Film Komissiyası: İki yolun ayrıcında...

Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimat mərasimi keçirildi.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov mərasimdən öncə “Lenfilm” kinostudiyasının baş direktoru Fyodor Şerbakovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə keçirdiyi görüşdə mədəniyyət sahəsində olan ikitərəfli münasibətlərin inkişafı, kino sahəsində təcrübə mübadiləsi və gələcək inkişaf perspektivləri müzakirə etdilər. Dövlət qurumlarının, Bakıdakı diplomatik missiyaların nümayəndələrinin, eləcə də Türkiyə, Ukrayna, Avstriya, Serbiya və Rusiya kino mütəxəssislərinin iştirak etdiyi təqdimat mərasimi Azərbaycan kinematoqrafçıları tərəfindən böyük maraqla qarşılandı.

Professional Kinorejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyev və Azərbaycan Kinematoqraflar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov bu barədə “Bakı-Xəbər”lə öz fikirlərini bölüşüblər.

Hüseyn Mehdiyev bildirib ki, bütün maneələr, bürokratik əngəllər, süründürməçiliklər aradan qaldırılarsa, bu işin perspektivi çox böyükdür: “Mexanizmlər düzgün qurularsa, bu komissiya Azərbaycana xaricdən maliyyə axınının reallaşmasına şərait yaradar. “Biz Azərbaycan Film Komissiyasını 2005-ci ildə yaratmışıq. 2005-ci ildən bu yana onun tam həcmdə, rasional istifadəsinə imkan yox idi. Amma buna baxmayaraq, bu istiqamətdə olan boşluğu müəyyən dərəcədə doldururduq. Xaricdə bütün kino sahəsilə məşğul olan şirkətlər üçün Azərbaycan, Azərbaycan kino sənayesi, Azərbaycan kinosu haqqında, bir sözlə, kino istehsalatı ilə bağlı olan bütün informasiyaları komissiyanın saytında yerləşdirmişdik. Hətta havadan tutmuş, icazəyə qədər hamısı burada vardı, xaricilər də bundan yaxşı istifadə edirdilər. Telekanalların, şirkətlərin heç xəbərləri olmadan xaricdən müraciət edən kampaniyaları onlara yönəldirdik, onlar da əlaqə saxlayıb öz işlərini görürdülər. Bu çox vacib bir məsələdir. Siz heç təsəvvür edə bilməzsiniz ki, nə qədər vacibdir. Xüsusilə də indi torpaqlarımız işğaldan azad olunub və burada çox cəlbedici, gözəl, tarixi baxımdan əhəmiyyətli yerlər var və biz bunları dünyada təbliğ edib, kino çəkmək istəyənləri bura cəlb edək. Bu ən vacib bir məsələdir ki, bunun da yeganə problemi təşkilati məsələlərlə bağlıdır. Tutaq ki, vaxtilə bizə xarici şirkətlər Azərbaycanda film çəkmək üçün müraciət edirdilər, əlaqə saxlayırdıq, danışırdıq, amma onların film çəkməsinə icazə məsələsi Mədəniyyət Nazirliyinə bağlı idi. Nazirliklə həmin xarici şirkətlər arasında uzun-uzadı bürokratik yazışmalar başlayırdı və şirkətlər bu süründürməçilikdən bezib filmlərini çəkmək üçün Gürcüstana gedirdilər. Bu indi olmamalıdır, olmasın. Ümid edirəm ki, daha belə olmayacaq. Çünki nazir demişkən, nəhayət ki, Kino Agentliyi yaradılacaq və bu məsələni isə Kino Agentliyi həyata keçirəcək”.

H.Mehdiyevin fikrincə,  Azərbaycanda xarici şirkətlərin diqqətini cəlb edəcək, onların çəkiliş aparması üçün böyük imkanlara malik məkanlar, yerlər çoxdur, təbiətimiz çox zəngindir: “Bizim ölkə çəkilişlər üçün çox cəlbedicidir, sadəcə olaraq, bunun üçün şərait yaratmaq lazımdır. Azərbaycanda bu şəraiti yaratsalar, yüz faiz əminəm ki, film çəkmək məqsədilə Azərbaycana çoxlu xarici şirkət gələcək və ölkəmiz gəlir əldə edəcək. Aydın məsələdir ki, burada bürokratik əngəllər, maneələr olmasa, hədəflərimizə nail ola bilərik, təki süni maneələr olmasın. Bütün süni əngəllər, bürokratik maneələr aradan qaldırılsa, əminəm ki, kino çəkmək üçün Azərbaycana üz tutan xarici şirkətlər az olmayacaq, bu da ölkəyə güclü maliyyə axını deməkdir. Tutalım, Fransa bir film çəkir və bu filmin Azərbaycana heç bir aidiyyəti yoxdur, amma o filmi çəkmək üçün təbiət, dağ, çay, dəniz, göl, dağ, bir sözlə, məkan lazımdır. Görürsünüz, ölkəmiz bu cəhətdən də nə qədər zəngindir. 11 iqlim qurşağının demək olar ki, əksəriyyəti Azərbaycanda var.  Məsələn, o film Fransada çəkilsə, həmin şirkətə çox baha başa gələ bilər, amma Azərbaycanda çəkilərsə, ona ucuz başa gələr. Baxır Azərbaycan ona nə təklif edir, nə güzəştlər verir? Bu da rəqabətdir. Gürcüstanda onlar üçün yaxşı şərait yaradılıb, bizdə də yaradılmalıdır. Gürcüstanda da 2005-ci ildən şərait yaradılmağa başlanıb, görün, necə inkişaf ediblər, amma bizim əl-qolumuzu bağlayıb inkişaf etməyə qoymadılar. Ona görə də biz bu sahədə çox geridə qalmışıq. Bu iş çox xeyirlidir, gəlirlidir. Bunun maliyyə, iqtisadi, turizm və sair baxımından xeyri var. Bura kino çəkməyə gələnlər, təbii ki, özləri ilə əsas heyəti gətirəcəklər, 50-60 nəfəri gətirməyəcəklər ki… Bizim üçün bu sərfəlidir, kütləvi səhnələri çəkəndə bizim insanlardan çəkəcəklər, görün, nə qədər insanı çəkilişlərə cəlb edəcəklər. Bu bizim üçün hərtərəfli xeyirdir. Biz bu prosesin nə qədər xeyirli olacağını əvvəlcədən bilirdik, sadəcə olaraq, kinonun keçmiş rəhbərliyi buna şərait yaratmaq istəmirdi. Ona görə də bu vəziyyətdəyik. Bu, perspektivi olan işdir. Mən 15 ildən çox bu işlə məşğul olan adam kimi əminliklə deyirəm ki, bu, Azərbaycanın təbliğinə çox böyük töhfədir”.

Azərbaycan Kinematoqraflar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov isə qeyd edir ki, Film Komissiyası təşəbbüsü ilk dəfə Azərbaycan Professional Kinorejissorlar Gildiyası tərəfindən 15 il əvvəl edilib: “Bununla yanaşı, Azərbaycanda artıq bununla bağlı işlər görülüb. Yəni Azərbaycanda xarici kinostudiyalar çəkilişlər aparıb və onlara xidmət göstərən şirkətlərimiz olub. Həm “Ultra” prodakşn, həm Bakı Media Mərkəzi, “Nərimanfilm” bu sahədə xüsusi fəaliyyət göstərirlər. “Nərimanfilm” mütəmadi olaraq xarici film sərgilərində iştirak edir və bir neçə xarici şirkətin ölkəmizdə çəkiliş aparmasına xidmət göstərib. Bu çox yaxşı bir təşəbbüsdür, dövlət də buna razılıq verirsə, müsbət haldır. Amma bu, özəl prodakşnların, özəl film şirkətlərinin qarşısını almamalı, monopoliya yaranmamalıdır”.

AKİ katibi bildirir ki, bu qurum xarici film şirkətlərini bura cəlb edərək onların Azərbaycanın özəl şirkətləri ilə işləməsinə şərait yaratmalıdır: “Özü xidmət göstərməməli, sadəcə olaraq, şirkətləri cəlb etməli, şirkətlərə xidməti isə özəl prodakşnlar göstərməlidirlər. Bu təşəbbüs çox yaxşdır, amma ümid edirəm ki, bu, monopoliya yaratmaq cəhdi deyil və bütün şirkətlərin inkişafının qarşısı alınmayacaq, özəl şirkətlər də dövlət studiyaları ilə bərabərhüquqlu şəraitdə fəaliyyət göstərəcəklər. Azərbaycanın təbiəti, memarlığı çəkilişlər üçün əlverilşlidir. Bu Film Komissiyanın fəaliyyəti ölkəmizdən daha çox xaricdə olmalıdır. Təqdimatlar dünya ölkələrinin paytaxtlarında keçirilməlidir. Bura gələndə isə onlar özəl şirkətlərlə işləməlidirlər. Yaxud texniki bazası olan şirkətlərlə işləməlidirlər. Yaxşı təşəbbüsdür, ümid edirəm ki, monopoliyaya yol verilməyəcək”.

aki.az