Fazil Salayev - 90

Komediya aktyorları arasında öz tamaşaçısını necə güldürməyi bilən və məhz tamaşaçının istəyilə komik situasiyalarda necə hərəkət etməyin min bir yolunu qət edənlər çox olsa da, bir dəfə ekranda görünməklə düşündürməyi bacaranlar və düşündürərək güldürənlər hər zaman az olub. Həmin aktyorlar sırasında özünə layiqli yer tutan, 46 illik ömründə böyük yaradıcılıq yolu qət edən, Azərbaycan xalqının sevimli aktyoru Fazil Salayevin 90 illik yubileyidir.

Onun haqqında danışarkən, əsasən o fikir irəl sürülür ki, o dövrdə çox komik aktyor olsa da, Fazil Salayev kimisi yox idi. Hətta sadəcə səhnədə deyil, eyni zamanda həyatda da çox şən, deyib-gülməyi sevən biri olub.

F.Salayev 1 sentyabr 1931-ci ildə Bakıda anadan olub. Orta məktəbi yaxşı oxuyan şagirdlər sırasında yer alıb və məktəbi bitirən kimi sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olur.Həmin ərəfədə həm də “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir. Daha sonra təhsilini Teatr İnstitutunda (Mədəniyyət və İncəsənət Universiteti) davam etdirir. Aktyor kimi ilk fəaliyyətinə Akademik Milli Dram Teatrında başlayır. Doğrudur ki,  bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır, ancaq sonralar Musiqili Komediya teatrına üz tutur. Əslində adı keçən teatr onun profilinə daha yaxın idi.

Sənəti yüksək dəyərləndirən, təbii ifaya üstünlük verən Fazil Salayevin kino həyatı Həsən Seyidbəylinin öz ssenarisi əsasında 1963-cü ildə ekranlaşdırdığı “Möcüzələr adası” filmində epizodik rolla başlayır.

Film Xəzər dənizində salınmış Neft daşlarının qəhrəman neftçilərinə, onların əməyinə və məişətinə həsr olunub. Belə bir kino əsərində epizodik olsa belə rol almaq gənc aktyor üçün böyük həyəcan doğurur.

O, 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılan, rejissor Ağarza Quliyevin quruluş verdiyi “Ulduz” filmində müxbir roluna dəvət olunur.

İki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən bəhs edən kinokomediyada maraqlı aktyorlar bir araya gəlir və həmin aktyorların əksəriyyəti artıq tanınır və sevilirdi. Belə bir filmdə müxbir rolunda öz ciddiyətini qorumaq və peşə sevgisindən çıxış edərək obraz yaratmaq çətin olduğu qədər də məsuliyyətli idi. Ancaq Fazil Salayev peşəkarlıqdan çıxış edərək rolun öhdəsindən gəlməyi bacarmışdı. Onun obrazlara olan məsuliyyətli və təbii yanaşma tərzi rejissorların diqqətindən qaçmırdı. Bunun nətisidir ki, aktyor qısa ömründə davamlı olaraq filmlərdə, tamaşalarda, “Mozalan” süjetlərində çəkilirdi, sanki ömrün vəfa etməyəcəyini bilirdi.

Sonralar aktyor “Alma almaya bənzər” filmində Mehdi,”Bizim Cəbiş müəllim” filmində Mıqqı, “Bir cənub şəhərində” Fazil, “Dərviş Parisi partladır” filmində Qulaməli, “Axırıncı aşırım”da Rəşid-Kərbəlayinin adamı, “Ürək… Ürək”də çilingər, “Vulkana doğru” filmində Əliağa, “Şir evdən getdi”də yanğınsöndürən İbrahim və s. filmlərdə yaddaqalan və maraqlı obrazlar yaradır.

Fazil Salayevin yaradıclığında Şamil Mahmudbəyovun 1969-cu ildə çəkdiyi “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd obrazı xüsusi yer tutur. Məhz bu obrazla aktyor kimi daxili imkanlarının geniş olduğunu bir daha sübut etdi. Aktyorun filmdəki baxışlarında olan  kədər dolu məna və səssiz olduğun halda “danışmağın” mümkün olduğunu üzə çıxarmaq məharəti özünü  qabarıq şəkildə biruzə vermişdi. Bunu ancaq Fazil Salayev bacara bilərdi, çünki onun dərin və mənalı gözləri danışmadan çox fikri ifa edirdi.

Epizodik rolların mahir ustası, hətta epizodik rolları baş rol səviyyəsinə yüksəltməyi bacaran Fazil Salayevi 90 illik yubileyində böyük sevgi və ehtiramla yad edirik!

aki.az