Fariz Əhmədov: “Fəryad-2” Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq
“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov bu yaxınlarda verdiyi müsahibəsində “Fəryad-2” filminin ssenarisini sifariş etdiklərini və filmin istehsalı üçün Mədəniyyət Nazirliyi ilə danışıqlar aparıldığını qeyd etmişdi.
Sputnik Azərbaycan-ın məlumatına görə, danışıqlar öz müsbət nəticəsini verib. Belə ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Fəryad-2” adlı bədii filmin hazırlıq işlərinə başlanılıb.
Fariz Əhmədov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayevdir: “Mən ssenarini oxuyan bir adam kimi, yaradıcı şəxs kimi deyə bilərəm ki, çox yaxşı bir film olacaq. Vaqif Mustafayevin digər filmlərindəki xətt bu filmdə də hiss olunur. Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil”.
Xatırladaq ki, “Fəryad-2” adlı filmin çəkilişlərinin əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi və bu ilin iyul-avqust aylarında çəkilməsi nəzərdə tutulub.
HAŞİYƏ: Vaqif Mustafayevin ssenarisi əsasında Ceyhun Mirzəyevin quruluş verdiyi “Fəryad” filmi 1993-cü ildə çəkilib. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir və baş qəhrəmanın prototipi var. Birinci Qarabağ müharibəsinə həsr olunan filmdəki hadisələr real faktlara əsaslanır.
Kinostudiyanın direktoru onu da qeyd edib ki, birinci “Fəryad”la ikinci “Fəryad-2” arasında fərq var və tamaşaçılar filmə baxdıqlarında bu fərqi görə biləcəklər.
aki.az