FRANSIZ KİNO GÜNLƏRİNƏ START VERİLİR

“100% klassiklər: Fransız kino həzzi” adlı film nümayişləri başlayır.

Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyinin Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən nümayiş “Azərbaycan” kinoteatrında olacaq.

Filmlər fransız dilində, azərbaycan və ingilis altyazıları ilə təqdim olunacaq:

7 iyun – “Atalanta” (Jan Viqo)

14 iyun – “Baltazar” ( Rober Bresso)

21 iyun – “Uçuş zolağı” və “Sibirdən məktublar (Kris Marker) filmləri nümayiş olunacaq.

Qeyd edək ki, 1934-cü ildə Jan Viqo tərəfindən çəkilən “Atalanta” filmi “Atalanta” gəmisinin kapitanı Janın, kənd qızı Cülyetta ilə evliliyi və onların Parisə bal ayı səyahətindən bəhs edir.

1966-cı ildə Rober Bressonun çəkdiyi “Baltazar” filmi dünya kino dərsliklərində ön sıralarda yer alır. Filmin qəhrəmanı Baltazar adlı uzunqulaqdır. Bu adı ona uşaqlar verib. Baltazar hər dəfə yeni insanlar görəndə, onun sayəsində yeni xarakterlərlə tanışlıq yaranır. Baltazarın isə ən çox xatırladığı Mari adlı qız olur.

1962-ci ildə Kris Markerin çəkdiyi, qısametrajlı və yeganə bədii filmi hesab edilən “Uçuş zolağı”nda üçüncü dünya müharibəsinin termonüvə zərbəsindən sonra sağ qalan parislilərin yeraltı katakombalarda yaşamasından bəhs edilir. Film fantastik janrda lentə alınıb və tamaşaçıya antiutopik hisslər yaşadır.

1957-ci ildə Kris Markerin lentə aldığı “Sibirdən məktublar” sənədli filmi Sibirin təbiətindən, orada yaşayan insanların həyatından, cəmiyyətin müasirləşməsindən bəhs edir.

aki.az