Füzuli Hüseynov - 60

“Qarabağ müharibəsi haqqında ortaya qoyulan filmlərimiz hanı? Bunun üçün xaricdən rejissor, aktyor dəvət etməklə deyil. İnanın o, rejissor biz istəyən kimi, bizim ürəyimizi tərpədən kimi çəkməyəcək, çəkə bilməyəcək! Çünki bunu çəkən bizim içimizdən olan, psixologiyamızı bilən, ürəyi yanan biri olmalıdır. Belə adamlar da var. Sadəcə, onlara qarşı bu gün saymamazlıq var” deyən teatr və kino aktyoru, Əməkdar artist Füzuli Hüseynovun 60 illik yubuleyidir.

Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitib. Təhsilini bitirdiyi ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Teatrın səhnələşdirdiyi tamaşalarda (V. Səmədoğlunun “Yayda qartopu oyunu”nda Adil, İ. Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”nda Ayaz Turan, “Bizim qəribə taleyimiz”də Samir, “Şeyx Xiyabani”sində Şeyx Xiyabani, F. Q. Lorkanın “Qadın faciəsi”ndə Viktor, Anarın “Təhminə və Zaur”unda Spartak, S. Rəhmanın “Yalan”ında Şamil, N. Xəzrinin “Gecə döyülən qapılar”ında Səfər, V. Şekspirin “Kral Lir”ində Edmond  və s.) müxtəlif xarakterli obrazlar qalereyası yaratmışdır.

Teatr və kino aktyoru kimi tanınan Füzuli Hüseynov teatrda çalışdığı vaxtdan paralel olaraq “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə də maraqlı rollar oynayıb.

1985-ci ildə Mövlud Süleymanlının ssenarisi əsasında Ceyhun Mirzəyevin (Vaqif Mustafayevlə birgə) quruluş verdiyi “Bəyin oğurlanması”nda Elxan, 1991-ci ildə

Hafiz Fətullayevin ssenarisi əsasında Gülbəniz Əzimzadənin (Hafiz Fətullayevlə birgə) “Müqəddəs oda yanaram” filmində Zaur, 1991-ci ildə Tofiq Tağızadənin çəkdiyi “O dünyadan salam” filmində Cəlil usta, rejissor Rasim Ocaqovun yazıçı Anarın ssenarisi əsasında 1993-cü ildə çəkdiyi “Təhminə” filmində Spartak,

2007-ci ildə Anarın ssenarisi əsasında Ramiz Həsənoğlunun çəkdiyi “Cavid ömrü” filmində Səyavuş və s. rolları oynayıb.

Kinoda oynadığı rollar içində daha çox “Təhminə” filmindəki Spartak kimi yadda qalan aktyor bu barədə deyir ki, hər halda oynadıqlarının içində biri daha çox yaddaşlarda iz buraxdığı üçün bunu deyirlər, ona görə normal baxıram: “Bilirsiniz, Həsənağa Turabovun nə qədər rolları olmuşdu, amma ona “Gəray bəy” deyirdilər və yaxud Məlik Dadaşova “Qəmlo” deyirdilər. Bu baxımdan mənim üçün fərq etmir. Peşənlə bağlı təbii ki, hər hansısa bir obrazla yadda qalacaqsan”.

Aktyorun film barədə fikirləri də maraqlıdır:  “Bilirsiniz, insan taleyi ilə bağlı olan hər hansısa bir problem hər zaman cəmiyyətin diqqətində olur. Orada bizim alışmadığımız, görmədiyimiz və ya görmək istədiyimiz, amma görmədiyimiz mühitdə bir qadının sevgi hekayəsindən, həyatından bəhs edilir. Boşanmış bir qadının gəncə olan sevgisindən və mühitin onu qəbul etməməsindən söhbət gedir. Belə şeylər həyatda, cəmiyyətdə çox olur. Bunun açıq şəkildə ekranlaşdırılması, göstərilməsi və onun dövrünün ən böyük rejissorlarından biri olan Rasim Ocaqovun tərəfindən ekrana gətirilməsi, eləcə də Anar kimi yazıçının “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında çəkilməsi sayəsində hamının yaddaşında iz buraxan bir film kimi qaldı”.

Azərbaycan Televiziyasında çəkilmiş ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan “Yad qızı”, “Kamança”, “Ortabab amerikalı qadın”, “Dədə Qorqud”, “Sonuncu şahid”, “Kimdir haqlı?” və başqa tamaşalarda maraqlı obrazlar yaradan aktyor səhhəti ilə bağlı bir müddət

sənətdən uzaq düşsə də sonralar yenidən doğma teatrına – Akademik Milli Dram Teatrına qayıdır və yeni-yeni rollara imza atır.

Özünə qarşı tələbkar olan Füzuli Hüseynov bu sənətdə arzuladığı obrazı yarada bildi və ya əksinə, onu demək çətin olsa da, önəmli olan onun bir aktyor kimi sənəti yüksək qiymətləndirməsidir.

60 yaşın zirvəsinə yüksələn aktyoru yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az