Fuad Poladov… Unutmadıq!
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, görkəmli teatr və kino aktyoru, xalq artisti Fuad Poladovun dünyasını dəyişməsindən iki il keçir…
May ayı aktyorun həyatında önəmli bir yer tutur. O mənada ki, Azərbaycan teatr və kinosunda belə bir aktyor bəxş etmiş həyat, onun doğum gününü və ölüm gününü məhz may ayına planlaşdırıb. Yazın bu gözəl ayında dünyaya gələn, gəlişilə sənət dünyasında özünəməxsus iz buraxan və vaxtsız, zamansız dünyanı tərk etməklə tamaşaçısını kədərləndirəndən Fuad Poladovun keçdiyi həyat yoluna qısa səyahət edək.
F.Poladov 24 may 1948-ci ildə Bakıda doğulub. 1967–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib. İlk dəfə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə kinoda ilk addımlarını atıb. Kinoda saysız rollar(“Ən vacib müsahibə”(1971), “Ad gün”(1977), “Qaynana”(1978), “İşarəni dənizdən gözləyin”(1986), “İmtahan”(1987), “Köpək”(1994), “Beşmərtəbəli evin altıncı mərtəbəsi”(1996), “Ailə”(1998), “Güllələnmə təxirə salınır”(2002), “Ovsunçu”(2002), “Arxada qalmış gələcək”(2004), “Küçələrə su səpmişəm”(2004), “Əlvida, cənub şəhəri”(2006), “Aktrisa”, (2011), “Dolu”(2012), “Axırıncı dayanacaq”(2014), və s.) oynayan, kino tarixinə lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri kimi, eyni zamanda fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı yazılan aktyor daima axtarışda olan aktyorlardan biri olaraq yadda qalıb. Bəlkə bu səbəbdən onun kino yaradıcıllığı tam olaraq açılmadı, kinorejissorlar onun aktyorluq üslubunu tam olaraq kəşf edə bilmədi. Ancaq aktyor çalışdığı teatrlarda oynadığı rollarla tam şəkildə sözünü deyə bildi.
Onun uzun illər çalışdığı Akademik Milli Dram Teatrındakı(1969-1989-ci illər) fəaliyyəti, həmkarları arasında qazandığı höprmət, sevgi, istərsə də 1989-cu ildən Rus Dram Tetarının səhnəsində oynadığı rollar Fuad Poladov şəxsiyyətinin canlı sübutudur.
Yeri gəlmişkən, tələbəlik illərində sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayan aktyor premyera (1969-cu il 29 noyabr) günündən etibarən aktyor truppasına daxil olub. Aktyor hər zaman o fikirdə olub ki, Azərbaycan teatrı heç vaxt istedadlı aktyor sarıdan korluq çəkməyib və hal-hazırda da çəkmir: “Sadəcə olaraq onları düzgün yönəldən insanlar yoxdur. Bizim nəslin yetişməyində zəhməti olmuş sonuncu magikan Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımov olub. Ondan sonra teatra elə bir şəxs gəlməyib. İstedadları axtarıb üzə çıxarmaq lazımdır”.
Aktyorun özünə doğma hesab etdiyi Milli teatrdan gedişini birmənalı qarşılamayanlar olsa da, müsahibələrinin birində bu barədə fikir bildirməsi hamını susdurmuşdu.
Fuad Poladov deyirdi ki, heç bir vaxt özünü Akademik Milli Dram teatrından getmiş hesab etməyib: “Çünki ilk addımlarımı orda atmışam. O teatr mənim üçün həmişə doğma olub. Sadəcə olaraq mən dəniz kənarında oturub hava gözləyən adamlardan deyiləm. Gözləmirəm ki, “nə olacaq, nə vaxt düzələcək?” İnsana ömür bir dəfə verilir. Ömür də həddən artıq qısadır. Oturub gözləmək, gileylənmək ki, “mənə rol vermədilər, istedadımı üzə çıxarmadılar” – belə söhbətlərə mən inanmıram. Hər şey insanın öz əlindədir. 20 il bundan qabaq orada oturub gözləmiş olsaydım, yəqin mən də gileylənməyə başlayardım. Amma hiss edəndə, görəndə ki, artıq istədiyimi bu teatrdan ala bilmirəm başqa yerə getdim. Gərək məhz Akademik Milli Dram Teatrı olsun?! Yox. Azərbaycanda o qədər teatr var ki. Əgər sənin bacarığın varsa, başqa teatrda da özünü göstərəcəksən və bunu tamaşaçı görəcək”. Gileyini, incikliyini daima ürəyində saxlamağı bacaran aktyorun bu cavabı möhtəşəmdir. Onun şəxsiyyətini məhz belə cavabları ortaya tam olaraq çıxarırdı. Yəqin ki, bir xatırlatma yerinə düşər. 2012-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının ətrafında başlanan hadisələrdə Fuad Poladov özünü bir vətəndaş, sənətinə və dostlarına sadiq dost kimi göstərdi. Haqq-ədalətin, sənətin və əlbəttə ki, dostlarının yanında oldu.
Yaradıcılığının məhsuldar bir zamanında aktyorun vaxtsız ölümü həmkarlarını təsirləndirdiyi kimi, tamaşaçılarını da qüssələndirdi. Ancaq onun oynadığı rollar, sənətdəki vüqarı, qüruru, varlığı ilə söz demək bacarığına malik olması, bəzən susaraq cavab verməsi və daha nələr ona ölməzliyi sağlığında qazandırdı.
Sevimli aktyorumuzu göz açdığı və dünyasını dəyişdiyi may ayında böyük ehtiramla yad edirik.
Xədicə QİYAS