Hüseyn Cavid İsmayılov - 70
Rəssam-animator Hüseyn Cavid İsmayılovun ad günüdür, yaşasaydı 70 yaşını qeyd edəcəkdi.
H.C.İsmayılov 11 sentyabr 1951-ci ildə Bakıda anadan olub. “Azərbaycanfilm” və “Azanfilm” studiyalarında çalışıb.
O, fəaliyyəti dövründə rəssam-animator, eyni zamanda rəssam kimi çalışdığı animasiya filmlərində (“Tülkü həccə gedir” (1971, animasiya filmi) – ikinci rəssam, “Cırtdanın yeni sərgüzəşti” (1973, animasiya filmi) – multiplikasiya rəssamı, “Dınqıl, sazım, dınqıl” (1976, animasiya filmi) – fazaçı rəssam, “Daş” (1977, animasiya filmi) – ikinci rəssam, “Xoruz” (1977, animasiya filmi) – ikinci rəssam, “Toplan və kölgəsi” (1977, animasiya filmi) – multiplikasiya rəssamı, “Sonrakı peşmançılıq” (1978, animasiya filmi) – multiplikasiya rəssamı, “Arzunu yarat” (1979, animasiya filmi) – multiplikasiya rəssamı, “Toral və Zəri”(1979, animasiya filmi) – multiplikasiya rəssamı, “Xeyir və şər”(1980, animasiya filmi) – ikinci rəssam, “Meşəyə insan gəlir” (1980, animasiya filmi) – fazaçı rəssam, “Cırtdan-pəhləvan haqqında” (1981, animasiya filmi) – ikinci rəssam, “Uşaq və külək” (1982, animasiya filmi) – dekor rəssamı, “Akvarium” (1983, animasiya filmi) – ikinci rəssam, “Cırtdan-pəhləvan haqqında” – II film (1983, animasiya filmi) – ikinci rəssam, “Uçan zürafə” (1983, animasiya filmi) – ikinci rəssam, “Sehrli naxışlar” (1984, animasiya filmi) – fon rəssamı, “Təqib” (1984, animasiya filmi) – ikinci rəssam, “Balaca çoban” (1985, animasiya filmi) – ikinci rəssam, “Humayın yuxusu” (1985, animasiya filmi) – ikinci rəssam, “Talada ev” (1986, animasiya filmi) – ikinci rəssam, “Yeni il əhvalatı” (1986, animasiya filmi) – ikinci rəssam, “Əks-səda doğuracaq”(1987, animasiya filmi) – ikinci rəssam, “Lovğa fil balası” (1987, animasiya filmi) – ikinci rəssam və s.) mövzuya hakim olmağı əsas götürüb və bütün işlərində böyük sənət eşqi nümayiş etdirib.
H.C.İsmayılov ilk dəfə 1971-ci ildə yazıçı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılan, geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş “Tülkü həccə gedir” animasiya filmində rəssam kimi çalışıb. Hikmətli bir əhvalat üzərində qurulan, qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışan filmdə belə bir fikir ön plana çəkilir ki, düşmən çox məharətlə cildini dəyişə bilər. Nəticə etibarilə də gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail olar. İlk animasiya filmi, ilk mövzu gənc rəssamın yaradıcılığında böyük rol oynayır.
Rəssam 1973-cü ildə isə Fikrət Sadığın ssenarisi əsasında Nazim Məmmədovla Bəhmən Əliyevin rejissor işi olan “Cırtdanın yeni sərgüzəşti” filmində multiplikasiya rəssamı kimi çalışıb. Azərbaycan xalq nağılının məşhur qəhrəmanı Cırtdanın sərgüzəştlərindən söhbət açılan filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik bir-birini tamamlayır. Günümüzlə səsləşən filmdə insan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər övladına həmişə kömək etməyə hazır olduğu diqqətə çəkilir. H.C.İsmayılovun cizgi rəssamı olduğu, musiqili uşaq janrında olan “Sonrakı peşmançılıq” qısametrajlı cizgi filmi 1978-ci ildə lentə alınıb. Film axmaq və dəcəl ulaq haqqındadır. Ulaq təhlükə qarşısında qalanda və onun hərəkətlərindən cana doymuş canavar hirslənib ulağı yemək istəyəndə qoyunlar, keçilər və kirpi onun müdafiəsinə qalxırlar və bununla da ulaq başa düşür ki, xeyirxah və qayğıkeş olmaq lazımdır.
1977-ci ildə o, şair Əli Kəriminin eyniadlı şeri əsasında mətnsiz çəkilən “Daş” filminin rəssamlarından biri olur. Dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağıran kinolent fəlsəfi fikirlər üzərində qurulub. Ümumiyyətlə Hüseyn Cavid İsmayılovun yaradıcılığında fəlsəfi fikirlər üstünlük təşkil edir və əsas yer tutur. Onun 1990-cı ildə rəssamı olduğu, Azərbaycan xalq nağıllarının motivlərindən istifadə olunaraq çəkilən “Güzgü” filmində həyat güzgüsündə xeyir və şər qüvvələrin qarşı-qarşıya durmasından bəhs edir. Bu multiplikasiya filmi fantasmaqoriyadır. Xeyir baş verə biləcək bəlanın qarşısını alır. Təmizlik rəmzi olan xeyir, yəni su, çirkabı yuyub aparır…
Azərbaycan Kinematoqrafçılar İttifaqı, üzvü, eyni zamanda təqaüdçüsü olmuş Hüseyn Cavid İsmayılovu yubiley yaşında böyük ehtiramla yad edir!
aki.az