HƏSƏN SEYİDBƏYLİ - ZAMANIN İMTAHANINDAN ÇIXMIŞ REJİSSOR
Azərbaycan Kinematoqrafçılar İttifaqında görkəmli rejissor, ssenarist və yazıçı Həsən Seyidbəylinin 100 illik yubileyi münasibətilə nəşr olunmuş kitabın təqdimat mərasimi keçirilib. Kitab haqqında rəylərini bölüşən kinematoqrafçılar ustadın irsi, iş tərzi, rejissor üslubu barədə fikirlər bildiriblər. Tədbirin stenoqramını təqdim edirik.
Əli İsa Cabbarov: Həsən Seyidbəylinin fəaliyyətini nəzərə alsaq, həm nasir, həm ssenarist, həm rejissor, həm kino təşkilatçısı kimi- yəni uzun müddət Kino İttifaqının sədri, yaradıcılarından biri olub- kinoda bu miqyasda adam tapmaq çətindir. Onu kimləsə müqayisə edib sənət dəyərlərini nəzərdə tutmuram. Söhbət onun fəaliyyətinin rəngarəngliyindən gedir, onun kinodakı ümumi fəaliyyətini nəzərə alsaq, görərik ki, yeri əvəzsizdir. Seyidbəyli kinoya yeni nəfəs, səmimiyyət, kinematoqrafiklik, yeni mövzular gətirən adamdır. Bu gün təkcə onun yubiley tədbiri deyil. Həm də “Həsən Seyidbəyli: Şəxsiyyət və yaradıcı” kitabının təqdimatıdır. Kitabın tərtibatçısı yazar, ssenarist, kino tədqiqatçısı Nəriman Əbdülrəhmanlıdır. Kitab məqalələr toplusundan ibarətdir. Müxtəlif illərdə çap olunmuş məqalələr, müsahibələri, həmçinin, bugünümüzdə onun haqqında yazılan məqalələr kitaba daxildir. Kinoşünaslıq baxımından qiymətli kitabdır və onun yubileyinə layiqli hədiyyədir. İstərdik ki, Nəriman müəllim kitab haqda öz fikirlərini bölüşsün”.
Nəriman Əbdülrəhmanlı: “Prezidentin fərmanı olmuşdu Həsən Seyidbəylinin 100 illiyini keçirilməsi ilə bağlı. Kinoittifaqı da bu yubileyə öz töhfəsini verməyi planlaşdırdı. Kitab Rüstəm İbrahimbəyovun təklifi ilə tərtib edilib. Seyidbəyli kinoda mərhələ başladan az saylı sənətkarlardan biri idi. 1920-ci illərdə bir mərhələni başladanlardan biri kino təşkilatçısı Şamil Mahmudbəyov idi . O, kinomuzu milli axara qaytardı. 1950-ci illərdə Lətif Səfərovun kino təşkilatçılığı işi oldu. Onunla çiyin-çiynə çalışanlardan biri də Seyidbəyli idi. O, Lətif Səfərovun təşkilati işini davam etdirdi. Kino İttifaqın ilk rəhbəri oldu. 17 il İttifaqa rəhbərlik etdi və eyni zamanda əsərlərini yazdı, filmlərini çəkdi. Kinomuzun ümumittifaq miqyasına çıxması üçün əlindən gələni elədi. “Şəxsiyyət və yaradıcı” kino ustaları seriyasından ilk kitabdır. Əsas məqsədimiz onun obrazını yaratmaq idi, kitabda rejissor, ssenarist, insan kimi Seyidbəyli haqda qiymətli materiallar var. Bu mənada sanballı nəşrdir. Bundan sonra Lətif Səfərov haqda kitab nəşr etmək var planda”.
Əli İsa Cabbarov: Ziya müəllim Seyidbəylinin övladı olmaqla yanaşı, aktyoru olub. Ata oğul münasibətinizdən başqa rejissor-aktyor münasibətiniz olub. Sizi dinləmək istərdik.
Ziya Seyidbəyli: Ailəmizin adından təşəkkür edirik bu gözəl kitaba, tədbirə görə. Xüsusən Rüstəm müəllimə, Əli İsa müəllimə. Atam aktyorlara aylarla məşq edirdi. Və aktyorlar kamera qarşısına hazır çıxırdılar. Onlara sərbəstlik verirdi, söymürdü, qışqırmırdı. Diktator deyildi, amma istədiyini alırdı. Onun yaxşı müəllimləri olmuşdu: Eyzenşteyn və Kozintsev. Ümumiyyətlə, onun əsərləri hər tərəfdən yaxşı qarşılanırdı, eyni zamanda Mərkəzi Komitə tərəfindən də.
Əli İsa Cabbarov: Həsən müəllimin yaradıcılığında ssenarist kimi tarixi mövzu vardı. “Uzaq sahillərdə” filmi. Amma bu yaxın tarix idi. Birdən-birə Nəsimi, sufi şair haqda film çəkməsinə səbəb nə oldu?
Ziya Seyidbəyli: İsa Hüseynov atamla dost idi. Bu məsələ müzakirə olunanda İsa müəllim ssenarini yazdı. Atam da bəyəndi, özü də tarixi araşdırdı. Və belə gözəl film alındı.
Əli İsa Cabbarov: Rəna xanım onun bir neçə filmində, həmçinin “Sən niyə susursan” filmində Cəmilə rolunda çəkilib. Rəna xanım, Həsən müəllim, aktrisalarla necə işləyirdi?
Rəna Səlimova: Seyidbəyli aktrisalara sərbəstlik verirdi. Hiss etdiyim kimi oynayırdım. O, bunu qəbul edirdi. Onun filmlərində çəkilmək mənim üçün şərəf idi. İndi xatırlayıram və dərk edirəm ki, onda necə insanlarla işləmişəm, Mirzə Babayev, Fazil Salayev. Onda 15 yaşım vardı, dərk etmirdim ki, onlar kimdir. Həsən Seyidbəylinin adı bu gün də yaşayır. Onun nəvəsi işini davam etdirir. Həsən müəllim aktyorları evinə dəvət edirdi və rolu bizə təmkinlə təlqin edirdi. Biz hiss etməyə başlayırdıq. Bizim təkifləri də dinləyirdi. Deyirdi ki, qoy hiss etdiyi kimi oynasın. Xüsusən, “Cazibə qüvvəsi”ndə. Xeyirxah, yumoru olan adam idi. Onunla işləmək maraqlı idi. Yeri gəlmişkən “Cazibə qüvvəsi” filmini Laçında çəkmişdi. Yaxşı ki, artıq Laçın azad edilib.
Əli İsa Cabbarov: Yuri Varnovski “Nəsimi”də və “Xoşbəxtlik qayğıları”nda ikinci operator işləyib. Yuri müəllim, Həsən Seyidbəyli təsvir həlli məsələlərində necə idi, operator komandası ilə necə işləyirdi?
Yuri Varnovski: Məsələ ondadır ki, onun özü təsvir mədəniyyətinə malik, onu mənimsəmiş insan idi. Bu isə çox vacibdir. Əlbəttə ki, bir daha onun çəkilişə qədər böyük hazırlığını qeyd edərdim. Bu aktyorlarla bağlı idi, o Rasim Balayevlə üç saat studiyada məşq edirdi. Həsən Seyidbəyliyə operator Rasim İsmayılovla işləmək asan idi, çünki Rasim o operatorlardan idi ki, kadrdaxili montaj texnikasını bacarırdı. Misalçün Rasim Ocaqov portretləri və s. əla çəkirdi, amma bu kadrdaxili montaj deyildi. Rasim İsmayılov isə bunu bacarırdı. Və çox xoş idi ki, Həsən müəllim özü də bu çəkiliş metoduna sadiq idi. Bu filmin təsvir həllini zənginləşdirirdi. Aktyorları çox gözəl şəkildə iri plana gətirirdi və o dövrün texnikasının primitivliyini nəzərə alsaq gözəl işləyirdi. Xüsusən mən, “Nəsimi” filmini xatırlayıram, orda şahın saray səhnəsində, tərpənməyə yer belə yox idi. Amma mizanlar elə qurulmuşdu, hər şey kadrda görünürdü, məkanın darlığı hiss edilmir. O, yüksək mədəniyyətə malik, çox həssas adam idi. Yaradıcı hazırlıqlı idi ki, bu da köhnə məktəbin xüsusiyyəti idi. Bir neçə kəlmə kitab haqda. Əla kitabdır. Fotolar çox əla seçilib. Hərçənd, çox çətin idi seçim etmək.
Əli İsa Cabbarov: Sizin köməyiniz olmadan mümkün olmazdı. Bizlə öz arxivinizi bölüşdüz çox sağ olun.
Yuri Varnovski: İsa Hüseynlə bir birini yaxşı başa düşürdülər, lazım olan düzəlişləri, əlavələri çəkiliş zamanı edirdilər.
Əli İsa Cabbarov: Kütləvi səhnələr necə çəkilirdi?
Yuri Varnovski: “Babək” filmindəki kimi kütləvi səhnələr olmadı. Əsasən Rasim İsmayılov çəkirdi. Mənimki ekspozisiya idi. Əlincə qalasında çəkirdik. Bu Naxçıvanda tarixi yer idi. Nəiminin qəbri də ordadır. Yeri gəlmişkən məhz “Nəsimi”də çəkiləndən sonra Nəiminin qəbrinə diqqət ayırdılar, bərpa etdilər.
Sevda Sultanova: Bayaq Yuri müəllim dedi ki, Həsən Seyidbəylinin təsviri duymaq bacarığı vardı. Ona görə də onun filmlərində danışan təsvirlər üstünlük təşkil edir. Seyidbəylinin bir rejissor kimi uğuru ondaydı ki, o, Azərbaycan mədəniyyətini, xalqını tanıyırdı. Çünki doğrudan da öz xalqını tanımayan rejissor keyfiyyətli nəsə çəkə bilməz. Seyidibəyli o rejissorlarımızdan biridir ki, çəkdiyi filmlərin əksəri bədii keyfiyyətini saxlayıb. Çünki yaradıcılıqlarının ilkin mərhələsində kult filmlər çəkən rejissorların sonrakı filmlərində bədii keyfiyyət nəzərə çarpmadı. Ola bilsin ki, Seyidbəylinin rejissor kimi formada qalması onun həm də püxtələşmiş insan olması ilə bağlıydı. Rejissor kimi ilk filmini çəkəndə böyük həyat təcrübəsi vardı. Seyidbəylinin yaradıcılıq cəhətlərindən biri materialın dərinliyini hiss edə bilməsiydi. Keçən dəfə Lətif Səfərovun yaradıcılığı ilə bağlı tədbirdə Nəriman müəllim dedi ki, “Möcüzələr adası”nı Lətif Səfərova həvalə etsələr də, o, imtina etmişdi, çünki neft onun mövzusu deyildi. Onu anlamaq olar. Sovet dönəmində neft mövzusunda necə bir dramaturgiya qurmalıydın ki, bu, sənət meyarlarına cavab versin. Lakin Seyidbəyli bu əhvalatı əmək filmi olmaqdan xilas edir, uğurlu paralel süjetlərdən, məhəbbət xəttindən, ekzistensial rejissor obrazından istifadə edir. Seyidbəyli hətta motivi kriminal olan filmlərdə belə əhvalatı poetikləşdirir. Bu mənada onun üslubunda poetik realizmin görkəmli rejissorlarından biri Marsel Karnenin manerasına xas yumşaqlıq, həssaslıq var və Seyidbəylinin filmlərində poetik realizmin əlamətləri nəzərə çarpır: reallığın poetikləşdirilməsi, pessimist əhval, məkanların işıq həlli, dumanlı hava və tez-tez yağan yağış…Seyidbəyli kinoya maraqlı qadın obrazları da gətirdi. “Telefonçu qız” filminin qəhrəmanı Mehriban yeni tip qadın idi. Öncəki sovet filmlərindən fərqli olaraq, Mehribanın üzərinə ailə qadını, cəmiyyətdə fəallıq göstərmək vəzifəsi qoyulmur. Mehriban özünü təsdiq etmək istəyən gənc qadındır. “Möcüzələr adası”ndakı Məryəmin işindəki peşəkarlığını, idarəçilik iradəsini və ötkəmliyini kişi mərkəzçiliyi ilə üz-üzə qoyur. Lakin Məryəm xarakterini ideoloji pafosla yükləmir. Seyidbəyli “Bizim Cəbiş müəllim”də kinomuzun ən yadda qalan qadın obrazlarından birini yaradır. İdealist Cəbişin arvadı ərinin moralizminə ironiya edir. Ərinin prinsipiallığını dəstəkləməyən belə qadın obrazları sonrakı illərdə müxtəlif rejissorların filmlərində də yer alır. “Nəsimi” filmində iki müxtəlif temperamentli, amma mahiyyətcə eyni, prinsipial qadın obrazları yaradır. “Xoşbəxtlik qayğıları”nda müxtəlif qadın obrazları yer alıb. Bununla belə mərkəzdə kişi dayanır. “Sən niyə susursan?”da Cəmilənin susqunluğu gerçəkliyə eitrazı və müqavimət kimi meydana çıxır. Ümumiyyətlə, Seyidbəylinin yaradıcılığının əsas cəhətlərindən biri uğurlu kastinqidir və o, kinomuza yeni, maraqlı simalar gətirdi.
Əli İsa Cabbarov: Çəkiliş meydanında işləyəndə olurdu ki, desin bu sifarişdir, tez tələsik çəkib təhvil vermək lazımdır.
Yuri Varnovski: Bəzi rejissorlar meydanda çətin şərait yaradırlar. Həsən Seyidbəyli ilə işləyəndə belə şey olmayıb. Baxmayaraq ki, o, yaşlı idi. Amma o, əsəbi şərait yaratmırdı. Sakit idi. Rasimə işləmək imkanı verirdi, operator qrupuna işıqla işləmək imkanı verirdi.
Əli İsa Cabbarov: Qadın obrazları “Xoşbəxtlik qayğıları”nda çox idi. Hər kəsin də öz xarakteri vardı. Onların öhdəsindən necə gəlirdi?
Yuri Varnovski: Hər bir aktyora individual yanaşırdı. Hiss olunurdu ki, çəkilişə gələndə hazırdırlar. Hazırda gənc rejissorlar, hər şey normaldır deyib, tez tələsik çəkirlər. Amma o, hazır idi. Bir növ teatral rejissor idi. Eyni zamanda despotizmi yox idi. O, elə edirdi ki, aktyor daxilən o vəziyyətə gəlirdi.
Əli İsa Cabbarov: Maraqlıdır ki, o, yazıçı kimi fəaliyyətə başlasa da, yazıçılıqdan kinoya gəlsə də, kinonun vizual mahiyyətini tuta bilmişdi.
Yuri Varnovski: Həsən Seyidbəyli “raskadrovkaları” da özü edirdi. Rasim İsmayılova göstərirdi. Rasim razılaşırdı da, razılaşmırdı da. Amma əsasən razılaşırdı. Çünki istedadlı təkliflər idi.
Ziya Şıxlinski. Həsən Seyidbəyli xarakter etibarilə daha çox yazıçı idi, nəinki rejissor. Onun işini yüksək səviyyədə səliqəli , düzgün təşkili bundan gəlir. Bunula belə o yaxşı rejissor idi. Seyidbəyli aktyorlarla məşqdən zövq alırdı. “Babək” filmində altı ay işlədim. Ssenaridə ilk epizodu dahi işlənmişdi. İlk səhnə Babəkin uşaqlığından başlayır, onda nə islam, nə xristianlıq dinini qəbul etmişdi. Zədrüştlüklə bağlı hansısa bayram keçirilir. Bu zaman ərəblər hücuma keçərək vəhşilik törədir, kişiləri göldə boğur və Babək bunun şahidi olur. Yəni, ondan sonra o, Babək olur, mübarizə aparır.
Nəriman Əbdülrəhmanlı: Həsən Seyidbəylinin “Babək” filmindən imtinasının səbəblərindən biri ssenarist Ənvər Məmmədxanlı ilə arasındakı fikir ayrılığı olub. Həsən müəllim öz konsepsiyasını qoymağa, ssenarisini dəyişdirməyə çalışıb. Lakin Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiri Azad Şərifov imkan verməyib ki, ssenarinin strukturu dəyişdirilsin. Ənvər Məmmədxanlının ssenarisi əslində tarixi faktlara söykənmirdi. Seyidbəyli Ziya Bünyadovu film istehsalata buraxılanda məsləhətçi kimi dəvət etmişdi. Ziya Bünyaov da öz müsahibələrində deyir ki, mən də çox çalışdım ki, ssenari müəyyən ərəb mənbələrinə söykənməsin, çünki onlar çox saxtalaşdırıblar. Qərara gəlmişdilər ki, filmin daha çox ərəb mənbələrinə söykənməsi xeyir gətirməz. İkinci konflikt filmə hazırlıq mərhələsində maliyyə yeyintisi ilə bağlı olmuşdu və Seyidbəyli buna etiraz etmişdi.
Nizami Abbas: Rejissor Cəmil Quliyevin Seyidbəyli haqda çəkdiyi bioqrafik filmdə operator işləmişəm. Hər bir sənətkarın keçdiyi yolda, işində onun iç dünyasını, insanlığını görürsən. Bütün filmlərində Həsən Seyidbəylinin portreti, insanlığı, daxili münasibəti görünür. Zəfər günlərinə onun yubileyinin keçirilməsinin təsadüf etməsindən ruhu şad olar.
Oleq Səfərəliyev: Çox şadam ki, Kino İttifaqında Həsən Seyidbəylinin yubileyi ilə bağlı kitab çap olundu. Yüzilliyə əliboş gəlmədik. Düşünürəm ki, Həsən Seyidbəyli ilə metafizik əlaqəm var. 2005-ci ildə “Əlvida cənub şəhəri”ni çəkəndə baş rollara aktyor təsdiq olunsa da, bir yeniyetmə obrazı vardı, ona aktyor tapa bilmirdim. 20-30 nəfər sınaqdan keçdi. Amma xoşum gəlmədi. Bir dəfə Torqovıda gedirdim, gördüm ki, 3-4 yeniyetmə dayanıb. Birini görəndə dedim ki, qəhrəman budur. Siqaret çəkirdilər. Dedim ki, bura gəl. Təəccüblə baxdı. Siqareti söndürəndə anladım ki, mədəni, tərbiyəli ailədəndir. Dedim ki, kinoya çəkilmək istəyirsən? Dedi ki yox. Dedim adın nədir, dedi Həsən Seyidbəyli. Nəvəsi idi. Amma filmdə çəkildi. Seyidbəylinin kinoda əhəmiyyəti az işıqlandırılıb. Biz kino məktəbində, dərs proqramı çərçivəsində “Sən niyə susursan?”, “O qızı tapın” filmlərinə baxmışıq, müzakirə etmişik. Bu filmlər gənc rejissorlara, ssenaristlərə peşə səviyyəsini öyrədə bilər.
Əli İsa Cabbarov: Həsən müəllimin filmləri bu gün də tamaşaçını biganə qoymur. O filmlər indi də yaşayır. Yəqin ki, bunun da əsas səbəbi odur ki, kinoda həqiqət, səmimiyyət olanda onilliklər boyu yaşayır. Həsən müəllimin də filmləri zamanın imtahanından çıxıb.
Tədbirin video versiyası:
aki.az