Hesablama Palatası kino ilə bağlı auditin nəticələrini açıqlayıb

Azərbaycan Respublikasının Hesablama Palatası dövlət sifarişi ilə çəkilən filmlər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, kinonun normativ-hüquqi və iqtisadi bazasını təşkil edən aktların təkmilləşdirilməməsi və genişləndirilməməsi, eyni zamanda 18 il əvvəl qəbul edilmiş qaydaların müasir tələblərə və çağırışlara cavab verməməsi, bu sahədə çalışan yaradıcı heyətin tam əhatə olunmaması səbəbindən qaydalarda nəzərdə tutulmayan yaradıcı hallar üzrə qonorar ödənişlərinə səbəb olub.

Apa-nın məlumatına görə, qeyd edilən sahə üzrə “dövlət sifarişi” anlayışının hüquqi aktlarda konkret təsbit olunmaması, eləcə də sifarişin çərçivəsinin və istiqamətlərinin müəyyənləşdirilməməsi bəzi hallarda vəsaitlərin təyinatının dəyişdirilməsinə, bir sıra hallarda isə filmlərin başa çatdırılmayaraq konservasiyası ilə nəticələnib.

Dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən olunmaması və dövlət sifarişi ilə hazırlanan filmlərin smeta xərclərinin siyahısının təsdiq edilməməsi, filmlərin çəkilişi ilə bağlı ayrılmış vəsaitlər üzərində hesabatlılığın və inzibatçılığın müəyyən edilməməsi səbəbindən bu vəsaitlərin studiyalar tərəfindən təyinatının dəyişdirilməsi və s. məqamlar təsdiqedici sənədlərin təqdim olunmaması kimi halların yaranmasına da səbəb olub.

Qeyd edək ki, bir neçə müddət əvvəl də Hesablama Palatası tərəfindən kinoya ayrılan vəsaitin istifadəsi ilə bağlı əvvəlki dövrdə də audit aparılmış, bu sahəyə ayrılan vəsaitin istifadəsi ilə bağlı kifayət qədər problemli məsələlərin olduğu göstərilmişdir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Apa-ya müsahibəsində bu barədə məlumat vermişdir.

V.Gülməmmədov onu da qeyd etmişdir ki, Hesablama Palatası o dövrdə Nazirlər Kabinetinə və Milli Məclisə də müvafiq təkliflər göndərib: “Təkliflərin əsas qayəsi kino sahəsində dövlət sifarişi ilə bağlı mexanizmin təkmilləşməsidir. Bu təklif indi də öz aktuallığını qoruyur. Nəticəsi yekunlaşmayan indiki nəzarət tədbiri də göstərir ki, bu sahəyə dair konseptual inkişaf sənədinə, kino sahəsində olan qanunvericilikdə bəzi əlavə və dəyişikliklərin olması vacibdir. Prezident İlham Əliyev tərəfindən Kino Agentliyinin yaradılması ilə bağlı Fərman imzalanıb. Agentlik yaranandan sonra konseptual inkişaf proqramı olsa, yaxşı olar. Ümid edək ki, bu sahədə yaradılmış yeni qurum dövlətin kino sahəsinə dair gözləntilərini doğruldacaq. Əvvəlki illərdən fərqli olaraq, audit predmeti dövlət satınalmalarının planlaşması və icrası vəziyyətinin normativ aktlara uyğunluğudur. Ötən illərin təcrübəsi də göstərir ki, həm kino, həm də teatr sahəsinə dair aydın nəticəli yeni proqrama ehtiyac var. Eyni zamanda, bu sahələrdə yuxarıda qeyd etdiyim kimi, dövlət sifarişinin formalaşması ilə bağlı mexanizm formalaşmalıdır”.

Xatırladaq ki, 2020-ci ildə də Hesablama Palatası Mədəniyyət Nazirliyində büdcə vəsaitlərindən istifadənin vəziyyətini araşdırmışdı. Araşdırma 2017-2018-ci illəri, yəni 01.01.2017-01.01.2019-cu il tarixədək olan dövr üçün aparılmış, 2019-cu ilin iyun-avqust aylarında aparılan araşdırma nəticəsində, çoxsaylı pozuntular aşkar edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 11.05.2004-cü il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları”nın tələbləri gözlənilməyərək, müxtəlif filmlərin yaradıcı qrupunun qonorarlarının məbləği 1,3-5,3 dəfə çox olmuşdur. Bundan başqa, kinostudiya tərəfindən 2017-ci ildə 2760,0 manat, 2018-ci ildə 14580,0 manat, ümumilikdə 17340,0 manat məbləğində mənfəət vergisi az ödənilmişdir.

aki.az