FRANSA KİNO GÜNLƏRİ ”BALTAZAR”LA BAŞLADI

İyunun 7-də “Azərbaycan sinema”  kinoteatrında “Fransız kino həzzi: 100% klassiklər” layihəsi çərçivəsində Rober Bressonun “Baltazar” filminin Azərbaycan dilində nümayişi baş tutdu.

Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransız İnstitutu və Fransa səfirliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutan nümayişdə Fransanın Azərbaycandakı səfiri, cənab Zakari Qross, AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov, “Cinemaplus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə, kinotənqidçi Aygün Aslanlı və kinorejissor, fransız kino mütəxəssisi Murad Abiyev çıxış etdilər.

Səfir Zakari Qross belə gözəl təşəbbüs üçün təşkilatçılara təşəkkür etdi.  O bildirdi ki, zalın dolu olması Azərbaycanda əsil kino bilicilərinin olmasını göstərir. Səfir “Baltazar” filminin Azərbaycanda təqdimatının ona nəsib olduğuna görə şad olduğunu bildirdi.

Tədbirdə çıxış edən AKİ katibi Əli İsa Cabbarov Rober Bressonu dünya kinosunun tanrısı adlandırdı və Azərbaycan Kinematoqrafçılar İttifaqının layihələrindən biri olan film nümayişlərində belə filmlərin olmasının vacibliyini vurğuladı. Daha sonra tədbirdə iştirak edən tamaşaçılara və layihədə tərəfdaş olan Fransa İnstitutuna və cənab səfirə minnətdarlıq edərək bildirdi ki, Kinematoqrafçılar İttifaqı Fransa səfirliyi ilə təkcə nümayişlər təşkilində yox,  kinomuzun inkişafına gətirən müxtəlif layihələrdə əməkdaşlığa hazırdı.

Zaur Darabzadə öz çıxışında tamaşaçılara Cinemaplus kinoteatrlar şəbəkəsi haqqında qısa məlumat verdikdən sonra belə yüksək mənəvi dəyəri olan filmlərin “Azərbaycan sinema” kinoteatrında nümayiş olunmasından məmnun olduğunu bildirdi.

Tədbirin sonunda film haqqında məlumat verən Murad Abıyev və Aygün Aslanlı rejissorun yaradıcılığını tamaşaçılarla müzakirə etdilər.

aki.az