Fatimə İbrahimbəyova MDB Türk Respublikaları Kinematoqrafçılar İttifaqlarının Konfederasiyasının yaradılmasını təklif etdi
Mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı keçirilmiş, sədr və İdarə Heyətinin yeni tərkib hissəsi təsdiq olunmuşdur.
Konfransda Xalq yazıçısı Anarın təklifilə açıq səsvermə keçirilmiş və AKİ katibi, Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri, İdarə Heyətinə yeni üzvlər olaraq filologiya elmləri doktoru, BDU-nun professor Qulu Məhərrəmli, sənətşünas, ssenarist Nadir Bədəlov, kinorejissor Rövşən İsax, MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser, aktrisa Fatimə İbrahimbəyova seçilmişdir.
F.İbrahimbəyova öz çıxışında MDB Ölkələri Kino İttifaqları Konfederasiyasınin işi haqqında məlumat vermiş və ümumi olaraq regionda yaranan vəziyyətlə bağlı yeni qərarların verilməsinin vacibliyini qeyd etmişdir. Bundan başqa, o, öz təklifini irəli sürərək bildirmişdir ki, MDB Türk Respublikaları Kinematoqrafçıları İttifaqları Konfederasiyası təsis edilsin, qərargahı Bakıda olmaqla fəaliyyət göstərsin. Konfrans təşəbbüsü yekdilliklə dəstəkləyib, İdarə Heyəti qarşıdakı aylarda bu istiqamətdə addımlar atmağı planlayır.
aki.az