Gənc kinematoqrafçıların səfər xərcləri dəstəkləndi

Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kinematoqrafçıların xarici festivallarda iştirakına  dəstək olmaqda davam edir. Bu dəfə 3 kinematoqrafçının – Leylaxanım Qənbərlinin, Türkan Hüseynin və İmaməddin Həsənovun səfər xərclərini qarşılayıb.

AKİ Leylaxanım Qənbərlinin Praqada keçirilən “One World International” sənədli film festivalı çərçivəsində yeddi günlük “One world study visit” təhsil səyahətində iştirakı üçün səfər xərclərinə dəstək verib. Burada sənədli film rejissorları ustad dərslərində iştirak edir, prodüserlərlə görüşür və öz gələcək layihələrinə dəstək tapmaq imkanı əldə edirlər.

Digər kinematoqrafçılar – Türkan Hüseynin “Copenhagen İnternational Documentary Film Festival”da və İmaməddin Həsənovun cari ilin aprel ayında İstanbulda baş tutacaq və sənədli film və teatr rejissorları üçün nəzərdə tutulmuş “Kundura DocLab 2024”də iştirak üçün səfər xərclərinə dəstək verib..

AKİ-nin İdarə Heyətindən bildiriblər ki, Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası, təşkilatın əsas məqsədlərindəndir, bu səbəbdən, kinematoqrafçılarımızın səfər xərclərini dəstəkləməyi vacib sayırıq. Azərbaycan Kinematoqrafçılar İttifaqı səfərlərin sistemli dəstəklənməsi məqsədilə “Kinosəyyah” layihəsi ilə aidiyyəti orqan qarşısında təşəbbüslə çıxış edib. Layihə, kinematoqrafçılarımızın səfər xərclərinin daha intensiv dəstəklənməsi üçün maliyyə resursu yaranmasını nəzərdə tutub.

aki.az