İyulun 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqında “Festivallar bizdən necə film gözləyir” mövzusunda müzakirə keçirilib. Rejissorların, ssenaristlərin dəvət olunduğu tədbirdə əsas qonaqlar kinotənqidçi Hacı Səfərov, rejissorlar Türkan Hüseyn və Nurlan Həsənli idi. Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Sevda Sultanova bildirdi ki, müzakirə edəcəyimiz əsas məsələlər beynəlxalq festivallarda iştirak, layihələrin uğur qazanmaq yolları, bu istiqamətdəki prioritetlərdir: ”Hacı Səfərov San Sebastyan, Kann kimi nüfuzlu beynəlxalq festivallarda kinotənqidçi qismində iştirak edib. Türkan Hüseynin və Nurlan Həsənlinin layihələri isə müxtəlif beynəlxalq vorkşoplarda, ssenarilərin inkişaf bölümlərinə qatılıb. Qonaqlarımız sizinlə öz təcrübəsini bölüşəcək və faydalı məlumatlar verməyə çalışacaqlar”. Tədbirdən öncə, Türkan Hüseynin və Nurlan Həsənlinin film layihələrindən ibarət videolar göstərildi.

Daha sonra isə müzakirə başlandı. Moderator iştirakçılara öncə, “festival kinosu” anlayışı ilə bağlı müraciət etdi: “Bizdə bəzən yanlış olaraq, elə başa düşürlər ki, festival kinosunun kommersiya tərəfi ola bilməz, o, geniş prokat üçün nəzərdə tutulmur və belə filmlərdə uzun, statik planlar olmalıdır. Təcrübədə isə bunun əksini görürük. Ümumən, “festival kinosu” deyəndə nəyi nəzərə almalıyıq və müəlliflər nələrə diqqət etməlidirlər?
Bu suala ilk cavab verən Hacı Səfərov bildirdi ki, festival kino üçün bir vasitədir: “Festival filmlərin beynəlxalq arenaya çıxmasına şərait yaradır. Orada istənilən film ola bilər. Əsas məsələ, sizin filminizə uyğun olan auditoriyanı tapmaqdır. Nüfuzlu festivallarda təsadüfi filmlər olmur. Çünki şirkətlər filmlərə pul qoyur ki, onu müxtəlif yerlərdə göstərsinlər və onun kommersiya uğuru olsun. Ona görə incəsənət dəyəri olan, universal dildə danışan və eyni zamanda, özünəməxsusluğu olan filmlər üstünlük təşkil edir. Burada əsas məqsəd dünya kinobazarına çıxmaqdır”.

Türkan Hüseyn isə “festival kinosu” anlayışını qəbul etmədiyini dedi: “Çünki festival sadəcə rejissorun tamaşaçı ilə görüşdüyü bir yerdir. Janrından asılı olmayan istənilən film festivalda nümayiş oluna bilər və Hacının dediyi kimi bu bir platformadır. Birinci növbədə, sən öz tamaşaçını tapırsan. Festival bu işi davam etdirmək, fondların səni tanıması üçün bir vasitədir”.

“Ölkə daxilində kino bazarının formalaşması festival uğuruna təsir edə bilərmi?” sualının cavabında Nurlan Həsənli ilk növbədə birgə istehsalın vacibliyini qeyd etdi: “Fokus” kinojurnalında Rüstəm İbrahimbəyovun bununla bağlı yaxşı bir fikri vardı ki, kiçik kino bazarı olan ölkələrin dünyaya çıxması üçün birgə istehsalda iştirakı vacibdir. Çünki bu halda istehsalda iştirak edən prodakşnların həmin ölkənin filminə marağı yaranır və onu müxtəlif bazarlara çıxarmaqda maraqlı olurlar. İkincisi, ölkədə film istehsalının intensiv olması festivallarda iştiraka təsirini göstərir. Gürcüstan və ya İranın nümunəsində bunu görə bilərik. Bu ölkələrdə çox film istehsalı, onların festivallara çıxışını təmin edir. Yəni artıq festivalların gözləntisi yaranır ki, hər il İrandan və Gürcüstandan bir film alsınlar. Onların nəzərində Gürcüstan kinosu anlayışı var. Və festivallarda proqram tərtib olunanda tələblərdən biri də hər regiondan bir filmin iştirakıdır”.
Nurlan Həsənlinin fikirlərilə razılaşdığını deyən Türkan Hüseyn qeyd etdi: “Bu il Kannda bir proqrama qəbul olunmuşdum. Orada 4 türk, 3 gürcü layihəsi vardı. Azərbaycandan isə ancaq mən iştirak edirdim. Ümumiyyətlə, xarici festivallarda hələ Azərbaycan kinosu anlayışı formalaşmayıb”.

“Əcnəbi prodüserlər bizdən necə hekayə gözləyirlər?” sualına cavab verən Türkan Hüseyn belə bir təcrübəsini bölüşdü: “Mən “Kapitan və Xəzər dənizi” adlı layihəmi təqdim edəndə, bu, onlara maraqlı gəldi və məlum oldu ki, bu haqda heçnə bilmirlər. Ümumiyyətlə, ölkəmiz haqda demək olar ki, məlumatsızdırlar. Bu o deməkdir ki, biz öz hekayələrimizi dünyaya danışa bilməmişik. Mənə ölkəmizlə bağlı suallar verirlər, deyirlər ki, internetdə axtardıq ölkənizi, fərqlisiniz, müsəlmansınız, amma tam müsəlman da deyilsiz. Hətta yaxınlaşıb deyirlər ki, ilk dəfədir azərbaycanlı görürük. Ümumiyyətlə, festivallara düşmək üçün ingilis dilini bilməlisən, vorkşoplara davamlı müraciət etməlisən, davamlı layihələrdə iştirak etməlisən ki, səni tanısınlar. Onlar təsadüfi adamları seçmirlər”.
Nurlan Həsənli vurğuladı ki, festivala çıxış üçün hekayələr orijinal olmalıdır: “Festival proqramı hazırlananda onun öz kriteriyaları olur. Bunlardan biri, film heyətinin məşhurluğu, rejissorun tanınmasıdır. Kinoda yeni başlayan şəxsdirsə, mövzu və hekayə onları cəlb etməlidir. Trend mövzular olmalıdır. Bu məsələ həmişə aktualdır. Yaxud trend regiondan olmalısan. Məsələn, hazırda müharibənin getdiyi ölkələrin filmləri hər zaman festivallar üçün maraqlıdır. Bu da yoxdursa, həqiqətən yaxşı film çəkməlisən. Belə filmlər festivallarda yer alır. Mən öz təcrübəmdən deyim. Sənədli filmim çox proqrama düşdü. Səbəb o idi ki, sənədlidə yumordan istifadə etmişəm. Məsələn, proqramlarda 15 sənədlidən 14-ü dram olduğu halda, təkcə mənim layihəm komediya idi. Və çox vaxt məni axıra saxlayırdılar ki, xoş əhvali-ruhiyyə ilə ayrılsınlar. Yəni mütləq bir fərqlilik olmalıdır. Fərqlilik onları cəlb edir”.

Hacı Səfərov əlavə etdi ki, yaxşı film çəkməklə iş bitmir: “Bunun üçün müxtəlif mərhələlərdən keçməlisən. Ko-prodakşn şirkəti ilə işləməlisən, layihən tanınmalıdır, nəhəng distribütor şirkətləri ilə iş lazımdır və s”.
“Bəs gənc müəlliflər beynəlxalq platformalarda necə iştirak etməli və hansı mərhələlərdən keçməlidirlər?”
Sualın cavabında Nurlan Həsənli sağlamlığın önəmli olduğunu dedi: “Birinci, müxtəlif layihələrdə ardıcıl iştirak sağlamlıq tələb edir. İkinci faktor – ingilis dilini yaxşı mənimsəməkdir. Üçüncü əsas məsələ, layhəni yazmaq, onun yazılma strukturunu bilməkdir: loqlayn, sinopsis, rejissor şərhi, prodüser şərhi, bunlar düzgün yazılmalıdır. Layihənin yazılma şərtlərini bilmək vacib şərtdir. Hər hansı proqrama, festivala müraciət edəndə sizin keçmiş uğurlarınız da nəzərdən keçirilir. Ona görə öncə lokal, məsələn, regional proqramlardan başlamaq lazımdır”.

Türkan Hüseyn bildirdi ki, maliyyə planı da çox önəmlidir: “Maliyyə planının düzgün yazılması vacibdir. Maliyyə planını yazanda, bilməlisən ki, filan layihənə görə hansı fondlara müraciət edə, hansına edə bilməzsən. Az büdcə yazsan, sənə qeyri-ciddi baxacaqlar, real büdcə qeyd olunmalıdır”.
aki.az

