Gün keçdi, sevgi keçmədi...

Fevralın 14-də “Azərbaycan” kinoteatrında Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə “Gün keçdi” bədii filminin nümayişi baş tutdu.

Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Sevda Sultanova bildirdi ki, bu il həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının 60, kinorejissor Arif Babayevin 95 illiyidir və ittifaq qeyd olunan yubileylər çərçivəsidə milli kinomuzun klassik filmlərinin nümayişini keçirməyi nəzərdə tutur: “Gün keçdi” filminin dəfələrlə telekanallarda nümayiş olunmasına baxmayaraq, bu gün zalda anşlaq olması bizi sevindirir. Çünki bu, tamaşaçının ciddi kinoya, sənətə olan sevgisinin və tələbatının göstəricisidir. Bugün böyük ekranda izləyəcəyiniz “Gün keçdi” filmi Azərbaycan kinosunun ən maraqlı, əbədiyaşar sevgi hekayələrindən biridir. Filmin indiyədək maraq doğurması, aktuallığı uğurlu komanda işinin məhsuludur. 1971-ci ildə Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılan filmin rejissoru Arif Babayev, operatoru Rasim İsmayılov, musiqisi Emin Sabitoğlu, rəssamı Elbəy Rzaquliyevdir. Mahnıların mətni isə Vaqif Səmədoğluna məxsusdur”.

Daha sonra səhnəyə Azəbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünas Nadir Bədəlov dəvət olundu. Nadir Bədəlov qeyd etdi ki, o, ilk dəfə “Gün keçdi”yə 14 yaşında, film böyük ekrana çıxanda Nərimanov kinoteatrında baxıb: “Onda zalda iki nəfər vardı. Amma filmin tamaşaçılarının sayının ildən-ilə artması onun keyfiyyətini, uğurunu təsdiq edir”.

“Filmdə Oqtayla Əsmərdən başqa daha bir qəhrəman var ki, bu, İçərişəhərdir. Burda hər detal işləkdir. Əslində film kədərli bir sevgi hekayəsidir. Qəhrəmanlar başa düşürlər ki, onlar artıq öz gənclikləriylə vidalaşırlar”.

Daha sonra səhnəyə Arif Babayevin qardaşı, rejissor Vasif Babayev dəvət olundu. O, Arif Babayevin rejissor peşəsini necə seçməsi haqqında əhvalatı bölüşdü və bildirdi ki, həmin dövrdə İçərişəhərin sökülməsi məsələsi aktual idi: “Biz Şirvanşahlar sarayının yaxınlığında yaşayırdıq.  Arif Bakını, İçərişəhəri gözəl tanıyırdı və çox sevirdi. Filmdə İçərişəhərin gələcək taleyi məsələsinə geniş toxunulub. “Arif Babayev filmini necə qiymətləndirirdi?” sualına Vasif Babayev belə cavab verdi: “O özünü qiymətləndirməyi bacarmırdı. Amma bugün zalın dolu olması ona verilən ən böyük qiymətdir”.

“Gün keçdi” filminin nümayişindən sonra müzakirələr davam etdi.

Sevda Sultanova bildirdi ki, iri ekranda detallar daha ətraflı görünürdü:”Filmin vizual təhkiyəsi son dərəcə dinamikdir. Xüsusən, məkanlarla gözəl işlənib. Arif Babayev natura çəkilişlərinə daha çox üstünlük verirdi, nəinki pavilyonlara. O, eyni zamanda, 1960-cı illərdə önə çıxan müəllif kinosunun nümayəndələrindən biridir”.

Kinorəssamı Səbuhi Atababayev “Gün keçdi” filmini quruluşçu rəssam Elbəy Rzaquliyevin ən uğurlu işlərindən biri kimi xarakterizə elədi: “Film komanda işidir, orada rejissor, operator və rəssamın vəhdəti olmalıdır, konsepsiya olaraq bir-birini tamamlamalıdır. Filmdə rəssam işinin əsas mahiyyətlərindən biri də budur ki, rəssamın işi hiss olunmamalıdır. Bu filmdə rəssamın işi şəhərdir, hərəkətdə olan Bakının küçələridir. Personajların olduqları məkanlar birbaşa onlar ilə bağlıdır. Kafedə onların tək oturmaqları ətrafdakı boşluq, tək yaşayan memarın evinin dağınıqlığı, evindəki detallarla onun necə yaşadığı, hansı işlə məşğul olduğu, onun həyatdakı məqsədi, tikmək istədiyi binanın eskizi çox incə detallarla rəssam işində göstərilmişdir. Bəzi kadrlarda heç kim danışmır, rəssam işi danışır, o, tamaşaçıya hər şeyi izah edir.Bu film klassik Azərbaycan kinosunun həm vizual, həm də dramaturji baxımdan ən gözəl nümunələrindən biridir”.

Kinoşünas Aygün Aslanlı balaca ekranda baxanda filmdəki detalların nəzərə çarpmadığını dedi: ”Detallar kiçik ekranda görünmür və elə təsir bağışlayır ki, ritmik montajda nəsə düz deyil. Amma böyük ekranda kameranın vurğuladığı detalları görürsən, yəni böyük ekranda film ekspressiyadır. Əhvalatda qırmızı xətt kimi keçirən üç nöqtələrdir ki, şəhərlə qəhrəmanların taleyi o nöqtələrdə paralelləşir. Film İçərişəhər müzakirəsiylə başlayır və müzakirələr, şəhərin taleyi naməlum qalır, eynilə bütün film boyu həm qəhrəmanların dialoqlarında, həm də vurğulanan detallarda bir naməlumluq duyğusu var”.

AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov: “Filmi dəfələrlə seyr etdiyimizə baxmayaraq, “Gün keçdi” filmini böyük ekranda izləmək, onu yenidən kəşf etmək deməkdir. Bu dəfə baxanda özümçün qəribə bir sual yarandı: qalib kimdir? Oqtay yoxsa Əsmər? Əsmər “Kamikadze” imzalı teleqram göndərir. “Kamikadze” isə özünü döyüşdə qurban verən əsgərdir və bunu, Əsmərin, özünün məğlub olduğunu etiraf etməsi kimi qələmə vermək olar. Və təsadüfi deyil ki, bu “teleqram” səhnəsindən sonra, şən musiqi sədası altında, qalib kimi yeriyən Oqtayı görürük”.

Tədbirin sonunda moderator, Azərbaycan Dövlət Film Fonduna filmin bərpa edilmiş nüsxəsini təqdim elədiyi üçün təşəkkürünü bildirdi.

aki.az