“Haqq aşığı” sənədli filminin premyerası oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalamışdı.

Sərəncama əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməli idi. Bu baxımdan da aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin tamam olması münasibətilə hazırlanmış tədbirlər planı geniş şəkildə qeyd olundu.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” Studiyasında istehsal olunan “Haqq aşığı” sənədli filmi də məhz həmin tədbirlər planına daxil idi.

Oktyabrın 20-də Nizami Kino Mərkəzində geniş tamaşaçı auditoriyasına təqdim olunan filmdə Aşıq Ələsgər obrazını aşıq Təbriz Vəliyev canlandırıb.

Yeri gəlmişkən, Aşıq Ələsgər Qərbi Azərbaycanın Göyçə gölü ətrafında olan tarixi Göyçə mahalında dünyaya göz açıb. Onun həyatının və yaradıcılığının əhəmiyyətli bir hissəsi bu mahala qonşu olan Kəlbəcər ərazisi ilə bağlıdır.

Filmin çəkilişləri bir hissəsi Türkiyənin Qars şəhərində, eyni zamanda isə Bakı, Gədəbəy, Qazax, Kəlbəcər və digər yerlərdə aparılıb. Filmdə Dədə Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib.

Sənədli filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, təsvir rejissoru Üzeyir Abbas, rəssamı Şahin Həsənli, musiqi tərtibatçısı Azər Hacıəsgərli, montaj rejissoru Mübariz Nağıyev, icraçı prodüseri Azad Axundov, məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti Fəxrəddin Salim, prodüseri Nazim Hüseynovdur.

aki.az