Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın müasir tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.
Bu təşəbbüsün əsas məqsədi, paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, kino mədəniyyətini regionlarda canlandırmaq və gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları da tədbirin əsas hissəsidir.
Layihə çərçivəsində “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri” və s. bir neçə bölgədə ardıcıl təşkil olunub və proqramda həm dövlət sifarişi, həm də müstəqil Azərbaycan filmləri yer alıb. 11-12-13 mart tarixlərində isə “Gəncədə kino günləri” baş tutacaq. Tədbir çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adığözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin Əfəndiyevin“Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmləri nümayiş olunacaq.
AKİ bu təşəbbüslə milli kinonun regionlarda daha geniş auditoriyaya çatdırılmasını və kino sahəsində dialoqun inkişafını hədəfləyir.
aki.az

