İbrahimbəyov, Mixalkov, Motıl...
Maksim Şevçenkonun Rüstəm İbrahimbəyovla müsahibəsinin ikinci hissəsi məhz belə adlanır. Və təbii ki, söhbətin ən qabarıq mətləbi Nikita Mixalkov- Rüstəm İbrahimbəyov tandemidir.
R.İbrahimbəyov: “Bizim Nikitayla yaradıcı əməkdaşlığımızdan üç tammetrajlı – “Günəşdən usanmışlar”, “Urqa – məhəbbət ərazisi”, “Sibir bərbəri” və iki qısametrajlı – “Avtostop”, “Müharibənin sonunda sakit gün” filmləri yaranıb. Nikitayla tanışlığımıza səbəb Andron Konçalovski oldu, “Səhranın bəyaz günəşi” filmini o çəkməliydi. Amma bir gün mənimlə və Valentin Yejovla görüşüb bildirdi ki, uşaqlar, siz əlbəttə istedadlısız, amma Turgenev daha istedadlıdı və mənə “Zadəgan yuvası”nı çəkməyi təklif ediblər. Beləliklə, biz yeni quruluşçu rejissor axtarmağa başladıq”.
R.İbrahimbəyov nəql edir ki, elə həmin zaman kəsiyində “Mən Moskva ilə addımlayıram” filmindən sonra çox populyar və çox sevilən Nikita Mixalkovla tanış olublar və N.Mixalkov R.İbrahimbəyovdan onun üçün ssenari yazmağı xahiş edib. Beləliklə, “Günəşdən usanmışlar” üfüqdə görünməyə başlayıb.
R.İbrahimbəyov: “…Nikita ssenarinin yazılmasında fəal iştirak edirdi. Xüsusilə hərb səhnələrinin… Biz ssenari üzərində bərabərhüquqlu şəkildə işləyirdik”.
R. ibrahimbəyov N.Mixalkovun müəlliflik inkişafına təsirinin olduğunu qeyd edir… O mənada ki, onun filmlərindəki əsas mövzu olan Rusiya amilinə hərtərəfli yanaşmalı olduğunu xatırladıb. Bu isə öz növbəsində “Sibir bərbəri”, «Günəşdən usanmşlar” ekran əsərlərini ərsəyə gətirib.
R.İbrahimbəyov: “Biz hər dəfə həmmüəllif olaraq işləyirdik. Nikita epizodun böyük ustasıdı… Həm də yazmağa çox həvəslidi – mən 5 səhifə epizod yazırdımsa o 20 səhifə yazırdı. Epizodlarımızı ümumi süjetdə birləşdirəndə xeyli ixtisarlar edirdim və Nikitaya bildirirdim ki, bunların kağızda olması vacib deyil, çəkilişlər başlayanda ekranda canlandıra bilər. Bir-birimizi çox yaxşı anlayırdıq”.
R.İbrahimbəyov vurğulayır ki, istedadlı və bacarıqlı kino xadimi ilə əməkdaşlıqdan peşəkar zövq aldığı vaxt keçmiş SSRİ-nin dağıldığı ağır keçid dövrünə təsadüf etdiyi üçün həmkarları öz peşələrindən başqa bir çox digər işlərlə məşğul olurdular ki, çörəkpulu qazansınlar. Və elə bir vaxtda öz peşəsi ilə məşğul olmağı davam etdirmək imkanını ona verdiyinə görə Nikita Mixalkova hər zaman minnətdardır…
Yeni rejissorunu gözləyən “Səhranın bəyaz günəşi” ekran əsəri ilə bağlı söhbətlə başlayan müsahibə bu məqamın incələnməsiylə davam edir.
R.İbrahimbəyov: “… “Səhranın bəyaz günəşi”ndəki ümumxalq sitatlarına çevrilmiş ifadələr kollektiv şəkildə yaranıb. Filmin yeni quruluşçu rejissoru Vladimir Motılın yozumunda hərəmxana, gömrük rəisi detalları var idi və bu obrazı Nikolay Qubenko oynamalı idi. Ssenarini yazmağa başlayanda Valentin Yejova məsləhət görübmüşlər ki, işə Şərq aləminə bələd olan bir adam da cəlb olunsa yaxşıdır və ağıllarına mən gəlirəm… Baxmayaraq ki, o vaxta qədər Orta Asiyada olmamışdım, amma vəziyyətdən çıxmaq lazım idi. Motıl ssenariyə rəvayət tərzi gətirdi. Daha doğrusu, ssenaridə əvvəldən olan bu tərzi gücləndirdi. Suxov təkcə bacarıqlı döyüşçü kimi deyil, həm də əsl insan kimi canlandırılmalıydı”.
Suxov soyadının heç də təsadüfən seçilmədiyini qeyd edən R. İbrahimbəyov bu seçimin Andrey Platonovun “Mübhəm adam” əsərindəki dövrün keşməkeşlərinə baxmayaraq, insanlığını qoruyub-saxlamağı bacaran Puxov soyadlı personajdan qaynaqlandığını açıqlayır.
R.İbrahimbəyov: “Eləcə də Suxov inqilaba, müharibəyə baxmayaraq, vicdanlı və xeyirxah insan kimi qalmağı bacarır.
Filmin adı əvvəl “Hərəmxananı xilas etmək” idi. Maskakov filmə baxanda həm “Səhranın bəyaz günəşi” adını məsləhət gördü, həm də dedi ki, bir çox məqamları çox birbaşa işləmisiz, Şərq isə incə yanaşmanı sevir. Bu ifadəni filmə daxil etməyə bilməzdik.
Motıl şərq miniatürlərindən bəhrələnərək süjetə gözəl təsviri silsilə verdi. Amma bir qisim gözəllikləri də dağıtdı. Buna görə mübahisələrimiz olurdu. Motıl əlbəttə istedadlı və bacarıqlı rejissordu. Amma filmi elə çəkmişdi ki, zaman axarı duyulmurdu; sanki bütün hadisələr bir neçə saat ərzində baş verir. Buna görə də Suxovun həyat yoldaşına məktublar yazması “priyom”unu daxil etməli olduq. Məktubların süjetdəki yerini və məzmunlarını Motılla müəyyənləşdirəndən sonra o dedi ki, etiraz etmirəmsə, məktubları yazmağı onun dostu Mark Zaxarova həvalə edək. Təbii ki, etiraz etmədim və Mark Zaxarov inqilaba qədər Rusiyada mövcud olmuş “Məktublar kitabı”nın leksikonundan istifadə edərək Suxovun həyat yoldaşına ünvanladığı məktubları yazdı və bu məktublarla bağlı epizodlar filmin yaddaqalan hissələri oldu”.
R. İbrahimbəyov bu filmi şedevr hesab etmədiyini, bir ekran əsəri olaraq heç vaxt müstəsna müasirliyə iddialı olmadığını, Gerasimov, Ryazanov, Smirnov kimi kino xadimləri və “Qoskino” tərəfindən alqışlanmadığını, lakin son dərəcə səliqəli və keyfiyyətli film olduğuna görə bu günədək tamaşaçılar tərəfindən sevildiyini deyir.
Müsahibə ilə burdan tanış ola bilərsiniz.
Hazırladı: Samirə MƏMMƏDLİ