layihə də təqdim edəcəyik”.

aki.az