Martın 2-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında gənc rejissor İlkin Umarovun “Şam bağı” və “Hasarlar arxasında” qısametrajlı bədii filmlərinin nümayişi baş tutdu.

Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova müəllif haqda qısa məlumat verdi və bidirdi ki, AKİ rejissorun “Hasarların arxasında” filminin postprodakşn xərclərini öz üzərinə götürəcək. Daha sonra, tamaşaçıları salamlayan İlkin Umarov, onlara gəldiyinə görə təşəkkür etdi və bu gecənin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Nümayişdən sonra filmlərin müzkairəsi başladı. İlkin Umarov bidirdi ki, onun nəinki kino təhsili, hətta ali təhsili belə yoxdur:
“Əslində, İncəsənət Universitetində oxumaq istəyirdim, amma bəzi səbəblərdən alınmadı, mən də prinsipial olaraq başqa sahədə təhsil almaq istəmədim. Hərbi xidmətdən sonra kino ilə həvəskar kimi məşğul olmağa başladım. Buna bilavasitə Kinematoqrafçılar İttifaqının təsiri var. Şəkidə Kinematoqrafçılar İttifaqının İstirahət mərkəzinin rəhbəri babam idi. Ora tanınan kino adamları istirahətə gəlirdilər. Bizim uşaqlığımız kino adamlarının əhatəsində keçib. Hər ilin üç ayı Rasim Balayev, Rüstəm İbrahimbəyov, Hacı İsmayılov, yəni kinoya aid olan adamlarla söhbət edərək keçirdi. Və bu, bizim üçün böyük məktəb oldu. Rejissor Vaqif Behbudovdan birbaşa ssenari dərsləri almışam. Amma özümü inkişaf etdirəndən sonra “Şam bağı” filminə qədər çəkdiklərimi peşəkar hesab etmirəm. Bu aspektdən yanaşanda “Hasarların arxasında”, “Şam bağı” və Çikaqoda bir gecə” daha peşəkar işlərdir”.

Çəkiliş heyəti haqda məlumat verən rejissor, üzləşdiyi çətinliklərdən də danışdı:
“Bakıda yaşayanda yaradıcı böhran hər tərəfdən məni əhatə etmişdi. Büdcə tapa bilmirdim film çəkmək üçün. Şəkidən iş təklifi gələn kimi qayıtdım. Uşaqlıq dostum Vaqiflə danışıb kino işinə vaxt ayrımağa başladıq. Başqa uşaqlar da dəstək oldu. Bizim komandamız pula görə işləmir, kinoya sevgisini, ürəyini qoyub. Kinodan birbaşa pul qazana bilmədiyimiz üçün, başqa işlərlə məşğul olub film çəkirik. “Şam bağı” filminin büdcəsi, təqdimat xərci ilə birlikdə 100 manat, “Hasarların arxasında” filminin büdcəsi isə 114 manatdır. Bizim komandanın hər üzvü hər işi görür. Məsələn, səs rejissorları və operatorları Aynur, Şəhla, Xəlildir. Əsas məqsəd, filmi ərsəyə gətirməkdir. yaradıcı prosesdən zövq alıram. Bu, mənim üçün güclü motivasiyadır. Çünki prosesə sponsor, prodüser daxil olsa, tələbləri də başqa olacaq. Biz zövq aldığımız üçün çəkirik. Kino İttifaqında bizim filmlərin nümayişinin təşkili isə sürpriz və böyük sevincə səbəb oldu. Hətta “Şam bağı”nın Bakı Beynəlxalq Film Festivalında “Ən yaxşı ssenari” nominasiyasında qalib olmasını belə gözləmirdim.

Komandamızda hamı iş-gücünü yarımçıq qoyub bu işlə məğul olur. Ona görə büdcəmizin olması yaxşı olardı. Digər çətinliyimiz çəkiliş üçün icazələrin alınması ilə bağlıdır”.
Moderator bildirdi ki, AKİ rejissorun çəkilişlərinə icazə almaq üçün Şəkinin əlaqədar orqanlarına müraciət edəcək.
İlkin Umarov digər çətinliyin peşəkar aktyorlarla bağlı olduğunu qeyd etdi:
“Hasarların arxasında” filmində yeganə peşəkar aktyor – Şəki Dram Teatrının aktyoru – Xanlar Həşimzadədir. Onu rejissor Mirbala Səlimlinin koməyi ilə çəkdik. Amma problem odur ki, bizdə peşəkar aktyorlar oynamadığına görə, bəzi səhnələri həvəskarların potensialına uyğunlaşdırırıq. Bilsəm ki, peşəkar aktyorlarla işləyəcəyəm, daha koloritli personajlar yazaram, dərin konfliktlər quraram. Bunu oynaya biləcək aktyor olmadığına görə yazmıram. Digər çətinlik – operatordur. Peşəkar operatorumuz yoxdur, özüm çəkməyə məcburam. Və filmlərimizi smartfonla çəkirik”.
Filmərin baş rol ifaçılarından və ssenaristlərdən biri Vaqif Qədirli isə turizm sahəsində çalşdığını bildirdi və təşkil olunan nümayişə görə AKİ-yə minnətdarlığını bildirdi:
“2023-cü ildə İlkin dedi ki, yol hekayəsi yazıb çəkmək istəyirəm. Bir rolu da sən oyna. Çünki başqa adam yoxdur oynamağa. “Şam bağ”ı belə yarandı. Büdcə məsələsinə gəlincə, heç kəs mane olmur, müdaxilə etmir yaradıcılığa. Amma bəzən olur ki, büdcə olmadığına görə yazanda ixtisar etməli olursan”.


İlkin Umarov “Niyə yol filmləri çəkirsiniz?” sualına cavabında dedi ki, yol gedən personajların qaçmağa yerləri olmur:
“Onları dərin konfliktin içini salanda, oradan çıxmaq üçün variant düşünürlər, amma bu alınmır. Ona görə bu, sıxıntı, təzad yaradır. Xüsusən yolda iki fərqli personaj olanda. Açıq məkanda bu hekayə alınmayacaq. Yol isə onlara qaçmağa imkan vermir, sıxışdırıb saxlayır və bir qədər sonra onlar biri-birinə açılır. Bunu çəkmək texniki cəhətdən də asandır. Yol filmlərini izləməkdən zövq alıram. Bir məsələdən də danışaq istəyirəm. Şəki ləhcəsi hər zaman yumor dili kimi tanınır. Miflər var bu barədə, məsələn, “sənin gözünü yiyim” kimi ifadələr Şəkidə yoxdur. İkincisi, nə qədər ciddi olursan ol, şəkili olduğunu biləndə sənə qarşı yumşalma olur, məzə obyektinə çevirirlər. Və bu, qəribə formada mediada, incəsənətdə alət olmağa başlayır. Medianın, filmlərin yaratdığı o obrazlar Şəkiyə xas deyil. Şəkidə də dərd var, əziyyət çəkən insanlar var, orada da adamlar pis vəziyyətə düşürlər və düşəndə ləhcələrini dəyişmirlər. Mən filmlərimdə həm də bunu göstərmək istəmişəm”.
aki.az

