Xəbər verdiyimiz kimi, 2-8 oktyabr tarixlərində baş tutan “Baku Cinema Breeze” festivalı və “Omarket” – Şərq ölkələrinin kino bazarı çərçivəsində animasiya, festivallar, müştərək istehsal, striminq platformalar, distribüsiya, film komissiyaları, rebeyt kimi aktual mövzulara həsr olunmuş müzakirə panelləri təşkil edilmişdi. “Omarket – film komissiyaları üçün yeni istiqamət” başlığı altında keçirilən müzakirədən sonra tədbirin moderatoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşi mövzu ilə bağlı suallarımızı cavablandırdı.
– Fikrin bəy, bir az əvvəl “Film komissiyaları üçün yeni istiqamət” başlığı altında keçirilən müzakirə panelində rebeyt sisteminin əhəmiyyətindən danışıldı. Bu sistem ölkədə film çəkilişləri ilə məşğul olan əcnəbi istehsalçıların xərclərinin müəyyən faizini özlərinə qaytarmağı, bununla da ölkəni xarici kinoistehsalçılar üçün maraqlı etməyi ehtiva edir. Azərbaycan qanunvericiliyində, konkret kino haqqında qanunda bu tip fəaliyyətlər nəzərə alınıb mı? Ümumiyyətlə, sizcə, Azərbaycan Kino qanununa sadəcə müəyyən düzəlişlər, əlavələr etmək lazımdır, yoxsa qanun tamamilə yenilənməlidir?
– Sualın birinci hissəsində qeyd olunan film komissiyaları ilə bağlı bildirmək istərdim ki, 2016-cı ildə British Council-un keçirdiyi “Mədəniyyət və yaradıcılıq” (“Culture & Creativity”) layihəsi çərçivəsində mən Litva, Latviya və Çexiya film komissiyalarına səfər etmişəm və Avropa dövlətlərində hazırda fəaliyyət göstərən bir çox modelləri təhlil etmişəm. O illərdə Mədəniyyət Nazirliyinə təkliflər də vermişdim, amma həmin təkliflərə baxılmadı. İndi isə 8 il sonra, yeni rəhbərlik bu modelin tətbiq edilməsi sahəsində artıq üçüncü geniş tərkibli görüş keçirir. Nəticə etibarilə, ölkədəki audiovizual sənayesinə töhfə verəcək modelin tətbiqi üçün qanunvericilikdə müvafiq əlavələr və düzəlişlər edilməlidir.
O ki qaldı sualın ikinci hissəsinə, ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planının 2.2.-ci bəndində təkcə kino qanununun yox, ümumiyyətlə, kinematoqrafiya ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulmuşdu və bunun üçün bir illik müddət də – 2008-2009 – müəyyən edilmişdi. O zaman mən öz təşəbbüsümlə kino qanununun ilkin layihəsini hazırladım və nazirliyə təqdim etdim, hətta 2014-cü ildə bu layihə dəfələrlə Milli Məclisin Mədəniyyət Komitəsinin iclaslarına çıxarılmışdı və Plenar iclasa çıxarılması tövsiyə olunmuşdu. Zənnimcə, kifayət qədər normal layihə idi, bu və digər məsələlər həmin qanun layihəsində öz əksini tapmışdı. Bir sözlə, hazırkı qanunda cəmi 14 maddə var və onlar, əsasən, kino istehsalını özündə əks etdirir, terminologiya da yararsızdır. Misal üçün, “milli film” anlayışı, beynəlxalq təcrübəyə uyğun deyil və s.
– Sizin layihəniz kino qanununa əlavələri, düzəlişləri nəzərdə tuturdu, yoxsa tamamilə yeni qanun layihəsi təklif edirdiniz?
– Tamamilə yeni qanun layihəsini təklif edirdim və bir çox müasir tələblərə cavab verən konseptual məsələləri özündə ehtiva edirdi. Qanun layihəsi hazırlananda otuza yaxın Kino Qanunu təhlil edilmişdi və beynəlxalq təcrübələr nəzərə alınmışdı. Düşünürəm ki, 2014-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən Milli Məclisə təqdim olunan və komitədə müzakirə edilən qanun layihəsi, bəlkə də, o dövr üçün aktual idi; Amma bu gün bu qanunda ən qabaqcıl təcrübələr əks olunmalıdır və o istiqamətdə iş aparılmalıdır. Mən düşünürəm ki, bu gün bizim gözəl fürsətimiz var ki, ən müasir qanun layihəsinin qəbul edilməsinə nail olaq. Birincisi, hazır layihə var, komitəyə üzv olan millət vəkillərinin demək olar ki, hamısı layihə ilə tanışdır və biz aktual təcrübələri orada daha asan əks etdirə bilərik. Amma qanunun qəbul edilməsi ilə yanaşı onun icra mexanizmləri də işlənilməlidir. Bu da bir az vaxt tələb edir. İstənilən halda islahatlar prosesi yeni kino qanunundan başlamalıdır.
– Bildiyim qədər, hazırda Milli Məclisin Mədəniyyət Komitəsində olan layihədən bəzi müddəalar Mədəniyyət Nazirliyi tərəfindən çıxarılmışdı. Bu düzdür?
– Bəli, mənim yazdığım layihədə yetmişdən artıq maddə var idi, hazırkı layihədə maddələrin sayı qırxdır.
– Belə çıxır ki, həmin layihə də yenidən işlənməlidir?
– Hal-hazırda bu məsələ gündəmdədir. Mədəniyyət naziri ilə Prodüserlər Gildiyasının üzvlərinin keçən il və bu il baş tutan görüşlərində nazir bizim bu təşəbbüsümüzü çox müsbət qarşıladı. Keçən il keçirilən forumda isə rəhmətlik Qənirə xanım da layihə üzərində işin bərpa edilməsini təklif etmişdi. Çox təəssüf ki, vaxtsız dünyasını dəyişdi. Amma mən əminəm ki, mədəniyyət naziri və Milli Məclisin deputatları bu məsələdə bizə çox dəstək olacaqlar və verdiyimiz təkliflər təkcə bu sahədə dövlət siyasətini həyata keçirən qurum kimi Mədəniyyət Nazirliyinə deyil, eyni zamanda, kino sahəsində fəaliyyət göstərən hər bir şəxsə çox faydalı olacaq.
– Mövcud Kino qanunundakı hansı maddələr hazırda Azərbaycan kinosunun qarşısında ciddi maneədir və nələr əlavə olunmalıdır?
– 1998-ci ildə qəbul olunmuş mövcud qanun həmin dövrdəki vəziyyəti tənzimləyirdi və orada hələ də dövlət sifarişi ilə filmlərin istehsalını nəzərdə tutan bir sistemdən bəhs edilir. Yəni, dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş bir maliyyə vəsaiti var, nazirlik də dövlət sifarişi ilə müəyyən filmləri istehsal edir. Həmin qanunda hər hansı digər, alternativ maliyyələşdirmə modelləri nəzərdə tutulmayıb. Odur ki, Mədəniyyət Nazirliyinin bir çox təşəbbüslərinin – birgə istehsalat, özəl sektorlara vəsait ayrılması və s. – hüquqi bazası, qanuni əsasları yoxdur. Çünki nazirliyin o zamankı əsasnaməsində də “dövlət sifarişi ilə istehsal” yazılmışdı, nazirliyin “kino şöbəsi”nin sənədlərində də “dövlət sifarişi” ifadəsi qeyd edilirdi, dövlət film studiyalarının nizamnaməsində də eyniliklə əks edilirdi. Hətta qanunun 3-cü maddəsində “dövlət sifarişi əsasında çəkilən filmlərin istehsalının, yayımının və onların beynəlxalq kinofestivallarda iştirakının, kinosalnamə çəkilişinin və Dövlət Film Fondunun maliyyələşdirilməsi” kimi ifadə var. Bu da bir çox işlərin görülməsini, xüsusilə, özəl sektorun istehsal etdiyi filmlərin distribüsiyasına dəstəyi və festivallarda iştirakını, ictimai birliklər və özəl sektor tərəfindən keçirilən tədbirlərin maliyyələşdirilməsini və s. məhdudlaşdırır.
– Bəs 2000-ci illərin ortalarında özəl sektorun inkişafını dəstəkləmək məqsədilə keçirilən müsabiqələr, müstəqil şirkətlərə maliyyə ayrılması hansı mexanizmlə tənzimlənirdi?
– Belə təşəbbüslər vardı, amma o da dövlət sifarişi kimi təqdim olunurdu. Həmin dövrdə nazir olan Polad Bülbüloğlu ilk dəfə belə bir təcrübəni həyata keçirdi, “Yeni dalğa”, “Azvideo”, “Buta prodakşn” və digər şirkətlər müəyyən maliyyə alaraq dövlət sifarişi ilə istehsalatla məşğul oldular. Çox az sayda filmlər istehsal edilirdi və bunların hamısı dövlətə böyük bir maliyyə yükü yaradırdı. Bu gün biz dövlətin üzərinə düşən həmin maliyyə yükünü azaltmaq məqsədilə kino qanunvericiliyinə özəl sektorla əməkdaşlığın qurulmasına dair müddəaları daxil etməliyik. Bu çox vacib bir məsələdir və burada diversifikasiya da olmalıdır. Məsələn, kino sahəsində qrant maliyyələşdirilməsi də nəzərdə tutulmalıdır. Hazırda yeni yaradılmış Kino Agentliyi qrant verə bilmir. Məsələn, mövcud qanunvericilikdə birgə istehsalla bağlı da heç bir tənzimləmələr yoxdur, halbuki MDB və Avropa Birliyi ilə imzalanan beynəlxalq müqavilələrimiz var. Amma onlar işlək deyil və ölkədə fəaliyyət göstərən istehsalçılar bundan faydalana bilmirlər. Ümumiyyətlə, mövcud kino qanunvericiliyi ancaq istehsala yönəlib. Hazırda keçirilən kinofestivallarla bağlı Kinematoqrafiya haqqında Qanunda cəmi iki cümlə var ki, birini bayaq qeyd etdim. O biri isə dövlət himayəsinin əsas formalarından biri kimi “kinofestivalların və təbliğat xarakterli digər tədbirlərin keçirilməsi”ni nəzərdə tutur. Ancaq, festival necə təşkil olunmalıdır? Dövlətin və təşkilatçının bununla bağlı hansı öhdəlikləri, vəzifələri var? Dövlət nə etməlidir? Təşkilatçı nə etməlidir? Dövlət özü təşkil etməlidir? Bütün bu və digər məsələlər qanunericilikdə öz əksini tapmayıb. Ona görə də, kino sənayesinin hər bir mərhələsi ilə bağlı hamıda narazılıqlar var. Bir qayda olaraq, biz qanuna sistemli yanaşmalıyıq. Qanun, ideyadan tutmuş yekun kino məhsulunun tamaşaçıya çatdırılmasına qədər hər bir mərhələni tənzimləməlidir. Onda keyfiyyətli işlər görə biləcəyik.
– Fikrin bəy, son iki ildə, xüsusən, ARKA yaranandan sonra bizim, adını tez-tez eşitməyə başladığımız bir struktur var – Satınalma Agentliyi. Elə bir mənzərə yaranıb ki, sanki kino sahəsində Mədəniyyət Nazirliyi və ya ARKA yox, bu agentlik əsas rol oynayır. Niyə biz əvvəllər bu qurumun adını eşitmirdik, indi isə tez-tez eşitməyə başlamışıq?
– Əslində, bu problem həmişə vardı. Sadəcə hər kino müəssisəsi bu məsələni özbaşına həll edirdi. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, kino ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı “dövlət sifarişi ilə filmlərin istehsalının təkmilləşdirilməsi” və “dövlət vəsaiti hesabına istehsal olunan filmlər üçün aktual mövzulara həsr edilmiş kino layihələrinin müsabiqə yolu ilə seçilməsi mexanizminin işə salınması” və bu kimi digər məsələlər də nəzərdə tutulurdu. Yəni, bu, satınalma məsələlərini də özündə ehtiva edirdi. Biz dünya təcrübəsini təhlil edərək, bu məsələnin həllinə dair təklif verməyə hazırıq. Məsələn, Gürcüstan, təxminən, on il əvvəl dövlət satınalmaları haqqında qanunda müəyyən dəyişikliklər etdi və nəticədə satınalma qanunu mədəniyyət layihələrinə bir az yüngülləşdirilmiş şəkildə tətbiq olunmağa başladı. Yəni hər bir kino ssenarisi unikaldır, hər birinin müəllif hüquqları qorunur. Bizdə prinsipcə eyni müddəa Dövlət Satınalmaları Haqqında Qanunda müəyyən edilib. Qanunun 49.1.1.-ci maddəsində “satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda” bir mənbədən satınalma metodundan istifadə edilməsinə icazə verilir. Amma bu müddəanın tətbiq edilməsi çox mürəkkəbləşdirilib. Yenə deyirəm, qanunvericilikdə hər şey zəncirvari şəkildə bir-birilə bağlıdır və bu zəncirin ilk halqası Kino Qanunudur. Biz islahatlara oradan başlamalıyıq və yavaş-yavaş tənzimləmə məsələlərinə keçməliyik.
– Son sualım vergi güzəştləri barədə olacaq, çünki bu da hazırda Azərbaycan kinosunun qarşısında dayanan ciddi maneələrdən biridir. Nə vaxt?
– 2023-cü ilin fevral ayında, Prodüserlər Gildiyasının üzvləri ilə İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin məsul şəxsləri ilə görüşdə biz 106.1.18-ci maddə ilə bağlı təkliflərimizi səsləndirdik. Əslində, 1 yanvar 2024-cü ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 106.1.18-ci Maddəsində deyilir ki, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2024-cü il yanvarın 1-dən 5 il müddətinə mənfəət vergisindən azad olunurlar. Amma bu müddəanın tətbiqi ilə bağlı Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli, 88 nömrəli qərarında deyilir ki, bu vəsait “kommersiya hüquqi şəxsləri istisna olmaqla” film istehsal edən hüquqi şəxslərə verilə bilər. Yəni, Nazirlər Kabinetinin Qərarı ilə Vergi Məcəlləsinin müddəası arasında ziddiyyət var və bu, aradan qaldırılmalıdır. Hazırkı vəziyyətdə hər hansı ictimai birlik film istehsalı ilə bağlı maliyyə vəsaiti əldə etsə, qeyri-kommersiya məqsədləri üçün kino istehsal etməli olacaq. Amma bu işi kino istehsalı müəssisəsinə sifariş etsə, bu əməliyyata adi qaydada vergi tətbiq olunacaq. Yəni həmin vəsait şirkətin hesabına daxil olan kimi ƏDV də yaranır, digər vergilər də. Bu olmasın deyə, Vergi Məcəlləsində olan yanaşmanı bütün aidiyyəti qanunvericiliyə tətbiq etməliyik. Bu məsələni Prodüserlər Gildiyasının sədri olaraq bundan əvvəlki mədəniyyət naziri ilə də danışmışdıq, hazırkı nazir Adil müəllimlə də bu yaxınlarda müzakirə etdik. Çox ümid edirəm ki, bu məsələ müsbət həllini tapacaq. Yanlış xatırlamıramsa, keçənilki dəyişikliklərə görə, ƏDV-dən və sadələşdirilmiş vergidən azadolmalar audiovizual media subyektləri istisna olmaqla müvafiq media istehsalçılarına tətbiq edilir. Amma kino sahəsində bu vergilər adi qaydada tətbiq edilir və onun artırılması kino ilə məşğul olan kiçik bizneslərə, sahibkarlara böyük zərbə vurub. Halbuki onların bir çoxu iri şirkətlərin, kinostudiyanın podratçıları idi. Bu da istər-istəməz kinonun maliyyəsini artırır. Bu barədə ictimai müzakirələr aparılmalıdır, dövlət və özəl sektor arasında dialoq qurulmalıdır. Mən düşünürəm ki, burada da təşəbbüskar biz – prodüserlər ola bilərik, amma Mədəniyyət Nazirliyi də bizi dəstəkləməlidir. Bu olmazsa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Gömrük Komitəsi və s. qurumlar da bu məsələnin həllində bizə dəstək olmayacaqlar. Hazırda müvafiq qurumlar bizdən istənilən təşəbbüsün əsaslandırılmasını istəyirlər, rəqəmlər istəyirlər, çoxlu suallar verirlər. Bu sahədə neçə nəfər işləyir? Nə qədər vergi yükü var? Verginin yükünü aşağı salmaqla nə əldə edəcəyik? Rəqabətə davamlı məhsullar olacaqmı? Daxili bazarın minimal payının əhatə edilməsi mümkün olacaqmı? Məsələn, hazırda ölkədə 300 film nümayiş olunur, yerli istehsal olan məhsulların bazar payı isə 10% güclə əldə edir. Bizdə bir çox rəqəmlər hələ də açıq deyil, filmlərin büdcəsi şəffaf deyil və burada müsbət dinamika müşahidə edilmir. Film komissiyası üçün rebeyt sistemi, vergi güzəştləri və ya subsidiyaların verilməsi üçün isə mümkün qədər şəffaf mühasibatlıq və hesabatlılıq sistemi qurulmalıdır.
aki.az