Günahsızın şahidləri

Oktyabrın 17-də “Azərbaycan” CinemaPlus-da Azərbaycan Kinematoqrafçılar İttifaqının “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində növbəti filmin nümayişi baş tutdu. Nümayişdən əvvəl CinemaPlus kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə çıxış edərək, film baxışlarının vacibliyini vurğuladı:

“Biz, CinemaPlus şəbəkəsi olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirilən bu tədbirləri dəstəkləyirik. Sevinirik ki, festival filmlərinə, arthaus filmlərinə tamaşaçıda maraq böyükdür. Polşa film festivalından sonra,  Kinemaqtorafçılar İttifaqı İsveç kinosu günlərini keçirməyi də planlaşdırır. CinemaPlus kinotearlar şəbəkəsi, kinonun inkişafında, tamaşaçı zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan analoji tədbirləri gələcəkdə də dəstəkləcəyək”.

Sonra tədbirin moderatoru, kinotənqidçi Sevda Sultanova gecədə nümayiş olunan, müasir Polşa kinosunun istedadlı rejissorlarından biri Yan Holoubekin “Günahsız 25 il : Tomek Komendanın işi” filmi haqda məlumat verdi. Moderator bildirdi ki, aktyor ailəsində doğulan Holoubek, Polşa Milli Kino Məktəbinin operatorluq fakültəsini bitirib və ölkəsində özünəməxsus dəst-xətə malik operator kimi tanınır: “Təsadüfi deyil ki, o, Zanussi, Maxulski kimi rejissorlarla işləyib. Karyerasının sonrakı dönəmində  sənədli filmlər, seriallar çəkib. Onun “Netflix” platformasında göstərilən “Bol su” ən çox izlənən seriallardan olub. “Günahsız 25 il:Tomek Komendanın işi” filmi isə rejissorun bədii kinoda debütüdür. Film hadisənin vacib məqamlarını çatdırır, doğru kamera pozisiyaları, montajın dinamikliyi həyəcanlı, emosional atmosfer yaradır, aktyorların peşəkar oyunu tamaşaçıya qəhrəmanların ağrısını, yaşantısını dolğun ötürür. Rejissor “nə olursa-olsun, ruhdan düşmək olmaz, ədalət və həqiqət mütləq nə vaxtsa zəfər çalacaq” fikrini  aşılayır”.

Qeyd edək ki, “Günahsız 25 il:Tomek Komendanın işi” filmi real hadisə əsasında çəkilib. 1997-ci ildə 15 yaşlı məktəbli qızın zorlanaraq vəhşicəsinə qətlə yetirməsində Tomek Komendan adlı gənc şübhəli şəxs qismində tutulur və məhkəmə onu 25 il həbs cəzasına məhkum edir.  Komendanın hadisədə günahını sübut edən yeganə dəlil meyitin üzərində saçının telinin tapılması olur.  Günahsız gənc həbsxanada təhqir olunur, işgəncələrə məruz qalır, bir neçə dəfə intihara cəhd göstərsə də niyyəti baş tutmur. Müsahibələrin birində o, “mən sağ qalmaqdan ötrü hamıdan gec yatıb, hamıdan erkən oyanırdım” deyir. Uzun illər sonra bir neçə polisin bu hadisəni yenidən araşdırması nəticəsində həqiqət üzə çıxır. Məlum olur ki, qətli başqa şəxslər törədib. Qatillərdən biri, imkanlı ailənin övladı olan Norbert Basiurenin ailəsi hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarını satın alması nəticəsində günah Tomek Komendanın üzərinə atılıb. 2018-ci ildə günahsızlığı sübuta yetirilən Komendan dövlətdən 3 milyon avrodan çox kompensasiya alıb…

Qeyd edək ki, filmin final epizodunda real qəhrəman və onu xilas edən üç polis də çəkilib.

aki.az