“Həyatın ilmələri” sənədli filmi istehsala buraxılıb

“Salnaməfilm studiyası” “Həyatın ilmələri” adlı sənədli filmi istehsala buraxıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən film Azərbaycan xalça sənətinin inkişafında və bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Zəhra Əliyevanın həyat hekayəsindən bəhs edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Mübariz Nağıyev bildirib ki, çəkdiyi bu sənədli filmdə xalça ustası Zəhra Əliyevanın peşə təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu maraqlı rənglər və ekran həlli ilə tamaşaçıya çatdırılacaqdır. Eyni zamanda filmdə arxiv materiallarına istinad edərək unudulmaz xalçaçı rəssam Lətif Kərimov, eləcə də Cəfər Muciri və Kamil Əliyev kimi dəyərli xalçaçı rəssamlar haqqında maraqlı xatirələr xüsusi yer alacaq.

Əsasən Bakıda, Zəhra Əliyevanın evində, Milli Xalça Muzeyində, eləcə də İsmayıllı və Xızı rayonlarında lentə alınan filmin çəkilişləri davam etdirilir.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

aki.az