Foto sənəti və bu istiqamətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edən, eyni zamanda, kino sənəti, operator sənəti, rəssamlıq, kinooperatorun və rəssamın birgə işi, fotonun onlarla bağlılığı, işıq effektləri və s. barədə geniş məlumatla zəngin olan “Fotokompozisiya” kitabı Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə təkrar nəşr olunub.
Azərbaycanın tanınmış foto mütəxəssisləri olan Əməkdar incəsənət xadimi, kinooperator Rafael Qəmbərov və Əməkdar incəsənət xadimi, kinooperator Amin Novruzovun birgə araşdırması olan, doqquz fəsildən ibarət “Fotokompozisiya” kitabı tədqiqat əsəri olmaqla yanaşı, bütövlükdə foto sənəti və bu istiqamətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edir.
Kitabı indiyə qədər mövcud olan nəşrlərdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, problemə kompleks halda yanaşılıb və mövzu geniş formada təhlil olunub. Bundan başqa, kitabda fotoqrafiya sənətinin və onun texniki vasitələrinin təfərrüatlarından və xüsusiyyətlərindən bəhs edilməklə yanaşı, bu sənətlə maraqlanan gənclərə dəyərli tövsiyələr də verir.
Fotoqrafiya terminlərinin Azərbaycan və rus dillərində lüğət kimi kitaba daxil edilməsi kino sahəsində terminoloji lüğətçiliyinin inkişafı cəhətdən çox mühümdür və bu önəmli yenilik sayılır. Bundan başqa, “Fotokompozisiya”da Azərbaycan fotoqraflarının müxtəlif nəsillərinin, eləcə də dünyanın tanınmış sənətkarlarının çəkdiyi dəyərli fotoəsərlərin kitabda yer alan nümunələri, nəzəri hissələri qavramağa yardım edəcək vasitə kimi də diqqəti cəlb edir.
Kitabın elmi redaktoru və ön sözünün müəllifi yazıçı, akademik Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini Rafael Hüseynov qeyd edir ki, “Fotokompozisiya” kitabı ilk ciddi təşəbbüsdür və foto sənəti aləminə tərəddüdsüz bir “qızıl açar” kimi qiymətləndirilə bilər: “Kitabı vərəqlədikcə əmin olursan ki, müəlliflər sadəcə bu sahəni dərindən bilən mütəxəssislər deyil, həm də bu gözəl sənətə aşiqdirlər. Müəlliflər kitabın əvvəlindən bizi nağıl kimi şirin olan cazibəli bir tarixə səyahətə, ilk fotonun yarandığı dünənə aparırlar. İnanıram ki, Azərbaycan foto sənəti və fotoqrafları hələ çox araşdırmaların, çox dərsliklərin mövzusuna çevriləcəkdir. Kitabda fotoqrafik proseslərin bütün qolları araşdırılaraq oxucuya bu sənətdəki ümdə səmtlər nişan verilir, yeni başlayan həvəskar fotoqrafa fotoaparatların mənimsənilməsi, fotoqrafik materiallar, onların aşkarlanması yolları, fotoçəkilişin texnikası, sonra isə kompozisiya yaradıcılığı ilə məşğul olmağın əlifbası səriştəsi ilə anladılır”.
Qeyd edək ki, kino mütəxəssisləri, müvafiq ixtisas təhsili verən müəssisələrin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının qərarı ilə təsdiq edilərək Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilmişdir.
Kitabın təkrar nəşri çoxsaylı oxucuların istəyinə əsasən həyata keçirilib. Təkrar nəşrə məsul Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, rejissor Əli İsa Cabbarov, naşir Ələddin Əsədzadə, rəyçilər -Azərbaycan Rəssamlar İttifaqının I katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin sədri, rejissor Hüseyn Mehdiyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoinformasiya redaksiyasının baş redaktoru Vüqar Əmrullayev, Azərbaycan Fotoqraflar İctimai Birliyi İdarə Heyətinin sədri Mirnaib Həsənoğludur.
aki.az